Kəlbəcərin işğalı
Kəlbəcərin işğalı.
1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdı. BMT Təhlükəsizlik Şurasının 30 aprel1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edildi. Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdırılaraq strateji nöqtələri götürüldü və Ermənistan ordusunun hərəkətləri iflic vəziyyətə salındı. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub.
Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı- Əvəz Soltanov
Bölgənin tarixi əhəmiyyəti, arxeoloji faktlar
“Kəlbəcər” toponiminin mənşəyi qədim Türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilir) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” mənasını verir. Yaşayış məntəqəsinin terləşdiyi qaydada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim Türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər. Vətənimizin dilbər guşəsi olan Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Arxeoloji-elmi faktlarla sübut olunmuşdur ki, bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Dördüncü geoloji dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Eyni zamanda rayon ərazisində olan mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insanın ilk əmək alətləri məhz bu ərazilərdə yaradılıb. Rayonun cağrafi mövqeyi, təbii şəraiti ibtidai insanların burada yaşamasını zəruri edirdi. Təbii mağaralarda özlərini vəhşi heyvanlardan, təbii fəlakətlərdən asanlıqla müdafiə etməyi bacaran ibtidai insanlar bu ərazilərin zəngin flora və faunasına görə qida çatışmazlığı yaşamırdılar. Cəm şəkildə ov edən ibtidai insanlar üçün Kəlbəcər ərazisində olan sıldırım dağlar maral kimi böyük heyvanları ovlamağa imkan verirdi. Eyni zamanda Kəlbəcərdə 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim Türk əlifbası nümunələri aşkar edilib. Kəlbəcər antik dövrün abidəsi kimi də maraqlı ərazidir. Rayonun “Qaragöl”, və “Zalxa gölləri” sahillərində , “Ayıçınqıllı” və “Pəriçınqıllı” dağlarında qayalara həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə başlanılıb. 1976-ci ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Burada diametri təqribən 20 metr olan dairəvi tikili qalığı üzə çıxarılıb. Mürəkkəb quruluşlu bu tikilinin divarları (qalınlığı 2 metrə qədər) qaya parçalarından və çay daşlarından hörüldüyü bir daha bizə əsas verir ki, buranın ilk insan məskəni olmasını vurğulayaq. O böyüklükdə qaya parçalarını sonrakı nəsillər yerindən tərpədə bilməzdiləq. Eyni zamanda həmin yaşayış yerindən o dövrə aid , yəni b. e. ə. III minilliyə dair gil qab qırıqları, dən daşları, dəvəgözü və çaxmaqdaşından hazırlanmış bıçaqlar, ox ucluqları və digər tarixi əhəmiyyəti olan nümunələr tapılmışdır. Kəlbəcər ərazisində olan bəzi daş abidələr Şimali Azərbaycanda erkən dövr atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Azərbaycanın qədim diyarı olan Kəlbəcər rayonu ərazisindəki tarixi abidələrin çoxu erməni quldurları tərəfindən dağıdılmış, talan olunmuş, saxtalaşdırılmışdır. Uzun illər düşmən tapdağında qalan rayon Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun gücü, xalqımızın birliyi sayəsində məğlub olan düşmənin kapitulyasiya etməsi ilə öz azadlığına qovuşdu. Bu gün Kəlbəcərə yenidən həyaq, işıq qayıtmışdır. Rayonun hər yerində tikinti-quruculuq işləri geniş vüsət almışdır. Soydaşlarımızın əzəli yurd yeri olan və əbədi olaraq bizə məxsus olan Kəlbəcər erməni quldurlarının vurduğu yaraları sağaldaraq, qoyub getdikləri xarabalıqları aradan qaldıraraq tezliklə bütün dünyanın gözü qarşısında öz gözəlliyini, füsunkarlığını bərpa edəcəkdir.
Əlvənd kənd H. Zərdabi adına tam orta məktəbin direktoru E. Xəlilov