Biz 44 gün ərzində ancaq irəli gedirdik, bir gün belə geri addım atmadıq
Biz 44 gün ərzində ancaq irəli gedirdik, bir gün belə geri addım atmadıq
Vətən müharibəsi dövründə mənfur düşməndən fərqli olaraq, Azərbaycan Ordusunda bir nəfər belə fərari olmadı. Əksinə xalqımızın hər bir vətəndaşı müharibədə iştirak etmək, düşmənin layiqli cavabını vermək üçün can atırdı. Azərbaycan xalqı bu savaşda öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu sübuta yetirdi. Hərbi əməliyyatların aparılmasında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müntəzəm olaraq çatdırdığı qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texnikası barədə məlumatları ölkəmizin hər bir vətəndaşında qürur, fərəh hissi doğururdu, xalqın dövlətimizin başçısına, rəşadətli ordumuza inamını gücləndirirdi.
Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır. Bu zəfərlə biz Ermənistanın 20 faiz ərazilərimizin 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi tarix yazdıq. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. Xalq öz Liderinə ürəkdən inandı və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc