“Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir”
“Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir”
Ümummilli Lider Heydər Əliyev hər bir sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığı kimi gənclər sahəsinə də, gənclərin parlaq gələcəyi naminə onlara xüsusi diqqət, qayğı ilə yanaşıb. Gənclərlə bağlı bu siyasət bu gün ölkə başçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan gəncliyi deyəndə, bunu Ulu Öndər Heydər Əliyevsiz təsəvvür etmək olmaz. İstər SSSR-i tarixində olsun, istərsə də müstəqillik dönəmində Azərbaycan gəncliyinin uğurları, nailiyyətləri yalnız və yalnız Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun hakimiyyətə gəlişindən etibarən Azərbaycan gəncliyinə gənclik duyğuları qayıtdı və gənclərimiz bütün dünyada öz sözünü deməyi bacardı. Ulu Öndər hakimiyyətə gəldiyi zamandan etibarən Azərbaycan gəncliyinin gələcəyini düşündü. Ümummilli Lider düşünürdü ki, Azərbaycanın parlaq gələcəyi yalnız savadlı, bilikli, intelektual qabiliyyəti yüksək olan gənclərdən ibarətdir. Bildiyimiz kimi, SSRİ dönəmində hələ Ulu Öndər hakimiyyətə gəlməzdən öncə Azərbaycan gəncləri heç bir perspektivli vəzifələrdə, işlərdə, sahələrdə təmsil olunmurdular. Lakin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gələndən sonra yürütdüyü gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi öz parlaq, uğurlu dönəmini yaşamağa başladı.
Bu gün ölkəmizdə hər bir sahədə-hərbi, təhsil, siyasi, iqtisadi və digər bütün sahələrdə təmsil olunan gənclərin, onların qazandığı uğurların, nailiyyətlərin hamısı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Ulu Öndər ölkəmizdə hər bir sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığı kimi gənclərlə bağlı məsələlərə də xüsusi önəm verir və bu sahəyə xüsusi diqqətlə, qayğıyla yanaşırdı. Onun gəncliyə verdiyi qiyməti dünya ölkələrinin heç birində heç bir dövlət başçısı öz ölkəsinin gəncliyinə belə qiymət verməyib. Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi deyərkən sadaladığımız bütün faktlar göz önündə durur.
Ümummilli Lider Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğı bu gün də ən yüksək səviyyədə Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən aparılır. Ölkə Prezidenti hər zaman gəncləri maraqlandıran, onları narahat edən problemlərlə maraqlanır, görüşlər keçirir və bu istiqamətdə öz tövsiyyə və tapşırıqlarını verir. Hər zaman olduğu kimi, bu gün də gənclərə diqqət və qayğı cənab Prezidentin nəzarətindədir. Təbii ki, buna görə də, Azərbaycan gəncləri dahi şəxsiyyət Heydər Əliyevin düzgün qurduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkənin dinamik inkişafının davamlılığını təmin etmək üçün üzərilərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirməyə çalışırlar. Cənab Prezidentin gənclərlə bağlı yürütdüyü siyasət Ulu Öndərin bu sahədə yürütdüyü siyasətin davamı olaraq, bu gün Azərbaycan gənclərinin dünya miqyasında ölkəmiz üçün parlaq uğurlar qazanmasının təminatı və nəticəsidir. Qeyd edim ki, Ulu Öndərin hakimiyyəti zamanı olduğu kimi, bu gün də cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşən gənclər çox böyük uğurlar qazanırlar.
Bilirik ki, Ümummilli Lider Azərbaycanın ən kasıb, geridə qalmış bir dönəmində hakimiyyətə gələrək, bu ölkənin hər sahəsini sürətlə inkişaf etdirdi. Şübhəsiz ki, bu inkişafın hər birinin elmi əsası var. Həmçinin, Ulu Öndər Heydər Əliyevin gənclərlə iş siyasəti də elmi əsaslara söykənirdi. Ulu Öndərin hakimiyyəti dönəmində gənclərlə bağlı çox möhtəşəm tədbirlər həyata keçirildi. Əgər Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqil Azərbaycana rəhbərliyi dövründə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü. Müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu Öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı Sərəncamla 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi idi. Gənclər gününün təsis edilməsi və Gənclər və İdman Nazirliyinin təsis edilməsi ilə Ulu Öndərin bu sahəyə diqqət və qayğısı bir daha sübut olundu. Ümumiyyətlə, gənclərimizin qazandığı bütün uğurlar Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Ümummilli Lider daim Azərbaycan gəncliyinə diqqət və qayğı ilə yanaşmış, onların mükəmməl təhsil almaları, həyatı dərindən öyrənmələri, dünyada gedən prosesləri bilmələri üçün ciddi səylər göstərmişdir. Qeyd edək ki, Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti, Azərbaycan xalqının bütün təbəqələrində olduğu kimi, gənclərində həyatında xüsusi yer tutub və Ulu Öndər xalqımızın qəlbində daima yaşayacaq. Ölkənin uğurlu gələcəyi üçün Azərbaycan gəncləri Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək, Ümummilli Lider Heydər Əliyev siyasətinə dəstək olurlar. Azərbaycanın bugünkü uğurları sırasında gənclərə yaradılan şərait xüsusi olaraq göz önündədir. Gənclər bu şəraitdən səmərəli istifadə edərək öz potensiallarını nümayiş etdirirlər.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz Namazova
“Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır.”
Dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətdə islahatları hərəkətə gətirən zümrə hesab olunur, Gənclər cəmiyyətin dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla da əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur. Hər hansı bir xalq kimi Azərbaycan xalqı üçün də mühüm tarixi nailiyyət olan dövlət müstəqilliyinin qazanılmasından böyük hadisə yoxdur. Müstəqil dövlətçilik çoxəsrlik Azərbaycan tarixinin ən böyük hadisəsidir. XX əsrin əvvəllərində Azərbaycanda qazanılmış birinci dövlət müstəqilliyi bütün türk-müsəlman dünyasının tarixində dönüş mərhələsi yaratmışdı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli istiqlalının acı taleyi müstəqilliyin qorunub saxlanması və möhkəmləndirilməsinin onu qazanmaqdan da zəruri olması faktını meydana qoymuşdu. Ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun gələcəyimizə – Azərbaycan gəncliyinə verdiyi töhfələrdir. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin böyük səyi olmuşdur. Ulu Öndər Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüş, 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Forumda Ulu Öndər Heydər Əliyev şəxsən iştirak etmişdir. 1 fevral 1997-ci il tarixdə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ümummilli lider Heydər Əliyev “2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Məhz Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər Günü qeyd olunandan sonra digər MDB və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada isə yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib. Bu fakt da Heydər Əliyevin gənclər siyasətinin unikallığının və uzaqgörənliyinin göstəricilərindəndir.1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan “Dövlət Gənclər Siyasəti haqqında” fərmanın qəbulu, 1996, 1999 və 2003-cü illərdə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin forumlarının keçirilməsi, bura xaricdə yaşayan həmvətənlərimizin də dəvət olunması, Ulu öndərin dərin məzmunlu nitqləri gəncliyini həyatında mühüm siyasi dönüş yaratdı O, dövlətin beynəlxalq arenada çəkisinin artmasında dərin elmi biliyə və müxtəlif ixtisaslara yiyələnmiş peşəkar kadrların vacib olduğunu daim diqqət mərkəzinə çatdırırdı. 1995-ci ildə yaranmış Gənclər Təşkilatlarının Milli Şurası 2000-ci ilin aprel ayında Avropa qitəsində ən nüfuzlu qeyri-hökumət təşkilatı olan Avropa Gənclər Forumuna tamhüquqlu, 2002-ci ilin yanvar ayında isə BMT-nin İqtisadi və Sosial Şurasına müşahidəçi üzv seçildi. Ulu öndər Heydər Əliyev yeni nəslin dövlətçiliyimizin milli-mənəvi dəyərlərinə layiq tərbiyələnməsi və təhsil alması üçün elmi və mənəvi sferada islahatların həyata keçirilməsinə rəhbərlik edirdi. Keçid dövrünün çətinlikləri ilə mübarizə şəraitində məhz gəncliyin mənəvi yetkinlik qaynağı olan Azərbaycançılıq ideologiyası düşüncələrə hakim kəsildi. Gənclərin hərtərəfli inkişafını təmin etmək, onların problemlərinin həlli, hüquqlarının müdafiəsi sahəsində daha ciddi tədbirlər görmək, həyata keçiriləcək gənclər siyasətini tənzimləmək məqsədilə hazırlanmış “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il 6 may tarixli Fərmanla qüvvəyə mindi. Bütün bu faktlar bizə deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev yalnız dövlətçiliyimizin, müstəqilliyimizin qurucusu deyil, eyni zamanda, gənclər siyasətinin yeni forma və çalarlarla zənginləşməsinin, gənclərin inkişafı və onların potensialından cəmiyyətin inkişafı üçün istifadə edilməsində özünü göstərən elmi, mənəvi əsaslara dayanan gənclər siyasətinin də qurucusudur. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı-Tavad Qurbanova