Layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi
Görülən işə gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verilməlidir.
Sosial-iqtisadi inkişafa dair “Milli Prioritetlər”də və bir sıra mühüm sənədlərdə respublikamızda dayanıqlı inkişaf edən rəqabət qabiliyyətli iqtisadiyyatın yaradılması, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulması, ölkəmizin rəqabət qabiliyyətli insan kapitalı və müasir innovasiyalar məkanına çevrilməsi, həmçinin işğaldan azad olunan ərazilərə qayıdışın və təmiz ətraf mühitin gerçəkləşdirilməsi istiqamətləri xüsusi yer alıb.
Sovet imperiyasının süqutundan sonra müstəqilliyinə qovuşmuş, iqtisadiyyatı iflic olmuş, daxili sabitliyi pozulmuş bir ölkə çıxış yolu axtarmalı və tapmalı idi. Onda Azərbaycan gənc və müstəqil dövlət kimi olduqca ağır çağırışlarla üz-üzə qalmışdı. Ölkədə kütləvi işsizlik hökm sürür, yoxsulluq dərəcəsi günbəgün artırdı. Məhz belə ağır vəziyyətdə Azərbaycana xarici sərmayəni cəlb etmək, doğrudan da, böyük səriştə, uzaqgörənlik tələb edirdi. Beynəlxalq arenada böyük siyasi çəkiyə malik Ulu Öndər Heydər Əliyev bu çağırışlara cavab verdi. Həmin keşməkeşli dövrdə neft strategiyası yeganə çıxış yolu oldu. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nın imzalanması bütün sahələrdə dönüş yaratdı. Dünyanın aparıcı şirkətləri ilə imzalanmış bu müqavilə Azərbaycan üçün ağır durumdan qurtuluş yolu oldu. Bundan sonra ölkəmiz dünyada tanındı, neft-qaz sektorumuza nüfuzlu şirkətlərin marağı artdı və bu maraq əməli işlərə, müsbət nəticələrə gətirib çıxardı. Amma “Əsrin müqaviləsi” üzrə işlər heç də hamar getmirdi. Kənar təzyiqlərə baxmayaraq, xarici oyunçuların dəstəklədiyi güclü regional əməkdaşlıq, Azərbaycan və Gürcüstan liderlərinin siyasi iradəsi sayəsində 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan neft kəmərinin açılışı gerçəkləşdi. Artıq respublikamız tərəqqi yoluna qədəm qoymuşdu.
2017-ci il noyabrın 8-də Prezident İlham Əliyevin Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışında dediyi sözlər özündə tam reallığı əks etdirirdi: “Əsrin müqaviləsi”nın nəticələri sadəcə olaraq Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var. Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu, dünya miqyasında xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün bizim müstəqil ölkə kimi yaşamağımızda, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır. Bunu hər kəs bilməlidir”.
Azərbaycan iqtisadi müstəqilliyini özü təmin edib. Bu gün ölkəmiz istər regional, istərsə də beynəlxalq platformalarda özünün müstəqil və prinsipial mövqeyini sərbəst şəkildə ifadə edir. Sirr deyil ki, məhz iqtisadi müstəqillik siyasətində qazandığımız uğurlar Vətənimizi dünya çapında tanınan söz sahibinə çevirib.
Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edən Azərbaycan qazıntı yanacağından istifadə etməklə yanaşı, yaşıl enerji kimi vacib məsələyə daim xüsusi əhəmiyyət verib. Bu günlərdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurasına üzv ölkələrin nazirlərinin 2-ci iclaslarının Bakıda keçirilməsi ölkəmizin mövcud sahəyə diqqətinin göstəricisidir. Azərbaycan artıq postneft erasının çağırışlarına səs verməkdədir. Bunlar təbiətin mühafizəsi, dünyada gedən iqlim dəyişikliklərinə dair qlobal təşəbbüslərinin prioritet götürülməsi, yaşıl enerjiyə keçid kimi məsələlərdir.
Bir sözlə, Azərbaycanın daxili planında “yaşıl enerji”nin inkişafı, Qarabağın “təmiz” enerjiyə çevrilməsi, beynəlxalq səviyyədə isə “təmiz elektrik enerjisi”nin yeni enerji körpüləri vasitəsilə Avropaya ixracı əsas yer tutur.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova
Layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi.
XXI əsr müxtəlif siyasi və iqtisadi hadisələrin zamanı kimi tarixləşməkdədir. Bu sıradan Cənub Qaz Dəhlizi də, Yaşıl Enerji amili də əhəmiyyətlidir. Azərbaycan bu məsələlərə özəl siyasi dəstəyi ilə tanınır. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda müxtəlif miqyaslı toplantılar keçirilir, müzakirələr aparılır. Mart ayının 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibə də bu məsələlərə, bu məsələlərlə bağlı müəyyən məqamlara aydınlıq gətirdi. Müsahibənin ümumi ahəngi Azərbaycanın istər siyasi, istərsə də iqtisadi qüdrətinin təsdiqi kimi dinlənildi: “Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Hər layihə ikitərəfli, çoxtərəfli olur. Bu layihələr müxtəlif dövlətlərin iştirakı ilə gerçəkləşə bilərdi. Azərbaycan Respublikasının Prezidenti müsahibəsində qeyd etdi ki, “Layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq”.
Bu layihə getdikcə daha çox ölkələri əhatə edir. Hazırda Azərbaycanın təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorları vardır. Layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişib. Prezidentin də bildirdiyi kimi on il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.
Müsahibədə bu il noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri ilə bağlı sual da cavablandırıldı. Qeyd edildi ki, COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.
Dünyada yanacaq problemi var. Bu problem qarşılıqlı iqtisadi əməkdaşlıqla aradan qaldırıla bilər. Bu baxımdan Azərbaycan dünyanın maraq dairəsində olan dövlətlər sırasındadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibə iqtisadi əməkdaşlığı əhatələyən beynəlxalq münasibətlər baxımından tarixi müsahibə kimi izlənilir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova
Layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir.
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın əhəmiyyətli rolu var. Regionun əsas infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizi bu baxımdan Azərbaycan üçün çox böyük iqtisadi və siyasi üstünlük gətirib. Hərçənd on il öncə bir çoxları üçün bu layihə xəyal kimi görünürdü və həyata keçilməsində şübhələri var idi. Lakin Azərbaycan dövləti bu layihənin də reallaşmasında öz gücünü ortaya qoydu. Bu layihə vasitəsi ilə Azərbaycanın Avropaya kommersiya məqsədli qazının nəqli mühüm tarixi hadisədir. Cənub Qaz Dəhlizi Azərbaycanın qaz ixracı baxımından meqa layihə hesab edilir. Azərbaycan bu mürəkkəb layihəni uğurla icra etməyi bacardı. Çünki eyni vaxtda Azərbaycanda, Gürcüstanda və Türkiyədə Cənub Qaz Dəhlizinin seqmentləri əlaqələndirililib və həmçinin istismara verilib. Bütün bu işlər daha aşağı xərclə edilib. Cənab Prezidentin dediyi kimi, uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır: “Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var”.
Cənub Qaz Dəhlizinin seqmentləri üzrə işlər qrafikə uyğun şəkildə icra edilib. Hazırda layihənin reallaşması TANAP vasitəsilə həyata keçirlir. Prezident İlham Əliyevin fikrincə, Layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. “On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir”,- deyə dövlətimizin başçısı əlavə edib. Bildiyimiz kimi, Cənub Qaz Dəhlizinin əsas məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi zamanı hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
Artıq Azərbaycan Avropada, ümumiyyətlə, dünyada qaz ixrac edən ölkə olaraq tanınır. Bu gün Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsi ilə bir sıra Avropa Birliyi ölkələrini qazla təmin etməsi dövlətimizin iqtisadi potensialının əsas göstəricisidir. Bununla Avropa ölkələri alternativ təchizat mənbələrini əldə etmək imkanı qazanmış olurlar.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova
Azərbaycan və Albaniya iki dost ölkədir.
Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. Albaniya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək qarşılıqlı olub. Həm işğal, həm də İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstək yüksək qiymətə layiqdir. Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. 2022-ci ilin noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasına səfər edib. Bu səfər Prezident İlham Əliyevin Albaniyaya ilk səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. 2016-2019-cu illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı forumlarına bir qayda olaraq Albaniya Respublikasının Prezidenti, həmçinin Mərkəzin fəaliyyətində fəal iştirak edən keçmiş prezidentləri qatılıblar.
2022-ci il aprelin 14-də Azərbaycana rəsmi səfər edən Albaniyanın Baş naziri Edi Rama Bakıda olarkən deyib: “Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək”. Baş nazir, həmçinin əlavə edib: “Biz sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq”.
Həm Albaniya, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. 2022-ci ilin yanvar-sentyabr aylarında Albaniya Azərbaycanın 86-cı xarici ticarət tərəfdaşı olub. Azərbaycanda tikinti və xidmət sahələrində fəaliyyət göstərən 3 Albaniya investisiyalı şirkət qeydiyyatdan keçib.
2019-cu il noyabrın 26-da Albaniyada baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan tərəfindən humanitar yardım olaraq 500 min avro ayrılıb.
Həmçinin 2013-cü il aprelində Bakıda iki ölkə arasında “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb. Enerji sahəsində əməkdaşlıq da əlaqələrimizin əsas istiqamətidir. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edib. Eyni zamanda, Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır.
Prezidentin cənab ilham Əliyevin Albaniya respublikasına reallaşdırdığı dövlət səfəri hər iki dövlətin qarşılıqlı münasibətlərinin inkişaf etdirilməsi istiqamətində daha müfəssəl addımların atılmasını təmin etmək məqsədi daşıyırdı. Xatırladaq ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən, Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biri olduğu dəfələrlə vurğulanıb. İndiyədək Azərbaycan və Albaniya arasında 8 sənəd imzalanıb.
Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov
Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir.
Azərbaycan qədim neft diyarı olaraq artıq dünyada özünü qaz hasilatçısı və ixracatçısı kimi də təsdiq edib. Azərbaycanda neftçıxarmanın tarixi çox qədimdir. Dövlətimizin uğurlu enerji siyasəti Azərbaycanı regionda böyük enerji mərkəzinə çevirib. Zəngin enerji resurslarına malik olan Azərbaycan özünü bütün dünyada həm də mavi yanacaq ölkəsi kimi təsdiqləməkdədir. Respublikamız “Şahdəniz” yatağının işlənməsinin uğurla davam etdirilməsi, 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi sayəsində Avropanın mühüm qaz təchizatçılarından birinə çevrilərək “Qoca qitə”nin yeni enerji xəritəsini formalaşdırır. “Cənub qaz dəhlizi” layihəsinin təşəbbüskarı və aparıcı qüvvəsi məhz Azərbaycandır. Bu, Azərbaycanın tarixi nailiyyətidir. Bir çox ölkələri birləşdirən bu layihə gələcəkdə o ölkələr və digər Avrasiya ölkələri arasında yeni əməkdaşlıq formatının təməlini qoyur. Bu əməkdaşlıq formatı bu gün artıq özünü nəqliyyat sektorunda, ticarət sektorunda göstərir, ondan sonra digər sektorlarda göstərəcək. Zəngin ehtiyatlara və müasir nəql şəbəkəsinə malik olan, daim ədalətli enerji siyasəti həyata keçirən Azərbaycan Avropanın artan ehtiyacını müəyyən həcmlərdə qarşılamağa hazır və qadir ölkədir. Azərbaycanın enerji strategiyası bütövlükdə uğurla icra edilir. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumuna görə, ölkəmiz 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq statistik rəqəmlər onu göstərir ki, inamla bu hədəfə doğru gedirik.
Azərbaycanın enerji strategiyası uğurla icra edilir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir.
Ümumilikdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri göz önündədir. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır.
Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşı Mayisə Babayeva
Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib.
Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə etməsi ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrasında özünün aydın ifadəsini tapır. Regional çərçivədə başlanan əməkdaşlıq zaman keçdikcə beynəlxalq miqyas aldı. Bu, ölkəmizin etibarlı və arzuolunan tərəfdaş kimi mövqeyinin möhkəmlənməsindən irəli gəlir. Azərbaycanın yeni neft strategiyasının müəllifi, Ümummilli Lider Heydər Əliyev dünya təcrübəsinə əsasən bu fikri xüsusi qeyd etmişdir ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Ulu Öndər, eyni zamanda, bu tezisi də irəli sürmüşdür ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.
Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə və gələcəyə xidmət edən mühüm addımlarındandır. Belə ki, 1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirdikdə ölkəmizin uğurla həyata keçirilən enerji layihələrində önəmini aydın şəkildə görmək mümkündür.
2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizi layihəsinin təməli qoyuldu. Həmin mərasimdə cənab İlham Əliyev bu mühüm addımı görülən işlərin zirvəsi kimi dəyərləndirdi. Təbii ki, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrilməsəydi, bu gün Cənub Qaz Dəhlizindən danışmaq mümkün deyildi. Azərbaycanın hər layihəni uğurlu sonluqla başa çatdırması ölkəmizin malik olduğu potensialın təqdimatında əhəmiyyətli rol oynayır. Keçirilən Neft-Qaz Sərgiləri, enerji samitləri, həmçinin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində 2015-ci ildən etibarən hər il ənənəvi olaraq baş tutan nazirlərin toplantısı ölkəmizin enerji sektorunda əldə etdiyi uğurların geniş təhlilinə imkanlar yaradır. Toplantılar çərçivəsində dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər bir daha Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan roluna aydınlıq gətirir.
Bu gün dünya ölkələri bu istiqamətdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
Təsadüfi deyil ki, Avropa ölkələrindən altısı artıq Azərbaycandan qaz alır. Yaxın gələcəkdə bu ölkələrin sayının artacağı da gözlənilir. Bu istiqamətdə danışıqlar aparılır.
Prezident cənab İlham Əliyev cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı bu məsələnin vacibliyini xüsusi olaraq vurğulayıb.
Bu gün Azərbaycan enerji potensialını düzgün qiymətləndirərək çoxşaxəli enerji siyasəti ilə regional və qlobal əhəmiyyətli aktora çevrilib. Həmçinin Azərbaycan durmadan artan iqtisadi qüdrəti, regionda lider dövlət statusuna sahib olması, beynəlxalq təşəbbüsləri, reallaşdırdığı faydalı layihələr onun beynəlxalq nüfuzunu xeyli artırıb.
Artıq beynəlxalq aləm bu gün dərindən anlayır ki, Azərbaycan dünya üçün nə qədər əhəmiyyətli və potensialı yüksək olan ölkədir. Əsasən neft-qaz mənbələrindən asılı olan Avropa regionu ölkələri enerji təhlükəsizliyi baxımından Azərbaycanla əməkdaşlığa böyük üstünlük verirlər.
Eyni zamanda qalib və güclü Azərbaycanla əməkdaşlıq etmək gələcək meqalayihələrlə bağlı təhlükəsiz mühit deməkdir. Avropa ölkələri də bunu yaxşı başa düşür və Azərbaycanı hazırkı durumda əməkdaşlıq üçün cazibədar ölkə hesab edirlər. Bu da prespektivdə Azərbaycanın Avropa regionun böyük hissəsini neft və qazla təmin edəcəyinin ismarıcıdır.
Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli
Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir.
Ölkəmizin iqtisadi-maliyyə gücünün artmasına, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsi artıq 3 ildir ki, fəaliyyətdədir. Azərbaycan dünya bazarının böyük qaz ixracatçısına çevrilib. Cənub Qaz Dəhlizi “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin 2-ci mərhələsi çərçivəsində hasil olunan Azərbaycan qazının Türkiyə və Avropa İttifaqı ölkələrinə tədarükünü nəzərdə tutur. Dəhliz, eyni zamanda Azərbaycanın digər yataqlarından gələcəkdə hasil ediləcək, eləcə də üçüncü tərəflərə məxsus təbii qaz həcmlərinin dünya bazarına çatdırılması potensialına malikdir. “Cənub qaz dəhlizi” layihəsinin təşəbbüskarı və aparıcı qüvvəsi məhz Azərbaycandır. Bu, Azərbaycanın tarixi nailiyyətidir. Bu layihə həqiqətən də uğur hekayəsidir və Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Cənub Qaz Dəhlizi boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı. “Cənub Qaz Dəhlizi”nin əsas məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
Cənub Qaz Dəhlizinin yaradılması, ilk növbədə, 2006-cı ilin sonlarında istifadəyə verilmiş Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi zərurətini yaradıb. Bu məqsədlə marşrutun Azərbaycan ərazisindən keçən hissəsində yeni boru kəməri inşa olunub. Bununla da, illik ötürmə qabiliyyəti 7,4 milyard kubmetr təşkil edən Cənubi Qafqaz Boru Kəmərinin gücü 24 milyard kubmetrə çatdırılıb. Gələcəkdə isə lazım gəldiyi təqdirdə kəmərin illik ötürmə qabiliyyəti 34 milyard kubmetrə çatdırıla bilər.
“Şahdəniz” qazını Türkiyənin dərinliklərinə nəqlini həyata keçirən TANAP-ın təməlqoyma mərasimi 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində keçirilib. Bununla da, boru kəmərinin inşasına start verilib. 12 iyun 2018-ci il tarixində isə Əskişəhərdə Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan Trans-Anadolu Boru Kəmərinin açılışı olub. Həmin ayın 30-da ilk kommersiya qazının bu kəmərlə Türkiyəyə nəqlinə başlanılıb. Noyabrın 30-da isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Uzunluğu 1850 kilometr olan TANAP-ın illik ötürmə gücü hazırda 16,2 milyard kubmetr təşkil edir. Azərbaycanın zəngin qaz ehtiyatları, eləcə də Avropada “mavi yanacağa” tələbatın artması ilə əlaqədar gələcəkdə sözügedən kəmərin illik ötürmə qabiliyyətinin 30,7 milyard kubmetrədək artırılması gözlənilir.
Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Boru Kəməri Xəzər regionunun qazını Avropaya nəql etmək məqsədilə inşa edilib. Adıçəkilən kəmərin təməlqoyma mərasimi 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçirilib və tikinti işlərinə başlanılıb. Qeyd edək ki, uzunluğu 880,8 kilometr olan kəmərin 551,5 kilometri Yunanıstan, 215,9 kilometri Albaniya, 105 kilometri Adriatik dənizi, 8,4 kilometri isə İtaliya ərazisindən keçir. Hazırda kəmərlə il ərzində 10 milyard kubmetr qaz nəql olunur. Lakin yaxın illərdə Avropaya qaz tədarükünün artması ilə əlaqədar olaraq bu həcmin 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
Uzun illərdir ki, ortalıqda yayılan və Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün “Azərbaycanda kifayət qədər qaz yoxdur” kimi bütün şayiələr bir daha onu göstərdi ki, onlar tamamilə əsassızdır və bizim potensialımızın qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün Azərbaycana qarşı yürüdülən kampaniyanın bir hissəsi idi.
Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova
“Ümid” yatağı.
Zəngin qaz ehtiyatları hesabına daxili bazarın “mavi yanacaq”la tələbatını tam ödəyən Azərbaycan bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına da mühüm töhfələr verir. Xəzər dənizinin qaz resursları isə indən belə daha 100 ilə kifayət edəcək. Hazırda ölkəmizin təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr həcmində dəyərləndirilir. Mütəxəssislər isə hesab edirlər ki, Azərbaycanın təbii qaz potensialı daha yüksəkdir. Elə Xəzərin Azərbaycan sektorundakı perspektivli strukturlar da belə qənaətə gəlməyə əsas verir. Bunu, təqribən, 10 il əvvəl istismarına başlanılmış “Ümid” yatağı da təsdiq edir.
“Ümid” perspektivli struktur kimi 1953-cü ildə Azərbaycan geoloqları tərəfindən aparılan kəşfiyyat işləri zamanı müəyyən edilib. Yataq Bakı şəhərindən 75 kilometr cənubda, Xəzər dənizi akvatoriyasında yerləşir. 1972-ci ildə bu strukturda bir qədər təkmilləşdirilmiş geofiziki işlər aparılıb. 1977–1992-ci illər ərzində isə burada 9 kəşfiyyat quyusu qazılsa da, həmin dövrün texnologiyası ilə dərində yerləşən qatların açılmasının çətinliyi səbəbindən məhsuldar layları üzə çıxarmaq mümkün olmayıb. Bu uğursuzluq mütəxəssisləri “Ümid” perspektiv strukturunda zəngin qaz ehtiyatlarının mövcudluğu ilə bağlı əvvəlki iddialarından döndərə bilməyib.
Bir neçə il bundan əvvəl isə “Ümid” yatağının tam miqyaslı işlənməsinə start verilib. Belə ki, 2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında yeni saziş imzalanıb. Sazişə əsasən, “Umid Babek Operating Company” əməliyyat şirkəti yaradılıb və öhdəliklər adıçəkilən qurumun Azərbaycan filialına verilib. Hazırda Azərbaycan Respublikasının neft-qaz sənayesində əhəmiyyətli yeri olan “Ümid-Babək” yataqlar blokunun tam miqyaslı işlənmə mərhələsi çərçivəsində “Ümid-1 stasionar dəniz özülündən hasilatın sürətləndirilməsi” layihəsi üzrə işlər davam etdirilir.
Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva
Əməkdaşlığın yeni perspektivləri.
Azərbaycanın enerjinin şaxələndirilməsi istiqamətində yürütdüyü siyasət Azərbaycanın milli təhlükəsizliyi ilə yanaşı, Avropanın enerji təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunmasına, o cümlədən Xəzər hövzəsindəki enerji resurslarının dünya bazarına çıxarılmasında çox mühüm rol oynayır.
Prezident cənab İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı bu məsələnin vacibliyini xüsusi olaraq vurğulayıb.
“Əməkdaşlığın yeni perspektivləri, enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir.
Bu gün regionun lider dövləti olan Azərbaycan dünya ölkələri üçün əməkdaşlıq baxımından ən cazibədar ölkələr sırasında ön pillələrdən birini tutur. Bu məsələdə xüsusi yerə malik olan sahə isə məhz enerji resurslarıdır ki, bu istiqamətdə Azərbaycan ən etibarlı tərəfdaş hesab olunur. Təkcə ölkəmizin enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində həyata keçirdiyi işlər Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı etibarlı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət edib və etməkdədir. Azərbaycan enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyin təmin olunması istiqamətindəki siyasətini həyata keçirərkən nə qədər çətinliklərlə üzləşsə də, bu, milli təhlükəsizlik məsələsi olduğundan yürütdüyü siyasətdə ardıcıl olub. Çətinliklərdən və yaradılan əngəllərdən geri çəkilməyib. Ortaya qoyulan qətiyyətli və cəsarətli siyasət nəticəsində bütün çətinliklər, hətta dövlətçiliyə yaradılan təhdidlər belə dəf edilib. Bunun nəticəsidir ki, Azərbaycan neft-qaz sahəsində deyil, artıq “yaşıl enerji” sahəsində də Avropanın enerji təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsi istiqamətində konkret addımlar atmaqdadır. Artıq “yaşıl enerji”nin Avropa çatdırılması məqsədi ilə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın hakimiyyət orqanları Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi üçün birgə şirkət yaratmaq imkanını nəzərdən keçirir. Bu məsələ martın 1-da Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında da müzakirə edilib və tərəflər arasında razılıq əldə edilib.
Azərbaycan zamanında qlobal geosiyasi proseslərə çevik reaksiya verib adekvat siyasət yürütməklə bu uğurlara imza atıb.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova