“Dərə xəlvət, tülkü bəy” – Aidiyyatı qurumlar hansı maraqlar naminə bunları nəzarətsiz buraxıb ? // VİDEO + FOTO
“DogruXeber.az” xəbər verir ki, Sabunçu rayon Sabunçu qəsəbə sakini Əliyeva Vüsalə Şəmsəddin qızı redaksiamıza müraciət edərək, Həsən Əliyev küçəsindəki “Bi-Es” VİP estetik mərkəzdə çalışan Günel adlı xanımın işindən narazı qaldığını, xanımın ona etdiyi prosedurların (müraciət etmə səbəbi olan) boğaz dərisindəki “venera halqaları” deyilən izləri aparmadığını, əksinə, tətbiq edilən preparatın onun səhhətində və fiziki görünüşündə daha bərbad problemlər yaratdığını bildirib.
Onun sözlərinə görə, izləri aparmaq yerinə, fiziki görünüşündə daha bərbad nəticə yaradan və eləcə də sosial şəbəkələrdə özünü “kosmetoloq” kimi təqdim – daha doğrusu reklam edən həmin Günel adlı xanım onu əmin edib ki, bu “normal haldır” və bir aydan sonra istədiyi nəticəni alacaq.
Beləliklə də, Günel xanımın bu “duzlu-istiotlu” vədinə aldanan Vüsalə Əliyeva dodaq nahiyəsində etmək istədiyi yeniliyi də Günel xanıma həvalə edib ki, elə vəd edilən o, bir ay ərzində hər iki prosedur lazımi nəticəni eyni vaxtda alsın.
Amma, deyir, “sən saydığını say, gör fələk nə sayır”…
Vüsalə Əliyeva deyir, artıq sözügedən prosedurdan aylar keçib. lakin Günel adlı xanım onun nə zənglərinə cavab verir, nə də mesajlarına. Hələ üstəlik nömrəsini də blok edib.
Görünür bu xanım Vüsalə xanım kimi müştərilərin üzərində “məşq edərək” , “kosmetoloq olmağa çalışır”. “Alınmayan sınaqlar”ın nəticəsi ilə təkrar rastlaşmamaq üçün isə nömrəsini blok edir, vəssalam…
Amma, deyəsən Günel xanım bir məqamı unudub – bir gün qanunlarla qarşılaşacağını!
Xanım qanunları hansı formada “blok” edəcəyini isə zaman göstərəcək.
Qeyd: Yeri gəlmişkən, Vüsalə Əliyevanın müraciətilə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək məqsədilə Günel xanıma zəng etdik. Elə özümüzü təqdim edib, Vüsal xanımın onun barəsində bizə müraciət etdiyini demişdik ki, xanım “nəfəs almadan” danışmağa başladı.
Gah dedi, – “O, xanım heç ödənişin hamısını ödəməyib, gətirsin ödəsin başa çatdırım”, gah dedi, “Mən daha onu heç qəbul etmərəm”, gah da dedi ki, – “Necə ki, başqasının işini bəyənməyib, gətirib mənə əritdirib, yenidən etdirmişdi, eləcə də mənim işimi bəyənmirsə getsin başqa yerdə əritdirib, təzədən düzəltdirsin”, deyib, dəstəyi asdı.
İnanın ki, ağzımızı açmağa imkan vermədi.
Bəlli ki, verəcək cavabı olmadığı üçün dayanmadan danışaraq, sual verməyimizə əngəl olmağa çalışırdı. Amma, birnəfəsə tələsik danışmağı ilə həm özünü itirdiyini büruzə verdi, həm də biri-birini tamamlamayan cümlələrlə özü haqqında əlavə şübhələr yaratmış oldu.
1. Əvvəla onu qeyd edək ki, Vüsalə xanım ona etdiyi ödəniş qəbzlərinin, bank kartına etdiyi köçürmələrin və onunla aralarında baş tutan bütün yazışmaların şəkillərini redaksiyamıza da təqdim edib. Qarşıdakı günlərdə həmin fotolar tərəfimizdən aidiyyatı qurumlara da göndəriləcəkdir.
2. Günel xanımın bu cür fəaliyyət üçün hər hansı bir tibbi təhsili, fəaliyyət göstərməsinə dair rəsmi icazəsi – yuxarıda da qeyd etdiyimiz kimi, Səhiyyə Nazirliyinin rəyi, eləcə də İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziyası varmı – yoxmu bu belə bəlli deyil, üstəlik xanım kartdan karta köçürmə üsulu ilə ödəniş alaraq, vergidən yayınır.
3. Qaldı ki, güya “başqasının işini bəyənməyib bu mərkəzə müraciət etmək” məsələsinə, xanım bunu birmənalı şəkildə rədd edir və ilk dəfə “instagram” sosial şəbəkəsində reklamını gördüyü Günel xanıma müraciət etdiyini deyir.
Ahaaa…. deyəsən, Günel xanımın “qurban” ı təkcə Vüsalə Əliyeva deyil, yoxsa niyə səhv salsın ki?!
Bundan əlavə, Vüsalə Əliyeva bildirir ki, “Bi-Es” VİP estetik mərkəzində olarkən özünü müdür köməkçisi kimi təqdim edən Ruslan adlı şəxs ona yaxınlaşıb və xahiş edib ki, “səs-küy salma, bir ay gözlə, yaxşı olmasa gəl, mən sənin ödədiyin pulu ondan alıb, özünə qaytaracam”.
Deyilən vaxt tamam olanda xanım həmin şəxsə zəng edib, verdiyi vədi xatırladıb. Bu dəfə isə bir ay əvvəl söz verən bəy məsuliyyəti üzərindən atıb. Xanım şikayətçi olacağını bildirdiyində isə, Ruslan bəy ona, “Məgər bura estetik mərkəzdir ki, buranı şikayət edəsən? Qapının çölündə elə yazı görmüsən?
Mən sadəcə yerimi arendaya verib, pulumu qazanıram.”, cavabını verib.
Diqqət!
Aşağıda təqdim etdiyimiz fotodakı sözügedən mərkəzin giriş qapısıdır.
İndi Ruslan bəyin müdirinin Günel xanım kimi icarədarları ilə icarə müqaviləsi varmı, insanların həyatının risk altında olduğu bir fəaliyyət üçün icarədarlarının aidiyyatı qurumlar tərəfindən rəsmi göstərişləri varmı, yoxdursa bəs müdür hansı əsasla onlara mərkəzdə fəaliyyət şəraiti “lütf edib”, bütün bunları aidiyyatı qurumlar özləri araşdıracaq.
P. S: Növbəti həftənin ilk iş günü redaksiyamız tərəfindən rəsmi sorğular və Vüsalə xanımın redaksiyamıza təqdim etdiyi materiallar aidiyyatı qurumlara göndəriləcək.
Mövzunu diqqətdə saxlayacağıq.
Redaksiamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az