08.09.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

QHT maarifləndirmə tədbirlərinə start verdi

QHT maarifləndirmə tədbirlərinə start verdi

“Leykozlu Uşaqlara Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə maarifləndirmə tədbirlərinə start verib.

“Regionlarda talassemiya və qohum nikahlarının səbəb  olduğu genetik xəstəliklər barədə  maarifləndirmə” adlı layihəsi ilə bağlı Şəki Dövlət Regional kollecində keçirilən tədbirdə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin uşaq hemotologiya şöbəsinin şöbə müdiri Sevil Cəlilova, Mərkəzi Qan Bankının Şəki bölməsinin rəhbəri Vüsalə İmamova, kollecin müəllim və tələbə kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə açan  “Leykozlu Uşaqlara Dəstək” ictimai birliyinin layihə rəhbəri Emin Nəbili həyata keçirilən layihənin məqsədi  ilə bağlı iştirakçılara məlumat verib. Emin Nəbili talassemiya xəstəliyinin bütün dünyada olduğu kimi respublikamızda da geniş yayıldığını, xəstəliyin qarşısının alınması üçün dövlət tərəfindən görülən tədbirlər barədə danışıb: “Ölkəmizdə müasir tələblərə cavab verən səhiyyə müəssisələri tikilib, ən müasir tibbi avadanlıqlarla təmin olunub. 2005-ci ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə talassemiya xəstələrinin müalicə və müayinəsinin aparılması məqsədi ilə “Talassemiyasız həyat naminə” layihəsinə start verildi. Layihə çərçivəsində 2009-cu ildə Bakıda müasir avadanlıqlarla təhciz olunmuş Talassemiya Mərkəzi tikilib istifadəyə verildi. Artıq bu Mərkəzdə talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyası uğurla həyata keçirilir”.

Tədbirdə çıxış edən Milli Hematologiya və Transfuziologiya Mərkəzinin uşaq hemotologiya şöbəsinin müdiri Sevil Cəlilova bir çox ölkələr kimi Azərbaycanın da talassemiya xəstəliyi üçün endemik ölkə hesab olunduğunu bildirib: “Belə ki, Şəki, Qəbələ, Göyçay, Aağdaş kimi rayonlarda talassemiya xəstəliyi çox geniş yayılıb. Məhz talassemiya xəstəliyinin endemikliyi nəzərə alınaraq 2015-ci ildən nikaha daxil olan cütlüklərin nigah öncəsi tibbi müayinəsi aparılmağa başlanılıb. Bununla da dünyaya gələcək talassemiyalı uşağın qarşısını almaq mümkündür”.

Sevil Cəlilova bu xəstəliyə səbəb olan  mühüm faktın Azərbaycanda qohum evliliyin olduğunu qeyd edib: “Qohum evlilik nəinki talassemiya həmçinin digər irsi xəstəliklərin yaranmasında mühüm rol oynayır. Talassemiyalı xəstələr tez-tez qan transfuziyası alırlar.  Aldıqlar qan kifayət qədər olmadıqda orqanlarda müxtəlif fəsadların yaranmasına səbəb olur. Talassemiyalı uşaqlar spesifik üz cizgilərinə malik olur. Talassemiyanı yoxlamaq üçün qan nümunəsi laboratoriyada müayinə edilir. Xəstənin müalicəsi üçün qırmızı qan hüceyrələrin köçürülməsi, sümük iliyin transplantasiyası, müəyyən medikamentlər və bəzən dalağın və ya öd kisəsinin götürülməsi kimi cərrahi əməliyyatı istifadə olunur”.

Digər irsi keçən qan xəstəlikləri və qan donorluğu barədə məlumat verən şöbə müdiri tədbr iştirakçılarının müxtəlif suallarını cavablandırıb.

Tədbirdə iştirak edən MQB-nin Şəki bölməsinin rəhbəri  Vüsalə İmamova qan donorluğu ilə bağlı insanların maarifləndirilməsinin zəruriliyini qeyd edib, qan donorluğu, qan donorlarının bilməli olduğu vacib məlumatları diqqətə çatdırıb: “Son illərdə təmənnasız qan verənlərin sayı artır. Qan vermək bir insanın həyatını xilas etməklə yanaşı, həm də donorun özü üçün də faydalıdır. Qan donorluğu qanın yenilənməsinə səbəb olmaqla yanaşı, orqanizmin sağlamlığına da şərait yaradır”.

Sonda Vüsalə Imamova tədbri iştirakçılarının qan donorluğu barədə suallarını cavablandırıb.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın