Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir
Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir.
Prezident cənab İlham Əliyevin bütün diplomatik addımları milli maraqlardan çıxış etməklə zərgər dəqiqliyi ilə hesablanmışdır və bir çox hallarda siyasi opponentlərin intellekti imkan vermir ki, onlara vaxtında düzgün adekvat reaksiya versinlər. Belə unikal və uzağagedən siyasi məqsəd daşıyan addımlardan birini Prezident İlham Əliyev 2011-ci ilin iyun ayında atdı. Azərbaycan Qoşulmamaq Hərəkatına üzv oldu. Bu xəbəri eşidən kimi radikal siyasi ünsürlər hay-həşir qaldırdılar ki, mövcud iqtidar Azərbaycanı Avratlantik məkana inteqrasiya xəttindən uzaqlaşdırır. Bu az qala dövlətçiliyimizin itirilməsinə bərabərdir və s. Sonralar həmin ünsürlər öz aralarında etiraf etmək məcburiyyətində qalacaqlar ki, İlham Əliyevin bu siyasi gedişinin arxasında dayanan əsl mətləbi vaxtında dərk edə bilməyiblər. Mətləb isə ondan ibarət idi ki, mahir diplomat və dövlət xadimi olan İlham Əliyev Azərbaycanın dünyanın nəhəng universal beynəlxalq təşkilatı olan BMT TŞ-ya üzv olmasını əsas siyasi hədəf kimi müəyyən etmişdi. Bu hədəf xarici siyasət fəaliyyətinin çeviklik əmsalının kəskin artımı hesabına reallaşa bilərdi. Bu halda tərkibində 193 dövlətin olduğu BMT-dən sonra sayca ikinci mövqedə dayanan Qoşulmamaq Hərəkatına (QH) (120 dövlət) üzvlük həmin məqsədin reallaşması üçün əlavə və geniş imkanlar pəncərəsi aça bilərdi. Elə belə də oldu. 2011-ci il oktyabrın 24-də BMT TŞ-ya keçirilən seçkilərdə QH üzvləri Azərbaycanın lehinə səs verdilər. Azərbaycan 155 səs ilə iki il müddətinə BMT TŞ-nın qeyri-daimi üzvü seçildi. Azərbaycan Respublikası müstəqilliyinin 20-ci ildönümündə tarixinin növbəti şanlı səhifəsini yazdı. Onun müəllifi böyük intellekt, iradə və qətiyyət sahibi olan Prezident İlham Əliyev idi.
Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda, ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan loyal münasibətin formalaşmasını şərtləndirən əsas amillərdir. Bu baxımdan 2017-ci ilin fevral ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov ilə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Cozef Danfordun, həmin ilin sentyabr ayında general Valeri Gerasimov ilə NATO Hərbi Komitəsinin rəhbəri, general Peti Pavelin, 2018-ci ilin aprel və dekabr aylarında general Gerasimov ilə NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin Baş komandanı Kertis Skaparatti, 2019-cu ilin iyul ayında Rusiyanın eyni ali hərbi rəhbərliyi ilə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters arasında və nəhayət, 2019-cu ilin noyabr ayında Rusiya müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç arasında görüşlərin Bakıda keçirilməsi təsadüfi sayılmamalıdır. Beləliklə, Bakı 6-cı dəfədir ki, Rusiya ilə Qərb arasındakı ali hərbi danışıqlara ev sahibliyi etmiş oldu. Heç şübhəsiz, bu seçim səbəbsiz deyildir. Əsas səbəb odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və qətiyyətli siyasət dünyanın əsas güc mərkəzləri tərəfindən ehtiramla qarşılanır.
Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru