19.09.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ədalətli qələbə

Ədalətli qələbə

Ədalətli qələbə.
Azərbaycanın torpaqlarını müharibə yolu ilə işğaldan azad etməsi nəinki regionda, bütün dünyada diqqətlə izlənən və qarşılanan hadisə oldu. Çünki bu hadisə ilk növbədə bir dövlətin uzun illər məruz qaldığı işğala təkbaşına son qoymasının ən mükəmməl müasir nümunəsi oldu. Bu baxımdan son onilliklərdə bəşər tarixində bir çox müharibələr baş versə də, Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsi öz inikallığı ilə fərqləndi.
Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olması bütün dünyaya, hətta erməni xalqının özünə də yaxşı məlumdur. Ermənilərin bu torpaqlara necə gəlib çıxmasını da xüsusi sübut etməyə və araşdırmağa ehtiyac yoxdur.1805-ci ilin may ayında Rusiya ilə Kürəkçay müqaviləsini azərbaycanlı İbrahim xan imzalamışdı və həmin müqavilədə ermənilər barədə heç bir şey deyilmir. O da məlumdur ki, Qarabağa ilk 200 erməni ailəsinin köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə Ağdərə rayonunun Marağa kəndində abidə qoyulmuşdu. Üzərində ermənicə “Marağa-150” yazılmış abidə 1988-ci ildə Azərbaycana ərazi iddiaları başladan ermənilərin özləri tərəfindən dağıdılıb.
Belə faktlar tarixdə kifayət qədərdir və 30 ilə yaxın idi davam edən danışıqlar prosesində regionla bağlı həqiqətləri beynəlxalq ictimaiyyət, ayrı-ayrı təşkilatlar və Minsk qrupunun həmsədrləri daha yaxından dərk etdilər.
Lakin bu müddətdə onların əksəriyyəti əsl həqiqətləri deməkdən uzaq oldu. Nəinki uzaq oldular, hətta münaqişənin hərbi yolla həllinin qeyri-mümkün olduğunu iddia etdilər. Onlar problemin ədalətli həllini, BMT-nin qətnamələrinin yerinə yetirilməsini tələb etmədilər. Görünən o idi ki, bu prosesin məqsədi əslində ədalətin bərpa olunması deyildi, çünki belə olsaydı, çoxdan Ermənistana qarşı beynəlxalq səviyyədə təzyiqlər olardı. Məqsəd zaman keçdikcə problemi xalqımıza unutdurmaq və torpaqlarımızın Ermənistana ilhaqına nail olmaq idi.
Ermənistanın daha da azğınlaşması Azərbaycana müharibədən başqa yol qoymurdu. Ona görə ötən 26 ildə Azərbaycan hərbi əməliyyatların yenidən başlanacağını heç vaxt istisna etmirdi. “Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq – həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq”, – deyə Prezident İlham Əliyev bu günlərdə xalqa müraciətində bu barədə bildirib.
Prezident İlham Əliyev müsahibələrinin birində bildirib ki, biz o vaxt müharibəni deyil, sadəcə, döyüşü uduzmuşuq. 44 günlük müharibə İlham Əliyevin haqlı olduğunu sübut etdi. Öz möhtəşəm qələbəsi ilə Azərbaycan sübut etdi ki, Ermənistanın bu müharibədə uğur qazanması mümkün deyil.
Sadəcə, zamana ehtiyac vardı və ötən hər bir il ərzində Azərbaycan gücləndi, qüdrətləndi, eyni zamanda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq hüquqla təsbit olunan haqlı mövqelərini daha da möhkəmləndirdi.

Bu baxımdan Azərbaycanın inkişafı, beynəlxalq mövqelərinin möhkəmlənməsi ilə əlamətdar olan ötən hər bir il bu qələbəni, torpaqlarımızın azadlığını daha da yaxınlaşdırdı, tarixi şəraiti yetişdirdi.
Prezident İlham Əliyev xalqa son müraciətində bu barədə deyib: “Sadəcə olaraq, mən demişdim, bir daha demək istəyirəm ki, nə vaxt nəyi etmək lazımdır, necə etmək lazımdır, hansı məqamda nəyi etmək lazımdır, hər şey gərək ölçülüb-biçilsin. Elə zərbə vurmalıyıq ki, düşmən o zərbədən ayılmasın”.
Prezident İlham Əliyevin müraciətində dediyi kimi, artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Azərbaycan öz Qələbəsi ilə bu münaqişəni həll etdi. Azərbaycan Ermənistanı kapitulyasiyaya məcbur etməklə Dağlıq Qarabağ problemini həll etdi.
Prezident İlham Əliyev həmişə qeyd edir ki, biz qəhrəman əsgər və zabitlərimizin hesabına qələbə qazanmışıq. Nə qədər müasir silahlarımız olsa da, döyüşlərin qalibləri ordumuzun şəxsi heyətidir. Bu müharibədə Azərbaycan əsgərləri rəşadətlə döyüşdü, atalarının, babalarının yolunu davam etdirərək yeni qəhrəmanlıq nümunələri yaratdı, şəhidlik zirvəsinə ucaldılar. Torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edildi.
Bu müharibədə mülki vətəndaşlarımız, qadınlar, yaşlılar, uşaqlar erməni terrorunun qurbanı oldular. Bütün dünya 44 gündə mülki insanların qətliamı ilə erməni qaniçənliyinin şahidi oldu.
Dövlətçilik tariximizi şərəfləndirən bayram günlərilə zəngin noyabr ayı indi bizim üçün daha da əlamətdardır. Çünki Prezident İlham Əliyevin digər sərəncamı ilə hər il noyabrın 8-i respublikamızda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Bununla da Azərbaycan Respublikasının dövlət bayramlarının sırasına biri də əlavə olundu.
Sentyabr ayının 27-dən başlanan Vətən müharibəsinin hərbi əməliyyatlar dövrü məhz bu tarixdə başa çatdı. Şuşanın Azərbaycan tərəfindən azad edilməsindən sonra çıxış yolu qalmayan Ermənistan
İlham Əliyevin şərtləri ilə kapitulyasiya aktına imza atmağa məcbur oldu. Sərəncamda deyildiyi kimi, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarıldı.
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində Vətən savaşı qələbə ilə başa çatdı. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.
Bu, Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilən Qələbə kimi tariximizə həkk olundu.

Ədalət Miriyev
Saatlı rayon Əliabad kənd ümumi orta məktəbinin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın