15.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Prezident İlham Əliyevin diplomatik zəkası Avropa və Asiyanı kontinental qütblərdən strateji tandemə çevirir

Prezident İlham Əliyevin diplomatik zəkası Avropa və Asiyanı kontinental qütblərdən strateji tandemə çevirir

Prezidentin son dövlət səfərləri beynəlxalq münasibətlərdə otuz ilə bərabər intensiv diplomatik dinamikaya təkan verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, qısa zaman fasilələri ilə: Orta Asiya respublikalarına – Qazaxıstana və Qırğızıstana, eləcə də, Bolqarıstana rəsmi dövlət səfərləri, son Praqa görüşləri, oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında iştirakı, həmçinin müxtəlif ölkə başçılarının cavab səfərləri, Avropa Birliyinin yüksək rəhbərləri ilə ardıcıl təmasları yerli və xarici medianın gündəmində özəl xəbərlər sırasındadır. Dövlətimizin başçısının səfərlərinin qlobal diplomatik gündəmi təşkil etməsinin səbəbləri çoxdur.

İlk sırada qeyd edə bilərik ki, bu səfərlər müstəqillik tariximizdə dövlətlərarası diplomatik münasibətlərin sona çatan 30 illik mühüm bir mərhələsinə yekun vurmaq, qarşıdakı yeni fazanın başlanğıcını, əsas hədəflərinin müəyyən edilməsi baxımından hələ uzun müddət dərin, hərtərəfli təhlillərin mövzusu olacaq. Digər tərəfdən, beynəlxalq vəziyyətin getdikcə təlatümlü, “turbulent fazaya” daxil olması dövlətlərdən strateji sabitliyin təmin edilməsi və yeni, ədalətli dünya nizamının yaradılması üçün daha da intensiv aktiv fəallıq tələb edir. Burada isə başlıca şərt siyasi liderlərin mövcud mürəkkəb çağırışları önləyə biləcək siyasi təfəkkür və fəhmə malik olmasıdır. Diplomatik prosesləri müşahidə edən təhlilçilər Azərbaycan Prezidentinin strateji təşəbbüskar kimi çıxış etməsini yekdilliklə vurğulayırlar. Bugünkü “postqloballaşma”, “postqərbləşmə”, “postbeynəlxalq sistem” və s. terminlərlə ifadə edilən “dünya nizamsızlığı” siyasi liderlərdən dövlətçiliyi mürəkkəb proseslərdən, “siyasi xaos” zonasından məharətlə qorumağı, güclü sabitləşdirici qüvvəyə çevrilməyi diktə edir.

Prezidentin son diplomatik fəaliyyəti, Avropa və Asiya kimi kontinental coğrafiyanı bütünlükdə əhatə etməkdədir. Brüssel, Sofiya, Praqa, Moskva, Bişkek, Astana və s. paytaxtlarda müzakirə edilən məsələlərin son dərəcə zəngin gündəmi miqyas və əhatəliliyi, ən vacibi taleyüklü məzmunu baxımından geniş tədqiqatların mövzusudur. Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi ilə başlayan diplomatik təqvim bir an belə səngimədən bu gün də davam edir. Səfərlərin tarixi əhəmiyyəti-sarsılmaqda olan mövcud beynəlxalq münasibətlər fonunda, Azərbaycan Prezidentinin qarşılıqlı faydalı, regional və milli təhlükəsizliyi təmin etməyə yönəlmiş təşəbbüsləri ilə qat-qat artmaqdadır. Bu reallıq “Hər bir böhranı imkana çevirmək dahi liderlərə xas keyfiyyətdir” kimi məlum olan aksiomu bir daha təsdiq edir.

 

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın