10.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir

Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul etməsi əlaqələrin möhkəmliyinə əsaslanır. “Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub”, – bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxışı zamanı bildirib: “Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir”.

Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb. Saziş Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri tərəfindən imzalanıbdır. Ötən müddət ərizində bu əlaqələr genişlənib. Naxçıvan sazişinin imzalanmasından keçən dövr ərizində görülən işlər, qarşılıqlı səfərlər türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaya çevrilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünü xüsusilə qeyd etməliyik. Qəbul olunan tarixi qərarlarla yadda qaldı. Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi haqqında Qərar, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında Qərar, Azərbaycan Respublikası Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında Qərar, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi və digər qərarların imzalanması tarixi hadisə olaraq əhəmiyyət daşıyır

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Cənab Prezident Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşünün keçirilməsinin əsas mövzularının nəqliyyat və iqlimlə bağlı olacağını bildirib

“Mənim təşəbbüsümlə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək” – deyən Azərbaycan Prezidenti bildirib ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz: “Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək”.

Məlumdur ki, müasir dövrümüzdə bu təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi haqqında qərar da məhz Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunmuşdu. Azərbaycanın qədim mədəniyyət ocaqlarından biri olan Şuşa şəhərinin 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması əlbəttə ki, qürurvericidir. TÜRKSOY tərəfindən Şuşanın 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi Türk-İslam dünyasının Azərbaycanın qədim şəhərinin mədəni zənginliyinə diqqətinin göstəricisidir.

Cənab Prezident Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşünün keçirilməsinin əsas mövzularının nəqliyyat və iqlimlə bağlı olacağını bildirib: “Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq.

İqlim məsələləri isə bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Bildiyiniz kimi, Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində, əlbəttə ki, qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir”.

Xatırladaq ki, istismara verilən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri Xəzər neftini və qazını dünya bazarlarına çıxarır. Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsi ilə dünya bazarlarına nəql edilir. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmalarının inkişafını da vurğulamalıyıq. 2013-cü ildə Bakı, Aktau və Samsun beynəlxalq dəniz limanları arasında Türk qardaş limanları haqqında Anlaşma Memorandumu imzalanmışdır. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmaları inkişaf etməkdədir. Bakı – Aktau bərə yolu ilə neftlə yanaşı dəmir yol vaqonları, avtomobil, taxıl və s. Yüklərin daşınmaları da yerinə yetirilir. Aktau portundan Qazaxıstanın şimalını birləşdirən 400 km-lik dəmir yolu kənd təsərrüfatı məhsulları və s. daşınmasını xeyli səmərəli edir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda irəliləyən Azərbaycan yalnız regionda deyil, bütün dünyada yüksək nüfuza sahibdir

Özünün dinamik inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycan milli-mənəvi dəyərlərin qorunub saxlanması, xalqın rifah halının yüksəldilməsi, milli maraqların reallaşdırılması istiqamətində uğurlu addımlar atır. Beynəlxalq birliyə inteqrasiya edən, demokratik əsaslar üzərində siyasət həyata keçirən müstəqil dövlətimiz dünya ölkələri arasında layiqli yer tutur. Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar ataraq xalqın mənafeyini hər şeydən uca tutması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi baxımından böyük əhəmiyyət kəsb edir.

Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda irəliləyən Azərbaycan yalnız regionda deyil, bütün dünyada yüksək nüfuza sahibdir. Hərtərəfli, düşünülmüş, ölçülüb-biçilmiş dövlət siyasəti sayəsində bölgədə və dünyada regional liderliyini təmin edən ölkəmiz dünya ölkələri ilə əməkdaşlıq əlaqələrini möhkəmləndirir, üzv olduğu beynəlxalq təşkilatlarda fəaliyyətini daha da genişləndirir. Türk xalqlarının birliyinə, həmrəyliyinə, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafına mühüm töhfələr verən Prezident İlham Əliyev bu istiqaməti dövlət siyasətinin prioriteti olaraq müəyyənləşdirmişdir. Bu gün Azərbaycan ilə Türkiyə arasında mövcud olan sarsılmaz birlik bütün türk dünyasını əhatə edir. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan olmaqla ümumtürk birliyinin yaranması türkdilli dövlətlərin əməkdaşlığına, inkişafına geniş imkanlar açır.

2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə görüşünün yekununda Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev və Türkiyə Prezidenti Abdullah Gül Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi imzalamış, 16 sentyabr 2010-cu il tarixində Türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən X Zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında qərar qəbul edilmişdir.

Naxçıvan Sazişinə əsasən yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) fəaliyyətinin əsas məqsədi türk birliyinin, türk dövlətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, xarici siyasət məsələlərində ortaq yanaşmanın təşviq edilməsi, dünyada sülhün bərqərar olunması, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı birgə mübarizə aparmaqdan ibarət olmuşdur. Türk dövlətləri arasında bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ölkələr arasında ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, elm, texnologiya, təhsil və mədəniyyət sahəsində, kütləvi informasiya vasitələri arasında əlaqələrin, daha geniş miqyasda informasiya mübadiləsinin təşviqi kimi məsələlər də TDƏŞ-in fəaliyyətində əsas vəzifə olaraq müəyyən edilmişdir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

Azərbaycan türk dünyasının sıx birləşməsinə öz töhfəsini verir

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçdiyini, üzv ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynadığını, xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət etdiyini, təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyət daşıdığını vurğulayaraq demişdir: “Qırğızıstandan Türk Şurasına sədrliyi qəbul edən Azərbaycan bu müddət ərzində ölkələrimiz arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcəkdir. Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir”.

2019-2021-ci illərdə Azərbaycanın Türk Şurasına sədrliyi ölkəmiz üçün olduqca tarixi bir dövrə – Azərbaycanın 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa etdiyi dövrə təsadüf etmişdir. Ötən il noyabr ayının 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşü keçirilmiş, görüşdə təşkilata sədrlik Azərbaycan Respublikasından Türkiyə Respublikasına keçmişdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın sədrliyinin bütün dünyanı cənginə alan COVID-19 pandemiyası dövrünə düşməsinə baxmayaraq, ölkəmizin təşkilata rəhbərliyinin uğurlu olduğunu diqqətə çatdırmışdır. Türkiyə Prezidenti türkdilli ölkələr arasında bütün sahələrdə olduğu kimi, ticari və iqtisadi əlaqələrin də inkişaf etdirilməsinin, ölkələrin bir-birinin iqtisadiyyatına sərmayələrin yatırılmasının vacibliyini vurğulamışdır.

İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi haqqında qərarla yanaşı, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi, Azərbaycan Respublikası Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi, “Türk dünyasına baxış – 2040” sənədinin qəbulu ilə bağlı və s. bir neçə mühüm əhəmiyyətə malik qərarlar da qəbul edilmişdir.

Zirvə görüşündə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Türk Dünyasının Ali Ordeni təqdim olunan İlham Əliyev demişdir: “Azərbaycan ikiillik sədrlik dönəmində türk dünyasının birləşməsi üçün böyük səylər göstərmişdir. Bir çox tədbirlər keçirilmişdir. Hesab edirəm ki, biz hazırda daha bütöv, daha birləşmiş şəkildə gələcəyə addımlayırıq. Bugünkü Zirvə Görüşünün çox böyük tarixi əhəmiyyəti var. İlk növbədə, ona görə ki, biz Şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var”.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır

Bu il noyabr ayının 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev türk dövlətləri arasında dostluğun və tərəfdaşlığın möhkəmlənməsində mühüm rol oynayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova “Türk Dünyasının Ali Ordeni”ni təqdim etmişdir. Görüşdə çıxış edən ölkə başçımız son 7 ay ərzində 3 dəfə Özbəkistanda səfərdə olmasını iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunun bariz nümunəsi kimi diqqətə çatdırmış, türkdilli dövlətlərlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu xüsusi olaraq qeyd etmişdir. Türk dünyasının böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olduğunu deyən Prezident İlham Əliyev ölkələrimizin bir-birinin maraqlarını nəzərə almaqla bütün sahələr üzrə fəaliyyətlərini daha dagenişləndirməsinin vacibliyini qeyd etmişdir.

Xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarına, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət çəkən dövlət başçımız türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın ana dillərində təhsil almaları, Azərbaycandan ayrı düşmüş həmvətənlərimizin öz tarixi Vətənləri ilə əlaqələrinin kəsilməməsi üçün səylərin davam etdiriləcəyini demişdir: “Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”.

Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbdən, Qazaxıstanın inşa edəcəyi yaradıcılıq mərkəzindən bəhs edən Prezident İlham Əliyev türk dövlətləri başçılarının hər birini Qarabağa və Şərqi Zəngəzura dəvət etmişdir.

Bu gün ciddi bir təşkilata çevrilən, 200 milyondan çox insanın yaşadığı geniş coğrafiyanı əhatə edən, türk dövlətlərinin ənənəvi dəyərlər üzərində inkişafında mühüm rol oynayan Türk Dövlətləri Təşkilatına üzv olan bütün dövlətlər dostluğun və tərəfdaşlığın möhkəmlənməsinə ciddi səy göstərirlər. İmzalanan sənədlər, əldə olunan razılaşmalar bunu bir daha sübut edir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın