15.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir

Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir

Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir

Noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib.

Biz Qoşulmama Hərəkatına sədrliyimiz zamanı 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada ölkəsinə yardım göstərmişik. Həmin ölkələrin üzləşdiyi problemlərin aradan qaldırılması Azərbaycanın COP29-da göstərdiyi səylərin mərkəzindədir. Bu fikri Prezident İlham Əliyev COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı səsləndirib.

Bu sammitdə də dövlətimizin rəhbəri ada dövlətlərinə yardımın, onların müstəmləkədən azad olmaları uğrunda mübarizəsini dəstəkləyib və bu dövlətlərə 10 milyon manat həcmində maddi vəsaitin göstərilməsini zəruri hesab edib.

Sözsüz ki, bu kiçik dövlətlərə göstərilən humanist bir yardımın nümunəsi olmaqla bərabər həm də onların öz azadlıqları, müstəqilliyi uğrunda mübrizəsinə göstərilən dəstəkdir. Çünki bu dövlətlərin çoxu Fransa, Niderland, eləcə də digər dövlətlərin uzun illər müstəmləkəsi altında olub və bu gün həmin işğalçılıq siyasətindən ciddi əziyyət çəkməkdədirlər.

Kiçik ada dövlətlərinin birliyinin təmin edilməsi uğrunda cənab İlham Əliyevin son illər həyata keçirdiyi tədbirlər artıq nəticələrini verməkdədir və o ada dövlətlərinin bir çoxu Fransa müstəmləkəsinə qarşı ciddi mübarizəyə başlayıblar. Öz suverenliklərini təmin etmək üçün beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırır və öz hüquqlarının müdafiəsi üçün lazımi tədbirlərə əl atırlar. 

Kiçik ada dövlətlərinin COP29-a dəvət olunması və onların nümayəndələrinə lazımi diqqətin göstərilməsi də məhz onların suverenliyinə dəstəyin bir ifadəsi kimi qiymətləndirilməlidir. 

Ümumiyyətlə, COP29-un keçirilməsi də onlar üçün yeni fayda gətirəcək. Çünki bu tədbirin keçirilməsi, aparılan müzakirələr, cənab Prezidentin bu istiqamətdə çıxışı bir daha göstərir ki, COP29-dan onlar da faydalanacaq.

Prezident cənab İlham Əliyevin müxtəlif çıxış və müsahibələrində açıqladığı vacib istiqamətlər, səsləndirdiyi tezislər Azərbaycanın COP29 üzrə fəaliyyətinin əsasını təşkil edir və dövlət başçısının inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələri kontekstində üzləşdikləri problemlərin həllinin ölkəmizin prioritetlərindən biri olaraq bəyan etməsi beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb.

Azərbaycan Prezidenti dünyada haqqın, ədalətin, demokratiyanın tərəfdarı olduğu üçün hər bir dövlətin müstəqilliyinə, tam suverenlik qazanmasına qayğısını əsirgəmir. Bu baxımdan da kiçik ada dövlətlərinin Sammitinin təşkil olunması və həmin Sammitdə cənab İlham Əliyevin çıxışı bir çox müstəmləkəçi dövlətlərə öz mesajlarını ünvanlaması təbiidir və bu dövlətimizin bəşəri ideyalarından irəli gəlir. 

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb.

İqlim dəyişikliyinə qarşı mübarizəyə səfərbər olan ölkələrin böyük əksəriyyəti bu gün Azərbaycanın yanında dayanır. Xüsusilə də, Avropada enerji daşıyıcılarından əziyyət çəkən ölkələr Azərbaycanla əməkdaşlığa can atır. Xüsusən də  Avropanın kiçik və orta dövlətləri  Azərbaycana ümid yeri kimi baxır. Məhz bu dövlətlər Azərbaycanın yaşıl enerji istehsalı ilə çağırışlarına və Şərqdən Qərbə uzanacaq “yaşıl dəhliz”ə böyük həvəs göstərirlər. Təbii ki, bu layihənin reallaşmasında Türkiyə və Gürcüstanın da xüsusi payı var. Eləcə də Qazaxıstan və Orta Asiya dövlətləri Azərbaycanın “yaşıl dəhliz” layihəsinə qoşulmağa hazır olduqlarını bəyan edirlər.

Çox təəssüf ki,  bəzi aparıcı dövlətlər isə imperialist maraqlarına görə dünyanı xilas edəcək bu cür layihələrə laqeydliklə yanaşır. Hansı ki məhz o dövlətlər  atmosferi ən çox çirkləndirən ölkələr sırasında ilk yerləri tutur. Məsələn elə Fransa təkcə öz ölkəsində deyil, Afrika və Asiyanın ada dövlətlərində ətraf mühitə çox böyük ölçüdə ziyan vurur.

Bu da təsadüfi deyil. Çünki böyük dövlətlər hər zaman imperialist siyasət yeridirlər. İmperialist siyasətdə isə humanizmə yer yoxdur. Əksinə orta və kiçik dövlətlər qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə daha aktiv olurlar. Dünya bunu Azərbaycanın simasında bu gün çox yaxşı görür və bilir.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir və həm iqtisadi, həm də siyasi sahələrdə geniş imkanlar açır. İlk növbədə, belə bir beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi, ölkəmizin dünya səhnəsində artan nüfuzunun və liderlik mövqeyinin göstəricisidir.

Prezident cənab İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı zamanı Fransanın kolonial siyasətinin bu ölkələrə vurduğu böyük zərərdən danışdı. Əsrlər boyu Paris onların təbii sərvətlərini talan etdiyi kimi, əhalisinə də zülm edib və zülm etməyə davam edir. Buna misal olaraq, Fransanın Əlcəzair əhalisini necə məhv etdiyini və sərvətlərini talan etdiyini göstərmək olar. Ancaq Yeni Kaledoniyada qanuni etirazların 100-dən çox iştirakçısını öldürən Prezident Makron rejiminin cinayətlərini və mindən çox adamın həbs olunduğunu yada salmasaq, Parisin cinayətləri bununla məhdudlaşmır. Qvadelupa və Martinikada da kütləvi həbslər baş verib. Bütün bunlardan sonra Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurası tərəfindən ittiham olunmayıb. Bu, siyasi riyakarlığın göstəricisidir. Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası siyasi korrupsiyanın rəmzidir. Göründüyü kimi, Fransa, Niderland kimi ölkələrin hökumətləri Azərbaycana qarşı çirkin kampaniyaları bəzi QHT və media resurslarının vasitəsilə həyata keçirir. Bu ölkələrin rəsmiləri Azərbaycan Prezidenti ilə görüşlərində çirkin kampaniyada istifadə etdikləri tezisləri dilə gətirmirlər, barəmizdə xoş sözlər deyirlər, amma pərdəarxasında iyrənc siyasətlərini davam etdirirlər.

Sammitin nəticəsi olaraq qəbul olunan  Kiçik Ada Dövlətlərinin Səslərinin Gücləndirilməsinə dair Bakı Bəyannaməsi isə  maraqlı tərəfləri iqlim dəyişməsinin su ehtiyatları, su hövzələri, su ilə əlaqəli biomüxtəliflik və su ekosistemlərinə təsirləri və səbəbləri ilə mübarizədə inteqrasiyalı yanaşmaları tətbiq etməyə, eləcə də Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və Milli Adaptasiya Planları (NAP) da daxil olmaqla, milli iqlim siyasətlərində su ilə bağlı təsirlərin yumşaldılması və adaptasiya tədbirlərini uzlaşdırmağa çağırır.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafında, ev sahibliyi etdiyi tədbirlərin davamlılığında özünün aydın ifadəsini tapır. Ötən ilin dekabrından Azərbaycan dünyanın diqqətindədir. Belə ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi barədə qərarın qəbul edildiyi ilk günlərdən ölkəmiz hazırlıq işlərinə başladı. Bu qərar Azərbaycanın beynəlxalq nüfuzunun, söz sahibliyinin təqdimatı oldu. Noyabrın 11-dən başlanan və 22-dək davam edən COP29 Azərbaycanın dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaq imkanlarının təqdimatında əhəmiyyətli rol oynayacaq.

Noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammiti, 13-də isə COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirildi. Dövlətimizin başçısı cənab İlham Əliyevin hər iki sammitdə çıxışı özündə bütün məqamları ehtiva etdi.

COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində cənab Prezident İlham Əliyev beynəlxalq gündəlikdə duran mühüm məsələlərdən birinə – neokolonializm və iqlim dəyişmələrinə diqqəti yönəltdi. Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz ərazilərinin iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasında olduğunu, artan dəniz səviyyəsinin, kəskin hava şəraitinin və biomüxtəlifliyin pozulmasının bu regionlara ciddi təhlükə yaratdığını, həmin icmaların səsinin bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulduğunu diqqətə çatdırdı. Prezident cənab İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla zəngindir. Qlobal problemlərin həllində beynəlxalq həmrəyliyin daha da gücləndirilməsi, səylərin birləşdirilməsi əsas məsələ kimi qarşıya qoyulur.

Dünyanı Bakıya toplayan COP29 Azərbaycanın iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə verdiyi töhfələrə, eyni zamanda, bu sahədə təcrübəsinə işıq salır, yeni əməkdaşlıq formatlarının, körpülərin yaradılması fonunda qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağın mümkünlüyünü açıqlayır: “COP29-un Liderlər Sammitindəki çıxışlarda bir daha bu çağırış səsləndirildi ki, indiki və gələcək nəsillərə daha sağlam bir planet miras qoymalıyıq. İtki və Zərər Fondunu, COP29 maliyyə fondunu təmin edən bir sammit olaraq da əmin olmalıyıq ki, lazımi vəsait ən çox ehtiyac duyan insanlara çatacaq. BMT-nin Baş katibi Antonio Quterreş belə bir əminliyi ifadə etdi ki, Prezident cənab İlham Əliyevin səyi nəticəsində uğurlu bir COP-a imza atacağıq.

Dünya liderlərinin COP29-dan daha böyük gözləntiləri də Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə, dayanıqlı inkişafa malik olmasından irəli gəlir. COP29 nəticələri ilə hələ uzun illər dünyanın diqqətində olacaq.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın