20.01.2025 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Bu gün Azərbaycan xalqı üçün tarixin ən ağrılı və bir o qədər də şərəfli səhifələrindən biridir

Bu gün Azərbaycan xalqı üçün tarixin ən ağrılı və bir o qədər də şərəfli səhifələrindən biridir

Bu gün Azərbaycan xalqı üçün tarixin ən ağrılı və bir o qədər də şərəfli səhifələrindən biridir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna fövqəladə vəziyyət elan edilmədən keçmiş Sovet İttifaqının qoşun hissələri yeridilmiş, dinc əhaliyə divan tutulmuşdur. Terror nəticəsində aralarında qadınlar, uşaqlar, qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmaqla 147 nəfər qətlə yetirilmiş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir. Öncədən planlaşdırılmış bu terror aktı Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqın milli mənliyini təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Hadisələrdən bir neçə gün öncə Bakı şəhərinin xəstəxanalarının boşaldılaraq yaralı hərbiçilərin yerləşdirilməsi üçün hazırlıq görülməsi, Sovet ordusu hərbi qulluqçularının ailə üzvlərinin təcili surətdə Bakı şəhərindən köçürülməsi, əhalini tərksilah etmək bəhanəsi ilə faciə öncəsi hətta milis işçilərindən belə silahların alınması və qoşunların hərbi təcavüz məqsədi ilə əraziyə yeridilməsi üçün hər cür şərait yaradılması hadisənin öncədən planlaşdırılmasından xəbər verirdi.

Qanlı yanvar faciəsinin mahiyyətini və əsl səbəbkarlarını xalqdan gizlətmək və cinayəti ört-basdır etməyə çalışan Sovet hakimiyyətinə qarşı ilk kəskin reaksiya hər zaman qəlbi öz xalqı ilə döyünən dahi azərbaycanlı Heydər Əliyevdən gəlmişdir. Xalqının layiqli övladı Heydər Əliyev hadisənin sabahı günü milli mücadilə nümunəsi ortaya qoyaraq ona olunan təhdidlərə və hədə-qorxulara məhəl qoymadan Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Sovet rəhbərliyini sərt tənqid edərək faciəyə hüquqi və mənəvi qiymət verilməsini, qırğını törədənlərin cəzalandırılmasını tələb etdi.

20 yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsinə ölkəmiz müstəqillik qazandıqdan sonra ölkəyə rəhbərlik etmiş şəxslər tərəfindən belə biganə yanaşılmış, yalnız Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “20 yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanından sonra 20 Yanvar faciəsinin ildönümünün keçirilməsi üçün Dövlət Komissiyası yaradılmış, Azərbaycan Respublikası Milli Məclisinə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi tövsiyyə olunmuş, bu məqsədlə xüsusi sessiyasının keçirilməsi bildirilmişdir. Milli Məclisin 29 mart 1994-cü il tarixli iclasının qərarı ilə, haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilmişdir.

Qanlı yanvar hadisələri Azərbaycanın müstəqillik mübarizəsində xalqımızın iradəsini daha da gücləndirərək ölkəmizin öz azadlığına qovuşmasında önəmli rol oynadı.

Xalqımız azadlığı, müstəqilliyi və vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizi heç zaman unutmayacaq!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

İlkin Əliyev
Yeni Azərbaycan Partiyasının Zərdab Rayon təşkilatının sədri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın