Azərbaycan ədalətli sülhün tərəfdarıdır
İkinci Qarabağ müharibəsinin başlamasından artıq iki il ötür. Qazandığımız zəfər Azərbaycan xalqının əzminin, iradəsinin və xalqın Ali Baş Komandanına inamının bariz nümunəsidir. Bu zəfərlə biz illərdir tətbiq olunmayan qətnamələri gerçəkləşdirdik. Haqqı, ədaləti öz gücümüzlə bərpa etdik. Azərbaycan müharibədə qələbə çaldıqdan sonra da ermənilər Qarabağın onların olduğunu deyir, gerçəkləri qəbul etməyə çalışmırlar. Biz illər öncə əlimizdən alınanı geri qaytardıq. Bu elə-belə olmadı, biz bunu “Dəmir yumruğumuz”la bacardıq. Artıq onsuz da olmayan `Dağlıq Qarabağ` adının çəkilməsi də mənasız və boşdur. Biz müharibədən sonra dəfələrlə sülhün tərəfdarı olduğumuzu bildirmiş, qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazır olduğumuzu qeyd etmişik. Ancaq ki, hələ də Ermənistan tərəfindən müsbət cavab gəlməmişdir. Bu isə onların yanlış, mənfi və acınacaqlı siyasətlərinin bir parçası, onların gerçək düşüncələrinin, faşizm düşüncəli olduqlarının nümunəsidir.
Beynəlxalq hüquqa, onun norma və prinsiplərinə hər zaman böyük hörmərlə, məsuliyyətlə yanaşan Azərbaycan dövləti öz tarixi torpaqlarını işğaldan azad etməklə illərlə kağız üzərində qalan BMT qətnamələrinin icrasını təmin etmiş oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində əsil şücayət, qəhrəmanlıq və ləyaqət nümayiş etdirdi. 30 illik torpaq həsrətimizə son qoyuldu. Doğma torpaqlarımızı görmək, yaxınlarımızın məzarlarını ziyarət etmək xoşbəxtliyi nəsibimiz oldu.
Əminik ki, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə yeni uğur zirvələrini fəth edən Azərbaycan diplomatiyası regional sülhün, əməkdaşlığın, dayanıqlı inkişafın təminatında da mühüm qərarlara imza atacaqdır.
Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktor əvəzi-Rəşad İsmayılov