19.09.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir

Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir

Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir.

Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasəti. Əzəli Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir. Ermənilər məskunlaşdıqları dövrdən etibarən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar.

Rəsmi İrəvanın ifrat millətçilik siyasətinin təzahürləri. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.Azərbaycanlılara qarşı törədilmiş soyqırımına dair Ulu Öndər Heydər Əliyev tərəfindən verilmiş ilk siyasi-hüquqi qiymət. Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin 1998-ci il 26 mart tarixində imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir

1988-1994-cü illər ərzində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişlər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur.

Nailə Əliyeva – Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir

44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.

Azad olunmuş ərazilər: Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun  Hadrut  qəsəbəsi və 35 kəndi, Tərtər  rayonunun  3 kəndi,  Qubadlı  şəhəri və rayonun 41 kəndi,  Xocalı  rayonunun  9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Müstəqil Azərbaycan Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin siyasi irsi əsasında tarixi nailiyyətlərə imza atır

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar ordu quruculuğu sahəsində məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.

Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və müşahidə etdiyimiz keyfiyyət dəyişiklikləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı məqsədyönlü işlərin nəticəsidir.

Müxtəlif təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etmişdir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.

Müxtəlif dövrlərdə Türkiyə ilə birgə keçirilmiş hərbi təlimlər sayəsində Azərbaycan Ordusunun təcrübəsi və taktik manevr etmə səriştəsi əsaslı şəkildə artmışdır.Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Tərəqqi və Zəfər yolu Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı yeni hədəflərə, yeni zirvələrə aparır

Ümummilli Liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla addımlayan müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni strateji nailiyyətlərə müvəffəq olur, milli dövlətçilik tariximizin növbəti şərəfli və qürurlu səhifələri yazılır. Tolerantlıq nümunəsi və multikulturalizm ünvanı, beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi səciyyələndirilən Azərbaycanın inkişaf yolu bir çox ölkələr üçün örnəkdir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu ekspertləri və mötəbər strateji tədqiqat mərkəzləri, aparıcı reytinq institutları Azərbaycanın inkişaf modelini mütərəqqi nümunə kimi dəyərləndirir və ölkəmizin gələcəyinə dair pozitiv rəy və proqnozlar ifadə edirlər.

Tarixi əhəmiyyətə malik ən mühüm məqam isə budur ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənin bütövlüyünü, tarixi ədaləti bərpa etmək uğrunda ləyaqətli və qətiyyətli mübarizə aparan Azərbaycan xalqı iradəsini ortaya qoyaraq haqq savaşında ali məqsədinə nail oldu, 44 günlük Vətən müharibəsində qazanılan, son 200 illik tariximizdə bənzəri olmayan böyük Qələbə sayəsində torpaqlarımız işğaldan azad, ərazi bütövlüyümüz və milli ləyaqətimiz isə bərpa edildi. Beləliklə, zaman torpaqlarımızın uzunmüddətli hərbi-siyasi əsarətdən xilasına nail olan Azərbaycanın Liderinin Vətənə, xalqa və dövlətə sədaqət andını, ata vəsiyyətini şərəflə yerinə yetirməsinə şahidlik etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha sübuta yetirdi ki, onun sözü imzası qədər dəyərlidir.

Bu gün işğaldan azad edilmiş, üçrəngli bayrağımızın qürurla və əzəmətlə dalğalandığı ərazilərdə nəhəng bərpa-quruculuq işləri görülür, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmin torpaqlara hər bir səfəri təntənəli Zəfər yürüşünün davam etdiyini göstərir, qalib Azərbaycan Böyük Qayıdışı, dayanıqlı və layiqli məskunlaşmanı yüksək səviyyədə təmin etmək iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirir.

Beləliklə, tərəqqi və Zəfər yolu Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı yeni hədəflərə, yeni zirvələrə aparır. Müstəqil Azərbaycan Heydər Əliyev yolunun Müzəffər davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji hədəflərinə doğru inamla irəliləyir. Bütün bu nailiyyətlər və qürurverici reallıqlar Heydər Əliyev ideyaları və siyasətinin təntənəsi, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsi, dövlətimizin qüdrətinin ifadəsidir.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

 

Azərbaycan Ulu Öndərin yaratdığı möhkəm təməllər üzərində inkişaf edir

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər, bu illər ərzində göstərdiyi uğurlu fəaliyyət o qədər zəngin və keşməkeşlidir ki, Onun həyatı bu gün də dövlət adamlarını, tədqiqatçıları  daim düşündürür və maraqlandırır. Bu böyük şəxsiyyətin dövləti idarəetmə təcrübəsinə həsr edilən çoxlu tədqiqatlar aparılmasına, yüzlərlə kitabın yazılmasına baxmayaraq, onun zəngin təcrübəsi və səmərəli fəaliyyətinin təhlilinə hələ də ehtiyac var. Çünki Heydər Əliyev bütün həyatı boyu Vətəninin, Xalqının gələcəyini düşünüb, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığıyla inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirib.

Keçən hər gün bir daha sübut edir ki, Azərbaycanın yeganə düzgün yolu Ümummilli Lider ideyalarına sədaqətdir. Məhz bu yol xalqımızı və dövlətimizi daha xoş, firavan gələcəyə aparır. Ümummilli Lider realist bir insan olaraq hər zaman hadisələrə praqmatik yanaşır, tarixi şəraitdən düzgün nəticə çıxarır və ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin mahir ustadı idi.

Məhz dövlətimizin başçısı İlham Əliyev də Ulu Öndərin siyasi xəttini şərəflə davam etdirərək xalqımızın böyük hörmət və ehtiramını qazandı. Prezident İlham Əliyev ulu öndərin yaratdığı əsaslara söykənərək Azərbaycanda iqtisadi- sosial tərəqqini fenomenal bir gerçəyə çevirdi. Ötən 19 ildə Azərbaycan Ulu Öndərin yaratdığı möhkəm və sarsılmaz təməllər üzərində inkişaf edərək, tarixinin ən qüdrətli dövlətinə çevrildi. Bütün bunları təmin edən Prezident İlham Əliyevin rəhbərliyi ilə gedilən möhtəşəm inkişaf yolu müstəqillik tariximizin mühüm hadisəsidir.

Cənab İlham Əliyev son 19 ildə uğurlu addımları ilə Azərbaycanı yüksək zirvələrə qaldırdı. Ölkəmiz beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Azərbaycanın yerləşdiyi coğrafi  məkan dövlətlər, xalqlar arasında dostluq körpüsünün daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Bu gün hər bir Azərbaycan vətəndaşı böyük fəxarətlə deyə bilər ki, siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın tam bərqərar olduğu, bütün sahələrdə inkişafının ən yüksək zirvəsinə ucalmış ölkədə yaşayıram. Görülən irimiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində Azərbaycanın siyasi, iqtisadi imkanları durmadan genişlənir, beynəlxalq nüfuzu artır.

Bu gün Qarabağda üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Bu Zəfərə gedən yolun əsasında Azərbaycanın xilaskar oğlu, dünya şöhrətli siyasi xadim, dahi Heydər Əliyevin ölməz ideyaları və bu ideyaları uğurla həyata keçirən cənab İlham Əliyev şəxsiyyəti dayanır.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq

1990-cı ilin əvvəlində yenicə müstəqillik qazanmış Azərbaycanda dövlət idarəçiliyi, ictimai-siyasi vəziyyət son dərəcə gərgin idi. Ölkəmizdə şəxsi maraqlarını milli maraqlardan üstün tutan, siyasi səriştəsizliyi və yarıtmaz fəaliyyəti ilə, öz ambisiyaları naminə müxtəlif xarici dövlətlərin diqtəsi ilə hərəkət etməkdən çəkinməyən AXC-Müsavat tandeminin hakimiyyəti dövlətimizi və xalqımızı uçuruma aparmışdı. Torpaqlarımızın itirilməsi, vətəndaş müharibəsi kimi faciələrlə qarşı-qarşı qalmağımız isə tariximizin ən ağrılı səhifələrindən biridir. Xocalı soyqırımı, minlərlə günahsız insanlarımızın vəhşicəsinə qətlə yetirilməsi, işgəncələrə məruz qalması, 1 milyona yaxın soydaşımızın 30 il ərzində qaçqın və məcburi köçkün vəziyyətində yaşaması o zamankı yarıtmaz siyasətin nəticəsi idi. Ordunun formalaşması və təminatında ciddi problemlər, eyni zamanda digər bütün sahələrdə müşahidə olunan tənəzzül mövcud xaosu daha da dərinləşdirirdi. Sonrakı illərdə, ulu öndərin və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar və torpaqlarımızın azad edilməsi məsələsi dövlətimizin xarici siyasətinin ən başlıca məqsədini təşkil etdi. Bir sözlə, AXC-Müsavat hakimiyyəti dövründə əsası qoyulan bu münaqişənin fəsadları, ölkəmizə vurduğu mənəvi, psixoloji, iqtisadi və s. zərərləri tarix boyu yaddaşımızdan silinməyəcək.

Dövlətimizi və xalqımızı düşdüyü bu ağır vəziyyətdən, qarşılaşdığı bəlalardan qurtara biləcək, nicat yoluna çıxara biləcək şəxsiyyətə, siyasi liderə ehtiyac duyulurdu. Belə bir vaxtda xalqımızın yeganə ümid yeri məhz dahi şəxsiyyət Heydər Əliyev oldu. Xalqımızın təkidli tələbi, bir qrup ziyalının müraciəti əsasında ulu öndər yeni bir siyasi partiyanın yaradılmasına razılıq verdi. Beləliklə, 1992-ci ilin 21 noyabr tarixində 550 nəfər nümayəndənin iştirakı ilə Azərbaycanın ictimai, siyasi tarixində özünəməxsus yeri və rolu olan, bu gün regionun ən böyük və mütəşəkkil siyasi partiyası olan Yeni Azərbaycan Partiyası təsis edildi, dahi şəxsiyyət Heydər Əliyev yekdil qərarla yeni yaradılan siyasi partiyanın sədri seçildi. Sonrakı siyasi proseslərdə – tariximizə Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 oktyabr tarixində ümummilli lider Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri, 1993-cü ilin 3 oktyabr tarixində keçirilən Prezident seçkilərində isə xalqımızın yüksək səs çoxluğu, inamı və etimadı sayəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər ərzində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, bütün sahələrdə həyata keçirilən təxirə salınmaz islahatlar nəticəsində mühüm irəliləyişlərə, inkişafa nail olundu, ictimai-siyasi sabitlik təmin edildi, vətəndaş müharibəsi təhlükəsi tamamilə aradan qaldırıldı. Ölkədaxili siyasi kursun milli maraqlarımıza uyğun şəkildə uğurla icra edilməsi ilə yanaşı, xarici siyasi strategiyamız da hədəflərimizə uyğun olaraq davam etdirildi. Beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əlaqələrin qurulması istiqamətində diplomatik addımlar icra olunmağa başlandı. Artıq ölkəmiz dünyada söz və nüfuz sahibi olan bir ölkəyə çevrildi. Xüsusilə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”, həmçinin digər iqtisadi islahatlar ilə ölkəmiz neft ehtiyatlarından səmərəli və milli məqsədlərə cavab verəcək bir şəkildə istifadə etməyə başladı. İqtisadi dirçəlişimiz digər bütün sahələrin tərəqqisinə ciddi əsas oldu.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Ulu öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmlənməsi, dövlətimizin inkişafı yolunda misilsiz xidmətləri sadalamaqla bitməz.

Məhz bu əvəzsiz xidmətləri nəticəsində dahi şəxsiyyətin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Ulu öndər 2003-cü ilin 12 dekabr tarixində cismən bizlərdən ayrılsa da, ideyaları və əziz xatirəsi hər zaman bizimlədir: “Bu gün ölkəmiz dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla və dinamik inkişaf edir. Əldə olunan uğurlarımız ümummilli lider, xalqımızın müdrik oğlu Heydər Əliyevin siyasi kursunun və ideyalarının dövlət başçısı İlham Əliyev tərəfindən müasir çalarlarla layiqincə yerinə yetirilməsinin bariz nəticəsidir. Bu gün Azərbaycan regionda, ümumilikdə dünyada söz sahibi olan, irimiqyaslı dünya əhəmiyyətli layihələrin təşəbbüskarı və iştirakçılarındandır. Ölkəmizin beynəlxalq nüfuzunun durmadan artması, beynəlxalq təşkilatlarda uğurlu təmsilçilik, dünya dövlətləri ilə qarşılıqlı uğurlu münasibətlər diplomatik sahədə qazanılan nailiyətlərin göstəricisidir.

44 günlük Vətən mühribəsində qazandığımız şanlı zəfərimiz əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesinin məntiqi nəticəsi idi. Tarixi torpaqlarımızın erməni işğalından azad edilməsində dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz əsl tarix yazdı. Bu qəhrəmanlıq salnaməsi əsrlər boyu tariximizin ən parlaq və unudulmaz səhifələrindən biri olacaq, heç bir zaman unudulmayacaq. Dövlətimizin, xalqımızın qüdrəti, qətiyyəti, həmrəyliyi sayəsində əldə olunan bu qələbə, həm də dahi şəxsiyyət, ömrünü xalqının xoşbəxt gələcəyinə həsr etmiş Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsi idi. Çünki ümummilli liderimizin ən böyük arzusu və amalı məhz tarixi ərazilərimizin düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Qürurla bildiririk ki, bu gün ulu öndərimizin və bütün şəhidlərimizin ruhu şaddır. Çünki bu müqəddəs tarixi missiyamız yerinə yetirildi.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Heydər Əliyev – Azərbaycan dövlət müstəqilliyinin qurucusu

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il keçir. Azərbaycan dövlətinin xilaskarı və qurucusu olan Ulu Öndəri böyük hörmət və rəhmət hissi ilə anırıq.

Azərbaycan tarixinin önəmli bir mərhələsi  ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Xalqımızın taleyində, mənəvi, siyasi və ictimayi həyatında misilsiz xidmətləri olmuşdur.

90-cı illərin əvvəli Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenidən ölkəmizin üzərində qara buludlar əsməyə başladı. Bir tərəfdən Ermənistanın təcavüzü, digər tərəfdən həyata keçirilən yanlış siyasət nəticəsində ölkənin vətəndaş müharibəsinə sürüklənməsi Azərbaycanı uçuruma aparırdı. Ölkəmizin müstəqilliyi təhlükə altında idi.

Həmin dövrdə ölkəni bu ağır durumdan yalnız güclü dövlət idarəçiliyi təcrübəsinə malik, qətiyyətli və möhkəm iradəli şəxs çıxara bilərdi. Artıq gözlər Naxçıvana yönəlmişdi. Hamı Azərbaycanın bu durumdan yalnız Ulu Öndər Heydər Əliyevin çıxaracağını düşünürdü. Beləliklə bütün riskləri göz önünə alaraq Heydər Əliyev xalqın çağırışını nəzərə aldı, hakimiyyət sükanına əyləşdi.

Heç şübhəsiz ki, əgər həmin dövrdə Ulu Öndər hakimiyyətə gəlməsə idi, bu gün Azərbaycanın hansı durumda olacağını təsəvvür etməyin özü belə çox çətindir. Qısa müddətdən sonra Azərbaycan sabitlik və inkişaf mərhələsinə qədəm qoydu.

Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Xalqımızın yaddaşına qanlı hərflərlə yazılan 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini Ümummilli lider Heydər Əliyev sayəsində almışdır.

 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi və cəsarətli bir bəyanat verdi.

Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.

Əksəriyyət yaxşı xatırlayır, yəqin ki, o dövrün çörək növbələrini. İnsanlar gündəlik qida tələbatlarını ödəməkdə ciddi əziyyət çəkirdilər. Həmin günləri unutmaq özü böyük nankorluq olardı. Azərbaycan bugünkü inkişafa həmin ağır durumdan, acı günlərdən keçərək gəlib çatıb.

Sonrakı mərhələdə Prezident İlham Əliyev bu siyasəti uğurla və böyük uzaqgörənliklə davam etdirdi. Azərbaycanı məğlub ölkədən qalib ölkəyə çevirdi. Bu siyasət nəticəsində bu gün Azərbaycan öz tarixinin ən şanlı, şərəfli və qürurlu günlərindən birini yaşayır.

Bu gün dünyada təxminən 3000-4000 arası xalq, 200-ə yaxın dövlət var. Biz xoşbəxtik ki, bizim müstəqil və güclü dövlətimiz var. Unutmamalıyıq ki, dünyada ciddi proseslər gedir. Hazırda üzərimizə düşən əlimizdəki əvəzsiz nemətlərin – müstəqilliyin, suverenliyin, istiqrarın və sabitliyin dəyərini bilməkdir. Hesab edirəm, burada ən çox məsuliyyət həm də gənclərindir. Gələcəyin idarəçiləri onlardır. Ölkəmizin gələcəyi onlardan çox asılıdır.

Bu gün hamımız Ulu Öndər Heydər Əliyevin amallarına sadiq qalaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, müstəqilliyimizi və qələbəmizi daha da möhkəmləndirməliyik. Ulu Öndərin ən böyük arzusu  Azərbaycan xalqını müstəqil, qalib, torpaqlarımızı işğaldan azad edilmiş görmək idi. Azərbaycan xalqı Ulu Öndərin Dövlətimizin müstəqilliyi və suverenliyi uğrunda fədakarlığını heç zaman unutmayacaq.

Xalqımızın taleyində və müstəqil Azərbaycan Respublikasının tarixində silinməz izlər qoymuş Ulu Öndərimizi dərin ehtiram hissi ilə anırıq!

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın