22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır

Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır

Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Bunun nəticəsidir ki, son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu da öz növbəsində ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Məlumdur ki, Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Ölkəmərimiz müstəqillik qazandıqdan sonra Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.

Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksəksəviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. İki dövlət arasında münasibətlərin dinamikası Prezidentlərin qarşılıqlı səfərlərinin xronologiyasından aydın görünür. Son ilyarım ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev Qazaxıstana dörd səfər edib, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev üçüncü dəfədir ki, Azərbaycana gəlib. Martın 11-də iki dost ölkə arasında əlaqələrin daha da genişlənməsinə səbəb olacaq növbəti yüksəksəviyyəli görüş baş tutub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası və Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi keçirilib. Beləliklə, Azərbaycan-Qazaxıstan münasibətləri yüksələn xətlə inkişaf edir. Bu münasibətlər nəinki ölkələrimizin, bütün Türk dünyasının maraqlarına uyğundur. Çünki bütövlükdə Türk dünyasının güclənməsi prosesi gedir ki, burada ölkələrimizin arasında əməkdaşlığın davamlı olaraq genişləndirilməsi mühüm amildir. Qazaxıstan Prezidentinin rəsmi səfəri zamanı imzalanan sənədlər isə münasibətlərimizi gələcəkdə daha da gücləndirəcəkdir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Ölkəmizə göstərilmiş dəstək

Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”nı imzalayıb, daha sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Prezident cənab İlham Əliyev Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında bildirib: “Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir”. Xalqlarımızın ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşadıqlarını vurğulayan dövlət başçısı qeyd edib: “İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir. Son vaxtlar qarşılıqlı səfərlərimizin dinamikası çox illüstrativdir və bu, münasibətlərə yeni dinamizm verildiyini göstərir”. Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinə düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilib.

Mətbuata bəyanatında ölkə başçısı cənab İlham Əliyev vurğulayıb ki: “İlk növbədə, istərdim ki, işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına dair təşəbbüsünə görə Kasım-Jomart Kemeleviçə bir daha təşəkkürümü bildirim. Bu, Prezidentin şəxsi qərarıdır və bu qərardan həmin layihənin reallaşdırılmasına qədər çox az vaxt keçib. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir”. Ölkə başçısı öz çıxışında ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsində Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarlığını bildirib. Prezidentlərin görüşü zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi də ətraflı müzakirə edilib. Prezident cənab İlham Əliyev həmkarına danışıqlar prosesinin hazırkı mərhələsi, sülh sazişinin imzalanması perspektivləri haqqında məlumat verib. Qeyd edilib ki, Azərbaycan bu məsələdə maraqlıdır və məhz Azərbaycan sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən təşəbbüskar olub.

Günel Əlizadə – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi

 

 

İşğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası bilavasitə Qazaxıstanın Prezidenti Kasım-Jomart Kemeleviçin təşəbbüsüdür

Bu gün Azərbaycanın əsas məqsədlərindən biri Türk Dövlətləri Təşkilatı çərçivəsində quruma üzv ölkələrlə ikitərəfli və çoxtərəfli sıx münasibətlər qurmaq, qarşılıqlı fəaliyyət göstərərək dövlətlərimizin güclənməsidir. Xüsusilə Azərbaycan-Qazaxıstan münasibətləri bu gün ən parlaq dövrünü yaşayır, iki qardaş xalqın ortaq tarixi dəyərlərə, mədəniyyətə malik olması ilə bərabər, əməkdaşlıq da ən yüksək səviyyədədir. Məhz iki qardaş ölkə istər ikitərəfli, istərsə də beynəlxalq aləmdə bir-birinə böyük dəstək nümayiş etdirir. Türk Dövlətləri Təşkilatında, eləcə də digər beynəlxalq qurumlarda hər iki ölkənin bir-birinə dəstəyi qarşılıqlı mənafelərə uyğundur. Bu gün Qazaxıstanla bir çox sahələrdə qarşılıqlı əlaqələr hər iki ölkənin mənafeyinə uyğundur. Məhz Trans-Xəzər marşrutunun işə salınması ölkəmizin tranzit əlaqələrinə mühüm töhfə verməklə yanaşı, həm də rəsmi Bakının vacib aktor olduğunu göstərir. Qeyd etməliyəm ki, Azərbaycan bu gün tranzit yükdaşımalara ev sahibliyi edir, ölkəmiz Şərqdən-Qərbə ticarət dövriyyəsinin əsas halqası hesab olunur. Bu, təkcə iqtisadi sahədə deyil, həmçinin bir çox digər istiqamətlərdə Azərbaycanın strateji önəmini dünyaya nümayiş etdirir. Təbii ki, tranzit əlaqələrdə qardaş Qazaxıstanın rolu da olduqca vacibdir. Bütün məsələlərdə ölkəmizlə həmrəylik nümayiş etdirən və strateji tərəfdaşımız olan Qazaxıstan Azərbaycan üçün mühüm tərəfdaşdır.

Qazaxıstanın Prezidentinin təşəbbüsü ilə Füzuli şəhərində inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi həm də dövlətlərimiz arasındakı dostluğun, qardaşlığın əsas rəmzlərindən birinə çevriləcək. Martın 11-də Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsi olduqca mühüm tarixi hadisədir. Səfər zamanı imzalanmış sənədlər bir çox sahələrdə əməkdaşlığımızın inkişafına xüsusi töhfə verəcəkdir. Mətbuata birgə açıqlamalar zamanı qarşılıqlı münasibətlərə verilən dəyər bir daha özünü göstərdi. Qardaş ölkənin hər zaman ərazi bütövlüyümüzü dəstəkləməsi və münaqişənin dinc yolla nizama salınması ilə bağlı verdiyi ciddi mesajlar olduqca mühümdür. Qeyd etməliyəm ki, Azərbaycan tarixinin ən böyük hadisələrindən biri olan tarixi torpaqlarımızın düşməndən azad edilməsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsində ölkəmizin Zəfəri həm də Azərbaycanın dostlarının qələbəsi idi. Məhz 30 ilə yaxın müddət ərzində məcburi köçkün kimi yaşamış vətəndaşlarımız artıq öz dədə-baba yurdlarına geri dönürlər. Bu gün Azərbaycanın və Qazaxıstanın dövlət başçılarının birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər etmələri, Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olduqca əlamətdar hadisələrdir. Qazaxıstan tərəfindən tikilərək xalqımıza hədiyyə olunmuş Mərkəzi Azərbaycan xalqı da yüksək qiymətləndirir, dövlətimizin və xalqlarımızın arasındakı dostluğun simvolu hesab edir.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Qarşılıqlı iqtisadi-ticari fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir.

Azərbaycan və qazax xalqları arasında münasibətlər yüksək səviyyədədir. Bu gün Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident cənab İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri də əlaqələrimizin yüksək səviyyəsinin təzahürüdür. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. Bu baxımdan, Qazaxıstan Prezidentinin ölkəmizə budəfəki rəsmi səfəri də iki qardaş dövlət arasında müttəfiqlik münasibətlərini daha da gücləndirəcək.

Cari ilin martın 11-də dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının birinci iclasının keçirilməsini tarixi hadisədir. Çünki bu iclas əlaqələrimizin gələcək inkişafı baxımından mühüm müzakirə platforması oldu. Eyni zamanda, Qazaxıstan rəsmi olaraq COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı dəstəyini ifadə etdi. Bütövlükdə, Türk dünyasının ümumi maraqları Azərbaycan və Qazaxıstanı ortaq məxrəcə gətirən ən mühüm amillərdən biri qismində çıxış edir. Dost Qazaxıstan qısa müddətdə nüfuzlu beynəlxalq təşkilata çevrilən TDT-nin əsasını qoyan ölkələrdən biridir. Qazaxıstan Mərkəzi Asiyada böyük coğrafiyaya malikdir. Zəngin təbii resurslara və əmək ehtiyatlarına malik olan bu ölkə TDT-nin institusional qurum kimi möhkəmlənməsinə, funksionallığının artmasına, regional və qlobal proseslərə təsir imkanlarının genişlənməsinə davamlı töhfələr verir. Qazaxıstan TDT-də birləşən bütün ölkələrlə xoş mərama əsaslanan dinamik siyasi-iqtisadi münasibətlər qurub. Bu ölkənin rəsmiləri TDT-nin qərarlarının icrasının yüksək səviyyədə təmin olunmasına davamlı səylər göstərirlər. Son vaxtlarda türk dövlətləri arasında keyfiyyətcə yeni əməkdaşlıq münasibətlərinin qurulmasının şahidi oluruq. Xəzər-Qara dəniz hövzələri regionunda geniş coğrafiyada yerləşən türk dövlətləri arasında birliyin möhkəmlənməsində Azərbaycan da xüsusi rol oynayır. Prezidentlərin mətbuata bəyanatı zamanı dövlətimizin başçısı İlham Əliyev qeyd edib ki, beynəlxalq strukturlarda, ilk növbədə BMT və TDT-də birgə fəaliyyət müzakirə olunub: “Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir. Hər iki ölkə mühüm qlobal və regional layihələrin reallaşmasında da önəmli rol oynayır. Bu baxımdan, Orta Dəhliz layihəsi xüsusi vurğulanmalıdır. Prezident cənab İlham Əliyevin dediyi kimi, Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarı Transxəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir. Çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

Sülh naminə danışıqlar

Dünyada mövcud olan siyasi mənzərə onu göstərir ki, dünyanı hələ də maraqlar idarə edir. Nəticədə ikili standartlar və ayrı-seçkilik siyasətinə rəvac verilir, beynəlxalq hüquq arxa plana keçir, ölkələrə münasibətdə selektiv yanaşma həlledici amilə çevrilir. Tarixi Zəfərimizdən sonra Azərbaycanı qərəzli qətnamələri ilə hədəf seçən dairələrin əsas məqsədi ölkəmizdə ictimai etimad mühitini zədələmək, bunun üçün iqtisadi dayanıqlığı təmin edən imkanları mümkün qədər məhdudlaşdırmaq və onları nəzarət altına almaqla bağlıdır. Üzləşdiyimiz təzyiqlərin və rüsvayçı siyasi şantaj ritorikasının məqsədlərindən biri də elə budur. Prezident cənab İlham Əliyev bütün bunları nəzərə alaraq, ölkəmizə edilən haqsız hücumların təsirini minimuma endirmək üçün yeni dövrün yol xəritəsinə strateji baxışını andiçmə mərasimində bu cür ifadə etdi: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri həm də bu səbəbdən olduqca əhəmiyyətlidir və təsadüfi deyil ki, dost və qardaş ölkələrlə yanaşı, bədxahlarımızın da xüsusi diqqət mərkəzindədir. Bu səfər çərçivəsində Azərbaycan və Qazaxıstan dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”nın adından da göründüyü kimi, ölkələrimizin Liderləri dövlətlərarası münasibətlərin strateji səviyyəsinin daha da dərinləşdirilməsi yolunda siyasi iradə nümayiş etdirirlər. İstər rəsmi mərasimdə, istərsə də işçi qaydada imzalanmış Azərbaycan-Qazaxıstan sənədləri göstərir ki, Liderlərin strateji seçimi tam mənada üst-üstə düşür, xalqlarımızın və dövlətlərimizin ortaq maraqlarına xidmət edir. Verilən bəyanatlar onu da göstərdi ki, mürəkkəb geosiyasi qarşıdurma şəraitində dövlət başçıları Türk dünyası çərçivəsində iqtisadi əlaqələrimizin dərinləşməsinə xüsusi önəm verirlər. Azərbaycan və Qazaxıstan Prezidentləri mətbuata bəyanatlarında Ermənistan mövzusunu da unutmadılar. Əsassız bəyanatları və qərəzli qətnamələri ilə sülh gündəliyini bu gün də təhdid edən Ermənistanın himayədarlarından fərqli olaraq, Azərbaycan Cənubi Qafqazda dinc birgəyaşayışın bərqərar olunmasında, kommunikasiyaların açılmasında və iqtisadi əlaqələrin qurulmasında, həqiqətən, maraqlıdır.

Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın