18.10.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycanda bir ilk və deputatlardan hökumətə çağırış

Azərbaycanda bir ilk və deputatlardan hökumətə çağırış

Yüzminlərlə vətəndaşın pozulmuş hüququnun bərpası dövlətin prioritet vəzifəsi olmalıdır

Azərbaycan tarixində ilk dəfə kütləvi hüquqi presedent yaşanıb. Belə ki, 686 nəfərin imzası ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ünvanlanıb. Söhbət dövlət özəlləşdirmə çekləri (payları) ilə əlaqədar hüquqları pozulmuş vətəndaşlardan gedir.

Bu barədə AYNA-ya iddiaçıların hüquqi təmsilçisi Mübariz Yolçiyev məlumat verib. Onun sözlərinə görə, iddiaçılar illər boyu halal haqlarının əllərindən alınmasından, aidiyyəti dövlət qurumlarının problemə biganə yanaşmasından, deputatların, ziyalıların, ekspertlərin hökumətə çağırışlarına məhəl qoyulmamasından şikayətçidirlər.

Çek sahiblərinin məhkəmədən xahişi bundan ibarətdir:

1) İddiaçıların mülkiyyətində olub məhkəməyə təqdim edilmiş dövlət özəlləşdirmə payları üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı olan hər cür pozuntunun aradan qaldırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulsun;

2) İddiaçıların mülkiyyətində olub məhkəməyə təqdim edilmiş dövlət özəlləşdirmə paylarının hər birinə düşən əmlak naturada müəyyən edilərək iddiaçıların mülkiyyətinə verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulsun;

3) İddiaçıların mülkiyyətində olub məhkəməyə təqdim edilmiş dövlət özəlləşdirmə paylarının hər birinə düşən əmlak naturada müəyyən edilərək iddiaçıların mülkiyyətinə verilməsi mümkün olmadığı təqdirdə, həmin dövlət özəlləşdirmə paylarının hər biri üçün onun qanunla inflyasiyadan qorunan dəyəri olan 40 000 manat pul cavabdehlər Azərbaycan Respublikasının Prezident Administrasiyasından, Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətindən müştərək qaydada tutularaq iddiaçılara ödənilsin;

4) Bu tələblər haqqında məhkəmə qərarı qəbul edilsin.

Göründüyü kimi, Bir milyon nəfərədək vətəndaşın problemini özündə ehtiva edən özəlləşdirmə çekləri (vauçer) ilə bağlı problem aktuallığını qoruyur. İllər boyu deputatlar, ziyalılar, ekspertlər, sıravi vətəndaşlar tərəfindən dönə-dönə dilə gətirilən, aidiyyəti qurumlara çağırışlar edilən, hökumətin təcili tədbirlər görməsinə yönəlik fikirlər səsləndirilən ÇEK və HAQQ məsələsi həllini tapmır ki, tapmır.

Ötən yazımızda mövzuya dair sonuncu çağırış Azərbaycan Milli Məclisinin deputatlarının zaman-zaman dilə gətirdikləri fikirlərdən qısa xülasələri təqdim etmişdik və sonuncu çağırış digər parlament üzvlərinin də mövzuya dair fikirlərini ictimaiyyətə təqdim edəcəyimizin anonsunu vermişdik. Davam edirik.

Tahir Rzayev:

“Çekləri əlində qalan vətəndaşların hüquqları bərpa olunmalıdır. Bununla bağlı müvafiq qurumların hərəkətə keçməsinə və qərar qəbul etməsinə ciddi ehtiyac var. Tarixə ekskurs etsək, görərik ki, o zaman əksər payçılar öz çeklərini “qara bazar”da satışa çıxardılar. Həmin çekləri alanlar isə müxtəlif zavod və fabriklərə sahib oldular. Bir çoxları isə düşündü ki, özəlləşdirmə çeklərini qorumaq daha faydalıdır. Bu, onların hüququdur. 2011-ci ildə tədavül müddəti başa çatdıqdan sonra isə onların çekləri əllərində qaldı”.

Razi Nurullayev:

“10-ya yaxın özəlləşdirmə çekini bu gün də saxlayıram. Əgər yenidən tədavülə buraxılsa, satışa çıxaracağam. Qəribə mənzərə yaranıb. Mənim kimi yüzminlərlə vətəndaş vauçeri əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Bu çeklər istifadə üçün nəzərdə tutulmayıbmı? Elə isə o zaman niyə əllərdə qalmalıdır? Müvafiq qurumlar bu problemi həll etməli və prosesə məntiqi yekun vurmalıdır”.

Müşviq Cəfərov:

“Özəlləşdimə çekləri qiymətli kağız olaraq ölkə vətəndaşlarının qarşısında geniş imkanlar açırdı. Bu mənada prosesin gedişatından böyük gözləntilər var idi. Çox təəssüf ki, bu gözləntilər özünü doğrultmadı. İddialar mövcuddur ki, özəlləşdirmə çeklərinin 80 faizi istifadə olunub. Qalan 20 faiz isə əllərdədir. Düzdür, həmin 80 faiz də bu imkandan layiqincə yararlana bilmədi. Onların əksəriyyəti “qara bazar”da öz paylarını satışa çıxardı. Bunun da əsas səbəbi maariflənmə səviyyəsinin aşağı olması, bəzi işbazların bu prosesdən öz mənafeyi naminə istifadə etməsi idi”.

Rüfət Quliyev:

“Özəlləşdirmə çeklərinin taleyinə aydınlıq gətirilməlidir. Məlumdur ki, son illər Azərbaycanda kompleks islahatlar həyata keçirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu islahatların mahiyyətində idarəçiliyə yeni nəfəs gətirmək, dövlət qurumlarında optimal idarəetməyə keçidi təmin etmək, dövlət-vətəndaş münasibətlərini yüksəltmək dayanır… Heç şübhəsiz, burada özəlləşdirmə çekləri ilə bağlı məsələ də diqqətdən kənarda qala bilməz. Xeyli sayda Azərbaycan vətəndaşı bu gün də öz çeklərini qoruyur və tədavül müddətinin yenidən artırılmasını gözləyirlər. Hesab edirəm ki, bu məsələyə də aydınlıq gələcək. Yaxşı olardı ki, Nazirlər Kabineti səviyyəsində problem öz həllini tapsın. Hökumət bu istiqamətdə hərəkətə keçməlidir”.

Asim Mollazadə:

“2011-ci ildə tədavül müddətinin baş çatdığı elan edildi. Bu qərardan sonra yüzminlərlə ölkə vətəndaşı dövlətin onlara ayırdığı paydan istifadə hüququndan məhrum oldu. Onlar bu gün də o çekləri qoruyub saxlayırlar. Lakin heç bir real dəyəri yoxdur. Hansı ki, bu vauçerlər qiymətli dövlət kağızıdır və onların istifadəsinə şərait yaradılmalıdır… Məsələ ilə bağlı bizə də müraciətlər daxil olur. Müharibə veteranları və təqaüdçülərin Konstitusiya Məhkəməsinə müraciət etmələrindən xəbərdaram. Vətəndaşlardan mənə də müraciət daxil olub və onu Konstitusiya Məhkəməsinə ünvanlamışam. Tamamilə haqlı vurğulanır ki, fərdi şəkildə bu problemin həlli mümkün deyil. Bu səbəbdən Konstitusiya Məhkəməsi bununla bağlı qərar verməlidir. Milli Məclisin deputatı, partiya rəhbəri olaraq Konstitusiya Məhkəməsindən xahiş edirəm ki, pay sahiblərinin haqlarını təmin etsinlər. İnanıram ki, belə də olacaq. Aidiyyəti qurumlar da problemin müsbət mənada həllinə öz töhfəsini verməli, bu istiqamətdə aktiv fəaliyyətə keçməlidir”.

Kamilə Əliyeva:

“Ulu Öndər Heydər Əliyevin qərarı ilə vətəndaşlara əvəzsiz özəlləşdirmə çeklərinin paylanılması tarixi addım idi. Unutmaq lazım deyil ki, biz o zaman müstəqilliyə yenicə qədəm qoymuşduq və vətəndaşlar arasında təcrübə də yüksək səviyyədə deyildi. Keçmişdə olanları bir kənara qoyaraq gələcəyə baxmaq, özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirmək soydaşlarımıza bayram sevinci yaşadar”.

Qüdrət Həsənquliyev:

“Milli Məclisdə deputat həmkarlarım da, mən də özəlləşdirmə məsələsinə toxunmuşuq. Hesab edirəm ki, özəlləşdirmədə vaxtilə vətəndaşlara verilmiş qiymətli kağızlardan da istifadə edilməlidir. Yaxud da bu çeklərlə bağlı dövlət qərarını verməlidir. Vətəndaşlardan əllərində qalan çeklərlə bağlı müraciətlər daxil olub. Buna əsasən, deyə bilərəm ki, bu gün yüzminlərlə vətəndaş özəlləşdirmə çekləri əllərində tarixi ədalətin bərpasını gözləyir. Bu çeklər onlara qarşılıqsız və müddətsiz verilib. Sonradan tədavül müddətinin dayandırılması qərarı doğru deyildi. Bütün hallarda məsələyə yenidən baxılmalıdır. Hansısa formada vətəndaşlara dəyən zərər qarşılanmalıdır”.

Sabir Rüstəmxanlı:

“Çekləri əlində qalan çarəsiz şəxslərin dövlətə inamını bərpa etmək üçün kompleks tədbirlər görülməlidir. Mən xatırlayıram, o vaxt səbəbindən asılı olmayaraq, insanlar aldadıldı. İndi minlərlə insan haqqını tələb edir. Ona görə də çeklər ya yenidən tədavülə buraxılmalı, ya da vətəndaşlara sahib olduqları çeklərin müqabilində kompensasiya ödənilməlidir. İnsanların haqqı varsa, tanınmalıdır. Bizə, yəni deputatlara da mütəmadi müraciətlər daxil olur. Dövlətin qiymətli kağızını bu insanlar ata bilməzlər, bəs nə etməlidirlər?! Vətəndaşın haqqı özünə qaytarılmalıdır və inanıram ki, qaytarılacaq. Yüzminlərlə insanı əsir-yesir qoymaq düzgün deyil. Müvafiq dövlət orqanları məsələyə kompleks yanaşmalıdır və qanunun tələbinə əməl etməlidir”.

Elşad Mirbəşiroğlu:

“Özəlləşdirmə çekləri ilə bağlı məsələ dəfələrlə gündəmə gəlib. Yaxşı olardı ki, bu problem həllini tapsın. Hüquq nəyi tələb edirsə, qanuna uyğun şəkildə də məsələ yoluna qoyula bilər… Vaxtilə özəlləşdimə payları əlində qalan vətəndaşların xeyli hissəsi öz çeklərini satışa çıxardı. Lakin görünür, bəzi vətəndaşlar hələ də həmin qiymətli kağızlarını saxlayıblar. Bunların qiymətli kağızının hədər olmaması üçün lazımi addım atılması yaxşı olardı”.

Elman Məmmədov:

“Əgər vətəndaşın haqqı pozulubsa, mən dəqiq inanıram ki, dövlətimiz, Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyev o hüquqların bərpası istiqamətində göstəriş verəcək. Azərbaycan dövləti vətəndaşının sosial vəziyyətinin yaxşılaşdırılması üçün əlindən gələni edib, etməkdədir… Əllərində çekləri olan minlərlə insanın dediyi kimi, əgər dövlətin qiymətli kağızı qanunsuz şəkildə qiymətsiz kağız parçasına çevrilibsə, bu məsələyə baxılmalıdır və baxılması yaxşı olar”.

Aydın Hüseynov:

“Ölkəmizdə özəlləşdirmə məsələsində yeniliklər, konseptual yanaşmalar gözlənilir. Hesab edirəm ki, bu kimi məsələlər hökumətin yeni strateji qərarlarına əsasən müəyyən edilə, həll oluna bilər. Xatırlatmaq istərdim ki, xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkəmizdə iqtisadi-siyasi, sosial-ictimai münasibətlərdə yeni mərhələnin başlanğıcı qoyuldu. Həmin vaxt ümummilli liderimizin vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətindəki addımlarından biri də özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması idi. Ulu öndər yaxşı bilirdi ki, hər bir inkişaf etmiş ölkənin yüksək tərəqqi mərhələsinə çatması birbaşa azad və liberal iqtisadiyyatın təmin edilməsindən asılıdır… Ölkədə baş verən yeni iqtisadi proseslər çərçivəsində özəlləşdirmə siyasətinə də yenidən baxılması gözləniləndir. Məlumdur ki, Azərbaycan yeni iqtisadi islahatlar və yeni inkişaf ssenariləri ilə irəliləyir. Özəlləşdirmə çeklərindən istifadəyə tələb bazarın qanunauyğunluqları, özəlləşdirmənin xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir. Müəyyən qədər çek var ki, onlar səhm və digər qiymətli kağızlar kimi saxlanılır. Hesab edirəm ki, tələblərə uyğun olaraq, özəlləşdirmə paylarından hansısa formada istifadəyə şərait yaradılması, müraciət edən vətəndaşların probleminin yoluna qoyulması mümkündür”.

QEYD

Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın