18.10.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlarından biridir

Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlarından biridir

Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlarından biridir

Zəngilan rayonu Qarabağın cənubunda, İranla sərhəddə yerləşir. Ərazisi 707 kvadratkilometr olan rayonun əhalisi 45 min (1993-cü ildə 39 min) nəfərdir. Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları var. Ərazisində əsasən mülayim isti iqlim müşahidə edilir. Araz, Oxçuçay, Həkəri və Bəsitçay rayonun ərazisindən axan çaylarıdır. İlin bütün fəsillərində bol sulu olan çaylardan məişət və kənd təsərrüfatından başqa, müxtəlif sahələrdə də istifadə edilirdi. Ərazisində tikinti daşı, əhəng xammalı, qızıl, qara mərmər və s. kimi faydalı qazıntılar var. Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi. Zəngilanda əkinçiliklə yanaşı, heyvandarlıq da inkişaf etmişdi. Lakin 27 illik işğal nəticəsində Zəngilanın sərvətləri düşmən tərəfindən tar-mar edilib, infrastruktur sıradan çıxarılıb, yaşayış məntəqələri vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.

Bu il oktyabrın 20-si Zəngilan Şəhəri Günü qeyd ediləcək. Prezident İlham Əliyevin keçən il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 20-də Zəngilan Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Qeyd edək ki, bu əlamətdar günün təsis olunması Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, oktyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür. 2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin – Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu açıqlayıb. Oktyabrın 20-də Zəngilan şəhəri və 6 kəndi ilə yanaşı, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşlinin keçmiş adı Noraşen idi), Çinarlı kəndləri erməni işğalçılarından təmizlənib. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Xüsusilə qeyd etmək lazımdır ki, Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 25-də və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib. Onlar rayonun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar. Yeri gəlmişkən, 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Zəngilan rayonunda səfərdə olublar. Ali Baş Komandan Zəngilan şəhərində şanlı Azərbaycan bayrağını ucaldıb. Azad olunandan sonra Zəngilanda minatəmizləmə əməliyyatları ilə yanaşı, paralel olaraq yenidənqurma və bərpa işləri də davam etdirilir. Rayon ərazisində infrastrukturun bərpası işləri uğurla həyata keçirilir. Təsadüfi deyil ki, artıq Zəngilana həyat qayıdıb. Məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə qayıdışı məhz bu rayonla başladı. Belə ki, bu il rayonda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olundu. Sakinlərin əzəli və əbədi kəndlərinə köçürülməsinə 2022-ci ilin iyulundan başlanılıb və proses hazırda davam etdirilir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Zəngilanın azad olması həm də tarixi əhəmiyyətə malik olan Azərbaycan torpağının erməni vandalizmindən azad olması demək idi

Vətənimizin bütövlüyünün təmin edilməsi XX əsrin sonlarında tarixinə vurulan ağır zərbələrdən sonra onun xarici və daxili siyasətinin başlıca meyarı olmuşdu. Məhz bu istiqamət üzrə 2016-cı ilin aprel döyüşləri və 2020-ci il iyul hərbi əməliyyatları bir qığılcım rolu oynamışdır. Bu həqiqətlərin tarixi davamı olaraq, 27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsi zirvə nöqtəsini təşkil etmişdir. Hərbi əməliyyatlar “Dəmir yumruq”adlı hərbi döyüş taktikasının yüksək peşakarlıqla təşkili və tətbiqi nəticəsində məharətlə yerinə yetirildi. Döyüş taktikalarının düzgün yerinə yetirilməsi, Cəbrayıl rayonunun işğaldan azad olunmasına imkan yaratmış oldu. Zəngilan rayonu Azərbaycan Silahlı Qüvvələri tərəfindən 18 oktyabr 2020-ci il tarixindən qanlı döyüşlərin başlaması 20 oktyabr 2020-ci il tarixdə şəhər mərkəzi başda olmaqla 4 qəsəbəsi və 49 kəndinin azad edilməsi ilə nəticələnmişdir.

Zəngilan azad olunması həm də 132-km uzunluğunda Azərbaycan–İran sərhədinin bərpası demək idi. Ali Baş Komandanın 20 oktyabr tarixində xalqa ünvanlanmış müraciətində Zəngilanın Azərbaycanın tarixi əhəmiyyətə malik olduğu ərazi kimi azad olmasının da nə qədər önəmli olduğunun göstərdi. Zəngilanın azad olunmasının əsas döyüşləri Mincivan, Ağbənd və Bartaz qəsəbələrinin uğurunda aparılan haqq savaşı təşkil etmişdir.

2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Bu şərəfli yolda canlarını fəda etmiş şəhidlərimizi böyük ehtiramla anmaq hər bir Azərbaycan vətəndaşının şərəfli borcudur.

Zəngilanın azad olması həm də tarixi əhəmiyyətə malik olan Azərbaycan torpağının erməni vandalizmindən azad olması demək idi. Barbar həyat tərzi sürmüş erməni işğalçıları Vətənimizin bu tarixi torpağının qədim abidələrini, məzarlıqlarını vəhşicəsinə çapıb talamış, bununla da əsrlər boyu türklərə olan nifrətlərini açıq şəkildə nümayiş etdirmişlər. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyev başda olmaqla igid oğullarının qəhrəmanlığı ilə ərazimizin azad olmasında məharətlə çıxış etmiş, hətta əhval-ruhiyyələrini müharibənin ilk günlərindən qələbəyə kökləmişlər.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın