13.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdakı imzasını dandı

Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdakı imzasını dandı

Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdakı imzasını dandı.

Paşinyan bunu Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının İrəvanda keçirilmiş geniş tərkibdəki iclası zamanı etdi.  Ermənistan ötən ildən başlayaraq üzvü olduğu və Rusiyanın hakim rol oynadığı Aİİ-yə rotasiya qaydasında sədrliyi həyata keçirməkdədir. Bu ilin dekabrında sədrlik müddəti başa çatacaq və missiya başqa ölkəyə keçəcək. Paşinyan isə Ermənistan Aİİ-yə rəhbərliyə başlayarkən bildirmişdi ki, qurumun sırf iqtisadi zəminli təşkilat olaraq qalması vacibdir, siyasi amillər onun fəaliyyətinə hansısa formada təsir göstərməməlidir. Əlbəttə, Nikolun mövqeyi absurddur.

Birincisi, Aİİ nə qədər iqstisadi təmayüllü təşkilat olsa da, mümkün deyil ki, siyasi ritorikadan kənarda dayansın. İkincisi, Paşinyan haqqında söz açdığımız fikri elə-belədən səsləndirməmişdi. Məlumdur ki, rəsmi İrəvanın anti-Rusiya köklənişi var. Ermənistan o zaman da, elə indi də üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətini ciddi şəkildə boykot etməklə məşğuldur. KTMT müstəvisində Rusiya əleyhinə demarş edən Paşinyan ölkəsinin, hətta, qurumdan çıxa biləcəyini də təkrarlamaqdadır. Aydındır ki, Rusiyanın başlıca mövqe tutduğu bir təşkilatla yaxşı olub, o biri ilə pis olmaq ağlabatan deyil. Nikol isə faktiki olaraq bunu deyir: siyasi planda Moskvaya qarşı çıxacağıq, amma bunun iqtisadi zərərini görməməliyik. Əlbəttə, belə yanaşmada normal məntiq yoxdur.

Ermənistanın KTMT-ni gözdən salmaq istəyi xüsusunda onu da deyə bilərik ki, ölkə, ümumən, Rusiyanın hakim rol oynadığı bütün təşkilatları heçə saymaq üçün bəhanə axtarışındadır. Paşinyan 2 il əvvəl KTMT-yə sədrliklə dağıdıcılığa yol verdiyi kimi, hazırda eyni “missiyanı” Aİİ müstəvisində gerçəkləşdirir. O, bunu 1 il əvvəl dilə gətirdiyi və qurumun iqtisadi yönümlü olmasının vacibliyinə, siyasi amillərin onun fəaliyyətinə təsir göstərməsinin yolverilməzliyinə dair tezisi inkar etməklə gerçəkləşdirir.

Beləliklə, Paşinyan birbaşa 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın adını tutmasa da, tam aydındır ki, həmin sənədlə bağlı manipulyativ mövqeyini Aİİ müstəvisinə keçirir. Nikol bildirib ki, ölkəsi malların və insanların Ermənistandan keçidinin təhlükəsizliyinin təminatına hazırdır. Ardınca isə vurğulayıb ki, rəsmi İrəvanın haradasa, hansısa sənəddə üçüncü dövlətin Ermənistan ərazisində kommunikasiyaların təhlükəsizliyini təmin etməsinə razılıq verməsi barədə bəyanatlar reallığın təhrifidir. Baş nazir onu da bildirib ki, reallığın təhrifi İrəvanın regional kommunikasiyalarla bağlı öz suverenliyinin məhdudlaşdırılmasına nə vaxtsa razılıq verdiyini nəzərdə tutan bəzi şərhlərə də aiddir.

Elə isə 44 günlük müharibəyə son qoymuş, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat üzərində dayanaq. Daha doğrusu, sənədin 9-cu bəndinə diqqət yetirək. Həmin bənddə açıq şəkildə bildirilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirirlər. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın