14.03.2025 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

AZƏRBAYCAN QADINLARININ CƏMİYYƏTDƏ ROLU BÖYÜKDÜR – Elşən Əzizov

AZƏRBAYCAN QADINLARININ CƏMİYYƏTDƏ ROLU BÖYÜKDÜR – Elşən Əzizov

Bu gün cəmiyyətimizdə qadınların rolunun daha da artdığını görürük. Ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında qadınlarımız fəal iştirak edirlər. Hansı sahəyə nəzər salsaq, onları orada öz peşəsini, ixtisasını dərindən bilən kadrlar arasında görürük. İstedadlı şair, yazıçı, rəssam, bəstəkar, bacarıqlı həkim, müəllim, mühəndis, alimdirlər. Respublikamızda həm kənd təsərrüfatının, həm də sənayenin inkişafında qadınlarımızın əməyi böyük və təqdirəlayiqdir. Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyib: “Bu bayram, doğrudan da, bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar…” Ümummilli Lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmandan irəli gələn məsələlərin həlli istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Prezident İlham Əliyevin 6 fevral 2006-cı il tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətləri daha da genişləndirilib, komitə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi statusunu alıb. Bu qurum həyata keçirilən sosialyönümlü dövlət siyasətinə uyğun olaraq qadınların işlə təmin olunması, məşğulluq strategiyasının həyata keçirilməsi, gender bərabərliyinin qorunması, uşaq hüquqlarının müdafiəsi və digər istiqamətlərdə mühüm işlər görür.

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda – Amerikada, Avropanın bir çox ölkəsində, Müstəqil Dövlətlər Birliyi ölkələrində, müsəlman ölkələrində bir sıra sosial, elm və təhsil, İKT, mədəniyyət sahələrində layihələr həyata keçirilir. Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin, musiqisinin, incəsənətinin, ədəbiyyatının, tarixinin dünyada tanınmasında rolu danılmazdır. Sürətlə dəyişən, qloballaşan dünyada milli-mənəvi  zənginliklərimizin, əxlaqi-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında qadınlarımızın rolu əvəzsizdir.  Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ədəbi-ictimai və mədəni-elmi fikir tariximizdə iz buraxmış maarifpərvər sələflərinin adlarını uca tutan və nəsillərin varisliyi prinsipinə sadiq qalaraq onların açdıqları yolda inamla irəliləyən Azərbaycan xanımları bu gün də dolğun sosial-mədəni fəaliyyətləri ilə cəmiyyətimizin inkişafına xüsusi dinamizm və ahəngdarlıq qatırlar. Otuz ilə yaxın davam edən Ermənistanın işğalına 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində və 2023-cü il 19-20 sentyabr antiterror tədbirləri ilə son qoyan, düşməni ağır məğlubiyyətə uğradaraq Vətən torpaqlarını əsarətdən xilas edən Azərbaycan oğullarının anaları da övladları kimi qəhrəmandırlar. Ona görə ki, zamanı gələndə Vətən üçün sinəsini düşmən güllələrinə sipər etməyi bacaran, dövlətinə dayaq, xalqına arxa olan  oğullar böyüdüb, tərbiyə ediblər. Övladları dəhşətli müharibədə şəhid olan, yaxud sağlamlığını itirən və ən böyük təsəllini Vətən torpaqlarının erməni vandallarından xilas edilməsində görən mərd, mətin, ləyaqətli analarımızın hər biri ən böyük sevgiyə, alqışa layiqdirlər. Dövlət başçısı İlham Əliyev təbrikində vurğuladı: “Fədakar analarımız, yüz illər əvvəl olduğu kimi, vətəni ana qədər əziz və müqəddəs bilən, qəlbləri doğma yurda sevgi ilə dolu, ənənələrimizə sadiq, saf əqidəli övladlar yetişdirirlər.

Haqq işi uğrunda apardığımız Vətən müharibəsində xalqımıza parlaq qələbə sevinci yaşadan gənclərimizin unudulmaz rəşadəti bunun aydın təzahürüdür”. Bir məqamı da qeyd etmək lazımdır ki, bu gün qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğuna da sirayət etmişdir. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın ləyaqətlə xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəflə yerinə yetirirlər. Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən dövlət qadın siyasəti qadınların cəmiyyətdə rolunun yüksəldilməsinə xidmət edir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri var.

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatının sədri

Elşən Əzizov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın