Balkanlardan Xəzərə uzanan bu dostluq körpüsü gələcək illərdə möhkəmlənəcək və iki ölkə arasında əlaqələri daha da gücləndirəcək
Balkanlardan Xəzərə uzanan bu dostluq körpüsü gələcək illərdə möhkəmlənəcək və iki ölkə arasında əlaqələri daha da gücləndirəcək.
Martın 10-da ölkəmizə səfərə gələn Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın rəsmi qarşılanma mərasimi olub, daha sonra martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış ediblər.
Ölkə başçımız bildirib: “Biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq. Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Ancaq ümid edirəm ki, Sizin rəsmi səfərinizdən və nümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu da dolduracağıq”.
İki ölkə iqtisadi sahədə əməkdaşlıq üçün potensiala malikdir. Azərbaycanın enerji resursları və nəqliyyat-logistika imkanları Makedoniya üçün əhəmiyyətli perspektivlər açır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və gələcəkdə bu sahədə əməkdaşlığın genişlənməsi mümkündür.Ölkəmizin həyata keçirdiyi beynəlxalq enerji və infrastruktur layihələri, xüsusilə Cənub Qaz Dəhlizi Balkan regionu üçün də mühüm əhəmiyyət daşıyır. Şimali Makedoniya Azərbaycanın enerji sektorundakı təcrübəsindən yararlanmaqda maraqlıdır. Bununla yanaşı, kənd təsərrüfatı, informasiya texnologiyaları və alternativ enerji sahələrində də əməkdaşlıq perspektivləri mövcuddur.
Azərbaycan və Şimali Makedoniya arasında münasibətlərin digər vacib aspektlərindən biri də mədəni və humanitar sahədə əməkdaşlıqdır. Hər iki xalqın zəngin tarixi və mədəni irsi əlaqələri daha da gücləndirir. Təhsil sahəsində əməkdaşlıq çərçivəsində azərbaycanlı tələbələrin Şimali Makedoniyada təhsil alma imkanlarının genişləndirilməsi və akademik mübadilələrin təşviq edilməsi müzakirə olunur. Azərbaycan Şimali Makedoniya vətəndaşları üçün cəlbedici turizm məkanıdır və Makedoniyanın tarixi və təbii gözəllikləri azərbaycanlı turistlər üçün maraq kəsb edir. Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana növbəti səfəri iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə yüksəlməsinə səbəb olacaqdır.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru