Biz münasibətlərimizin inkişafından məmnunuq, onları yüksək qiymətləndiririk və əminəm ki, bu müsbət dinamika qorunub saxlanılacaq
Bu gün sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır.
Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr, sazişlər imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır. İctimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. Dövlətimizin başçısının Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir. Bildiyimiz kimi, Moskvada “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması iki dövlət arasında münasibətlərin daha da dərinləşməsi, bir-birinin maraqlarının qarşılıqlı hörmət təməlləri üzərində qurulması baxımından əhəmiyyətlidir. Bəyannamə Rusiya ilə Azərbaycan arasında rəsmi diplomatik əlaqələrin 30 illiyinin tamam olduğu ildə imzalandı. 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. “Belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir”, – deyə Prezident müsahibəsində bildirib. İki ölkə arasında tarixi əlaqələrin genişlənməsi siyasi, iqtisadi, sosial, humanitar, mədəni sahələrdə münasibətlərin dərinşməsində özünü göstərir. Əlbəttə ki, ikitərəfli münasibətlər Rusiya və Azərbaycan xalqlarının maraqlarına uyğundur, regional və beynəlxalq təhlükəsizliyin, sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verir. Heç şübhəsiz ki, Moskva Bəyannaməsi əlaqələrin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmağa imkanlar açıb. Sənəd tərəflər arasında bir çox sahələrdə, o cümlədən hərbi-siyasi sahədə əməkdaşlığın daha da möhkəmlənməsinə təkandır. Azərbaycan və Rusiya arasında imzalanan Moskva bəyannaməsi Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsinə töhfədir. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb. Görülən işlər ölkələr arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə verəcək.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin Muzey bələdçisi Xanım İmanova
Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması faktı həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır.
“Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib. “Ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq, – deyən dövlətimizin başçısı bundan sonra da belə olacağına əminliyini ifadə edib. Azərbaycan-Rusiya əlaqələri dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Azərbaycan və Rusiya münasibətlərinin tarixi dövrü ölkələr arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib. Əlbəttə ki, ikitərəfli münasibətlər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının xalqlarının maraqlarına tam şəkildə cavab verir, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə töhfə verir. Dövlətlərarası siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Müstəqillik dövründa iki ölkə arasında mövcud olan münasibətləri qoruyub saxlayaraq keyfiyyət və mahiyyətcə yeni səviyyəyə çıxarmaq mümkün olmuşdur. Bu gün Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığın bütün sahələrini, o cümlədən siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar, təhsil istiqamətləri nəzərdə tutur, eyni zamanda böyük həcmdə hərbi-texniki əməkdaşlığı əhatə edir. Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Dövlət başçımız müsahibəsində bildirib ki, əlbəttə, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik.
Zərdab rayon Heydər Əliyev Mərkəziin Elmi işçisi – Alagöz Namazova