27.07.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”

“Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”

“Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”.

Dünyada bir sıra uğurlu birlik nümunəsi olsa da, gücünü tarixindən alan və eyni soykökə sahib dövlətlərin səmərəli əməkdaşlığına rast gəlmək olduqca çətindir. Məhz bu çərçivədə Türk Dövlətləri Təşkilatı  yeni dünya nizamında aparıcı mövqeyə sahibdir. Bu təşkilatın üzvlərinin sayı 2009-cu ildə təşkilatın cəmi dörd iştirakçısı olsa da, 2021-ci ildə iştirakçıların sayı yeddiyə çatıb. Türk Dövlətləri Təşkilatı iştirakçı ölkələrin müstəqilliyinə və suverenliyinə heç bir maneə yaratmır. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. Son  illər ərzində cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə səfərləri təşkil olunmuşdur. Qardaş dövlətlərin rəhbərləri də Azərbaycana çoxsaylı səfərlər edirlər.

Azərbaycan ilə Qırğızıstan arasında Strateji Tərəfdaşlıq haqqında, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi barədə bəyannamələrin, Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması, o cümlədən Azərbaycanın Qazaxıstanla, Türkiyənin Özbəkistan və Qırğızıstan ilə imzaladıqları ikitərəfli sazişlər olduqca böyük əhəmiyyət kəsb edir. İkitərəfli tərəfdaşlıq çoxtərəfli əməkdaşlığa yol açır, öz növbəsində strateji layihələrin reallaşdırılmasına münasib zəmin formalaşdırır. Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub.

Regionda geosiyasi reallıqlar, super güclərin öz maraqları uğrunda mübarizə apardığı bir dövrdə türk dövlətlərinin daha intensiv əməkdaşlığına zəmin yaradır. Həmçinin müasir dövrdə dövlətlər arasında ittifaqlaşma prosesinin güclənməsi türk dövlətlərini eyni çətir altında birləşdirir. Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı türkdilli dövlətlərin öz aralarında, həm siyasi-iqtisadi, həm də hərbi sferada əməkdaşlığın koordinasiyalı şəkildə möhkəmlənməsinə, təhlükəsizlik platformasının genişlənməsinə rəvac verən addımların atılacağının işarəsidir. Bu format regional təhlükəsizliyin yeni strukturunun yaradılması baxımından çox vacibdir.

“Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”. Bu fikir ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir və gücləndirəcəkdir.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq

Türklər tarixən dünyada nizam və ədalət nümunəsi olublar. Bu gün güc­lənməkdə olan Türk dünyası üçün bu amil son dərəcə vacibdir. Türk Dövlətləri Təşkilatı da mövcud istiqamətdə strukturlaşmış siyasət yürütməkdədir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, hazırda dün­yanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur, müharibələr, qanlı münaqişələr alov­lanır. “Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsiz­liyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükə­sizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artma­lıdır.

Azərbaycanı və Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Bu ölkələri ilə əməkdaşlıq əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf edir. Azərbaycan bu ölkələr üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir.

Günü-gündən mühüm şəkildə irəliləyən inkişaf sayəsində böyük ideala, oxşar tarixə, köklərə, adət-ənənələrə malik, Şərqlə Qərb arasında yerləşən türk dövlətlərinin siyasi inteqrasiyasına doğru mühüm addımlar atıldı. Qlobal enerji, iqlim məsələləri, nəqliyyat layihələrinin, kəmərlərinin təhlükəsiz keçidinin türk dövlətlərinin sərhədləri daxilində yerləşməsi də Türk Dövlətləri Təşkilatı üçün əlverişli imkanlar yaradır.

Türk Dövlətləri Təşkilatı ilə münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri, o cümlədən iqlim dəyişkənlikləri  mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir.

Tarixi İpək Yolunun üzərində yerləşən, Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısı olan Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə də önəmli töhfələr verir.

Türk Dövlətləri Təşkilatı ilə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi, hərbi, ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi mühüm sahələrin əhatə olunması, hər iki dövlətin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat layihələrinin əhəmiyyətinin, müdafiə sahəsində əməkdaşlığın, iş birliyi məsələsinin ön planda göstərilməsi tarixi nailiyyətdir.

Əminliklə deyə bilərik ki, türk dövlətləri gələcəkdə də, daha böyük nailiyyətlərə imza ataraq qlobal destabilliyin aradan qaldırılmasına önəmli töhfələr verəcəklər.

 Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə  olan məsələlərdir

Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan,  Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların  sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat  marşrutdur.

Orta Dəhlizin bir sıra önəmli üstünlüklərini sadalamaq mümkündür. İlk növbədə, bütün marşrut boyunca vahid tarif, “bir pəncərə” prinsipi tətbiq olunur. Bu kimi amillər, həmçinin dəhlizin keçdiyi ölkələrdə təhlükəsizliyin təmin olunması Avropada və Asiyada ölkələrin və daşıma şirkətlərinin diqqətini Orta Dəhlizə yönəldir. Qlobal miqyasda Orta Dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdir.

Azərbaycan Respublikası Transxəzər marşrutu üzrə ən önəmli halqalardan birini təşkil edir.Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması və s. amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır.

Dövlətimizin başçısı cənab Prezident  İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək.

İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan üzərindən, yəni, Xəzər dənizi üzərindən gedən yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirib çıxarılır. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. İndiki dövrdə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var.

 Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır

Hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan Şuşa tarixən mədəniyyət şəhəri kimi tanınıb. Şəhərin simasında zəngin Azərbaycan mədəniyyətinin, o cümlədən də şəhərsalma mədəniyyətimizin izləri hər daşa hopub desək, yanılmarıq. Hələ keçmiş sovet dönəmində şəhərin mədəni həyatı çox qaynar idi. Burada tez-tez ittifaqın hər yerindən gələn qonaqların işirakı ilə festivallar baş tuturdu. Vaqif poeziya günlərinin keçirilməsi ənənə halını almışdı.

Mədəniyyət xalqları birləşdirən ən etibarlı körpüdür. Şuşanın tarixi-mədəni zənginliyi həm də bütün Türk mədəniyyətinin qədimliyi və zənginliyi anlamında qəbul olunur. Təəssüf doğuran haldır ki, 30 illik işğal dövründə zəbt olunmuş digər ərazilərdə olduğu kimi, Şuşanın da mədəni irsinə ciddi ziyan vurulmuşdur. Ermənilər qədim şəhərimizin xalqımıza xas olan izlərini itirmək və yaxud öznünküləşdirmək məqsədilə müxtəlif vandalizm əməllərinə əl atmışlar. Qalib Azərbaycan bu gün Şuşanın tarixi abidələrinin, mədəni həyatınının ənənələrini davam etdirmək üçün ardıcıl addımlar atır.

Bu il Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün Şuşada keçirilməsi, təbii ki, böyük rəmzi məna daşıyır. Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər.Qeyd edək ki, üzv dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Zəngilanda birinci mərhələsi açılan “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksi və s. vurğulamaq lazımdır. Həyata keçirilən layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. Türkiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezidenti, Qırğızıstan Prezidenti Ağdama və Füzuliyə səfər etmişdir. Yəni bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir. Onu da qeyd etmək lazımdır ki, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməli isə bu yaxınlarda Qırğızıstan Prezidentinin təşəbbüskarlığı ilə Ağdam rayonunda qoyulmuşdur. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Yəni, bütün bunlar bir daha birliyimizi göstərir.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın