22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

17 oktyabr Füzuli şəhəri günü

17 oktyabr Füzuli şəhəri günü

17 oktyabr Füzuli şəhəri günü

17 oktyabr təqvimdə Füzuli rayonunun erməni işğalından azad olunması tarixi kimi əbədiləşib. Azərbaycanın iri yaşayış məskənlərindən biri olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb. Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb. Füzuli şəhərinin azad olunmasının əməliyyat planı özünəməxsusluğu ilə diqqət çəkir. Belə ki, Ordumuz düşmənin gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil oldu. Bu qarşısıalınmaz hücum nəticəsində düşmənin yalnız bir yolu qalırdı – qaçmaq. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu. Füzuli əməliyyatı nəinki Azərbaycanın, həm də dünyanın hərb tarixində əlamətdar bir yenilikdir ki, bu gün də bir çox ölkənin hərbi məktəblərində maraqla öyrənilir. Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Füzuli rayonu digər yaşayış məntəqələrimizlə yanaşı, erməni işğalı zamanı vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.

Artıq Füzuli rayonunda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Şəhər ərazisində infrastruktur bərpa olunur.

 Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin  əməkdaşı Leyla Əliyeva

 

 

22 yaşayış məntəqəsinin işğaldan azad olunması.

Azərbaycanın  iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.Təqvimdə elə tarixlər, yaşanan elə anlar olur ki, onu illər ötsə, qərinələr dolansa belə unutmaq olmur. Necə ki, Azərbaycan xalqı Füzuli rayonunun işğalını, Füzulidə yaşanan dəhşətli anları unutmur. Hər kəsə yaxşı məlumdur ki, Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.1994-cü ilin yanvarın əvvəllərində həyata keçirilən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində qısa müddətdə 21 min hektar ərazi – Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Azərbaycan ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək hərbçilərdə güclü ruh yüksəkliyi yaratması nəticəsində nail olub. Rayon üçün digər bir problem işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsidir. Atəşkəs razılaşması imzalandıqdan sonra Füzuli rayonu ərazisinin minalardan təmizlənməsi işlərinə başlanılıb. Ehtimal olunur ki, Füzuli rayonunun işğaldan azad olunmuş hissəsində – 9 milyon metr ərazidə partlamamış hərbi sursat var. Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca həmsərhəd olan Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. 1996-cı ildən başlayaraq rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılıb. Ötən dövr ərzində təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. Ərazidə məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və başqa məişət qayğıları həll edilib. 2003-cü ildə prezident seçkiləri ərəfəsində “Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq”, – deyən Prezident İlham Əliyevin sərəncamları ilə rayon ərazisində məcburi köçkünlər üçün 17 qəsəbə salınıb. Horadiz qəsəbəsinə şəhər statusu verilib, işğal nəticəsində dağıdılmış minlərlə ev bərpa edilib. Horadiz respublikamızın ən gözəl şəhərlərindən birinə çevrilib. Bütün bunlarla yanaşı füzulililərin ən böyük arzusu işğal altında olan Füzuli şəhərinin və 61 kəndin azad edilməsi və doğma yurdlarına qayıtmaqdır.  Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edilib.Döyüşlər başlayandan oktyabrın 17-dək Füzuli rayonunun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad olunub. Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində çatdırıb.

Zərdab rayon Nizami adına Şəftəhal kənd tam orta məktəbin müəllimi Aygül Cəfərova.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın