Cinayət işi açılan “Gold Məkan” qanunsuz söküntü işlərini davam etdirir
2024-cü il 17 dekabr tarixində Nərimanov Rayon Prokurorluğunda 186, 308 maddələri ilə özəl tikinti şirkəti “Gold məkan” MMC-yə qarşı açılan cinayət işinə baxmayaraq, şirkətin qanunazidd əməlləri Nərimanov rayonu sakinlərinin 1,5 ildir səbir kasasını artıq daşdırır. Dövlət qurumlarının isə tikinti şirkətinin qanunsuz fəaliyyətinə göz yumduğu bildirilir.
Qanunla.az-ın hazırladığı reportajda bina sakinlərinin etirazları lentə alınıb.
Belə ki, uzun müddətdir Nərimanov rayonu, Ağa Neymətulla, F.X.Xoyski və Faiq Yusifov küçələrinin kəsişməsində, 1,6 hektar ərazidə yerləşən binaların sakinləri Gold məkan MMC- nin özbaşınalığından əziyyət çəkir.
Sakinlərin sözlərinə görə, Nərimanov rayonunda 7 binanı sökərək yerində hündürmərtəbəli bina inşa etmək istəyən “Gold Məkan” MMC tikinti şirkəti heç bir rəsmi qurumdan icazə almadığı halda söküntü işlərini davam etdirir. Şəhərsalma və Arxitektura Komitəsindən icazə alınmadan, sakinlərlə rəsmi, yəni notarial qaydada müqavilə bağlanmadan, 1 oktyabr 2023-cü il tarixində binanın önü və ətraf küçələri hasarlarla bağlanıb. Bundan sonra bina sakinləri üzləşdikləri problemlə bağlı 2024-cü il 2 oktyabr tarixində Nərimanov rayon İH , Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və bir sıra digər qurumlara müraciət ediblər. 23.10.23 ildən bu günə kimi Arxitektura və Şəhərsalma Komitəsi Read Qasımovun qolu ilə ən azı 10 məktub Nərimanov İcra Hakimiyyəti və FHN Tikintidə Təhlükəsizlik İdarəsinə göndərilmişdi ki, hasarlanma, məhəllə yollarının bağlanması qanunsuzdur və aradan götürülməlidir. Lakin bu iki qurumdan heç biri bu göstərişləri yerinə yetirmədi. Əksinə Bakı şəhər İH-in işçiləri məhəllədəki ağacları ” budağlama” adı ilə qırdı və 3 gün daşıdı. Cəbrayıl Xanlarovun rəhbərlik etdiyi qurum F.Yusifov küç. 43, 43a binaları söküləndən sonra sağlam binaların “qəzalı” olması barədə akt tərtib etdi.
Ağa Neymətulla küçəsi 58 ünvanında yerləşən bina tikinti meydançasının tam ortasında yerləşməsinə baxmayaraq, heç bir sakinlə müqavilə bağlanmayıb. Məhəlləyə 3 girişdən artıq ikisi şirkət tərəfindən zəbt olunub. Sakinlərin maşınları qarajda girov qalıb.
Eyni mənzərə qonşu məhəllədəki 50a bina ətrafında da 6 ildir müşahidə olunur. Mülkiyyətçilər hesab edirlər ki, onların da binasını qonşu binanın aqibəti gözləyir. Çünki bu etibarsız şirkət yalnız öz mənfəəti üçün yol üstündə bina tikərək 4 mərtəbəsini sakinlərin çıxarışları hesabına qeyri-yaşayış edərək obyektlərə çevirəcək, Təbriz küçəsində tikdiyi binalar kimi… Mülkiyyətçilər isə o binalarda indiyədək 6 ildir çıxarışsız yaşayır, çünki FHN o binaları istismara yararsız sayır və akt bağlamayıb.
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16(005)-84/2024 saylı, 12.03.2024-cü il tarixli qərardadına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1871/2024 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ev 58 ünvanında yerləşən binanın ətrafında söküntü, tikinti və binanı qəzalı vəziyyətə sala biləcək hər hansı bir fəaliyyət göstərilməsi “Gold Məkan” MMC-yə və digər şəxslərə qadağan edilib. Dövlət Şəhərsalma Komitəsindən və FHN-dən gələn cavab məktubuna əsasən, sözügedən şirkətin ərazidə tikinti-söküntü işləri aparması üçün heç bir icazəsi yoxdur. Məlum olub ki, Bakı Şəhər İcra Hakimiyyəti bina da daxil olmaqla, torpaq ərazisini sözügedən şirkətə icarəyə verib. Lakin həmin sənəddə ərazidə tikinti-söküntü işlərinin aparılmasıyla bağlı heç bir icazə bəndi yoxdur.
İnzibati Məhkəmənin hakimi Aysev Almazovanın 08.04.24 il tarixində Sərəncamın ləğvinin mümkünsüzlüyü barədə qərarı 21.08.24 tarixində Apellasiya Məhkəməsinin hakimi Kamran Əkbərov tərəfindən ləğv edilmişdir, lakin icrası yerinə yetirilməyib. Cavabdeh Bakı şəhəri İH olduğu halda cinayətkar “Gold Məkan” şirkəti hakim Miminat Hacıbəyova tərəfindən qəbul edilərək işin mülkü olduğunu hesab edir. Nərimanov Rayon Məhkəməsində mülki iş (hakim Solmaz Ədilova) Elşən Albəndovun rəhbərlik etdiyi qurum tərəfindən məhkəmə ekspertizası 9 aydır yuvadılır. “Gold Məkan”ın fəhləsinin zorakılıq faktı 221.3 əvəzinə 128-ci maddə ilə Gültəkin Əsədova tərəfindən düzgün qiymətləndirilmədi. Hesab edirik ki, hakimlərə göstərişlər və təzyiqlər Araz Hüseynov və Həbib Həsənov məhkəmə sədrləri tərəfindən olunur.
FHN-nin 1219 nömrəli qərarına əsasən, “Golad Məkan” MMC-nin fəaliyyəti 16.12.2024-cü il tarixindən etibarən dayandırılıb. Lakin buna baxmayaraq, “Gold Məkan” 43, 43a sağlam yaşayış binalarını o qərardan sonra qanunsuz söküb. İndiyə kimi də gecə saatlarında ərazidə söküntü işləri davam etdirilir. Sakinlər Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyətinin məsələyə adekvat münasibət bildirmədiyini, şikayətlərinə məhəl qoyulmadığını, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan məktubların heç birinə cavab verilmədiyini qeyd edirlər.
Şikayətçilər binaları söküləcəyi təqdirdə prosesin qanuni əsaslarla icra olunmasını tələb edirlər. “Gold Məkan” isə qanunları heçə sayaraq, bina sakinləri ilə ortaq razılığa gəlmək niyyətində deyil.
İrəli sürülən ittihamlarla bağlı “Gold Məkan”ın mövqeyini dərc etməyə hazırıq.
Sözügedən reportajı təqdim edirik: