Rəsmi İrəvanın uzun illər ərzində davam edən hərbi cinayətləri
Rəsmi İrəvanın uzun illər ərzində davam edən hərbi cinayətləri.
Qədim tarixə, qüdrətli dövlət ənənələrinə, zəngin milli-mənəvi dəyərlərə malik olan Azərbaycan xalqı özunun 5 min illik tarixi ilə fəxr edir. Yaxın və Orta Şərq ölkələrinin, eləcə də, türkdilli xalqların tarixində ilk dövlətçilik ənənələri qurub inkişaf etdirən Azərbaycan xalqı hazırki müasir dövrümüzdə də hüquqi, dünyəvi, demokratik dövlət yaradaraq dünya birliyinin nüfuzlu üzvlərindən birinə çevrilmişdir.
Dünyanın bir çox dövlətləri tərəfindən qəbul edilən və təsdiqlənən bu həqiqətlər bədnam qonşularımızın qanını qaraldır, antiazərbaycan siyasətini daha da gücləndirirdi. Xalqımızın ən qədim zamanlardan bu günə qədər keçdiyi şərəfli tarixə kölgə salmağa, öz zəhərli ideologiyalarını bütün dünyaya yaymağa cəhd göstərirdilər.
Əsrlər boyu Azərbaycan və Türkiyə torpaqlarına göz dikən erməni millətçiləri fitnəkar siyasət yeridərək “dənizdən dənizə” böyük imperiya yaratmaq üçün tarixi torpaqlarımızı işğal etmiş, xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirmişlər.
Tək torpaqlarımıza deyil, milli-mənəvi sərvətlərimizə, musiqimizə, ədəbiyyatımıza, tarixi abidələrimizə, hətta mətbəximizə belə göz dikərək, mənimsəmək, özününkiləşdirmək istəmişlər. İşğal altında olan tarixi abidələrimizi – Azıx mağarasını, Hünərli kəndindəki Alban məbədini öz tarixi nümunələri kimi dünyaya təqdim etmək məqsədi ilə yazılar yazmış,lakin məqsədlərinə nail ola bilməmişlər.
Rəsmi İrəvanın hərbi cinayətləri bu gün də davam etməkdədir. Baxmayaraq ki, ordumuzun tutarlı zərbəsindən sonra iflic olmuş düşmən hər vəclə öz çirkin, mənfur əməlindən əl götürməyir. Bütün Ermənistan siyasi, psixoloji böhran içərisindədirlər və onlar heç cür öz məğlubiyyətləri ilə barışa bilmirlər. Lakin düşmənin son çırpınışları heç bir nəticə verməyəcək və heç bir qüvvə bizim böyük qələbəmizə kölgə sala bilməz.
Şükürlər olsun ki, bu gün Ali Baş Komandanın qətiyyəti, xalqımızın əzmi və ordumuzun rəşadəti sayəsində düşmən məğlub edilmiş, tarixi ədalət bərpa olunmuşdur.
Dəkkəoba kənd tam orta məktəbin müəllimi Asim Xəlilov