“Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start verilib
“Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start verilib.
Azərbaycan artıq yeni quruculuq mərhələsinə qədəm qoyub. Ən önəmlisi isə, işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin görülməsidir ki, bu da sistemli şəkildə həyata keçirilir.
Mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları ərziləri xarabalığa çevirməklə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Qarabağa Böyük qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərinin aparılmasından keçir.
İşğaldan azad olunan ərazilərdə tikinti-quruculuq işlərinin aparılması üçün ilk növbədə yolların yenidən çəkilməsi, körpü və tunellərin tikintisi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə azad edilən ərazilərdə Prezident cənab İlham Əliyevin tapşırığına əsasən müasir yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. Prezidentin imzaladığı müvafiq sərəncamlarla bu ərazilərdə çoxlu sayda avtomobil yollarının inşasına böyük həcmdə maliyyə vəsaitləri ayrılıb.Böyük Qayıdışın təmin edilməsi, 30 ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq arzusu ilə yaşayan insanların tez bir zamanda işğaldan azad olunan ərazilərə köçürülməsi üçün hazırda burada genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işləri həyata keçirilir. Bu ərazilərdə yaşayış kompleksləri, xəstəxana, məktəb binaları və.s tikilir. Prezident cənab İlham Əliyevin müvafiq tapşırığına əsasında Qarabağın tacı Şuşa şəhərində də quruculuq işləri aparılır. Azərbaycanın müstəqil iqtisadiyyatının gücü hesabına “Böyük qayıdış” prosesinə start verilib. Öz yurdlarından didərgin düşməyə məcbur edilmiş soydaşlarımızın qayıdışı həm Azərbaycan iqtisadiyyatına töhfə vermiş olacaq, həm gücümüzə güc qatacaq, həm də bu “Böyük Qayıdış” tarixdə iz buraxacaq. Azərbaycan son 100 ildən sonra ilk dəfə öz torpaqlarını qaytarmağa, ərazi bütövlüyünü bərpa etməyə nail oldu. Bu, Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq dövrdür. Bu, bizim üçün həm də ona görə qürurvericidir ki, gələcək nəsilin kitablardan oxuyacağı tarixi biz canlı yaşayırıq, bu tarixi hadisələrin iştirakçısıyıq. Bu qüruru bizə yaşatdığına görə Azərbaycan Ordusuna, Silahlı Qüvvələrin Ali Baş Komandanına təşəkkür edirik. Məhz Azərbaycan xalqının birliyinə, həmrəyliyinə görə biz bu gün “Böyük Qayıdış”ın qürurunu yaşayırıq .
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Gülbəniz Əhmədova