Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi
Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi.
Cənab Prezident İlham Əliyev cari ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışında qeyd etmişdir ki, “Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Azərbaycan, həmçinin beş ölkəni peyvəndlə təmin edib.”
Bəli COVID-19 pandemiyası dövründə Azərbaycan qısa müddətdə səhiyyə infrastrukturunu koronavirusla səmərəli mübarizə üçün səfərbər etməklə əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində nümunəvi tədbirlər görən ölkələrdən biridir. Preventiv tədbirlərin zamanında həyata keçirilməsi və vaksinasiya prosesinə tez başlanılması koronavirusla bağlı vəziyyəti nəzarətdə saxlamağa imkan verdi. Cənab Prezidentin xüsusi diqqəti nəticəsində ölkəyə vaksinlər kifayət qədər tez çatdırıldı və vaksinasiya artıq 2021-ci il yanvarın 18-də başladı”.
Azərbaycanın koronavirusla mübarizə metodları və təcrübəsi bir çox dünya ölkəsi üçün nümunədir. Ölkəmizdə səhiyyə sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirildi. Modul tipli xəstəxanaların qısa müddətdə fəaliyyətə başlaması, yeni laboratoriyaların qurulması, karantin rejiminin tətbiqi, tibbi qoruyucu vasitələrin və dezinfeksiya məhsullarının istehsalı sahəsində atılan addımlar xəstəliyin daha geniş miqyasda yayılmasının qarşısını almağa xidmət etmiş oldu. Azərbaycanın COVID-19-la mübarizəsi ancaq ölkə daxilində yekunlaşmır. Virusun ortaya çıxdığı və vaksinlərin istehsalına başlanıldığı dövrdən etibarən cənab Prezident İlham Əliyev vaksin ədalətsizliyini pisləyərək, ölkələrə humanitar yardımların göstərilməsinin vacib olduğunu vurğulamışdır.
Aynurə Azayeva – Zərdab rayonu Yarməmmədbağı kənd tam orta məktəbinin müəllimi
Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxış etmişdir. Bir çox mövzular haqqında çıxış edən cənab Prezidentin toxunduğu məsələlərdən biri də müharibədən sonra Ermənistanın hərbi cinayətləri haqqında olmuşdur. O qeyd etmişdir ki, “2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır. 2020-ci ildə kapitulyasiyadan sonra da Ermənistan külli miqdarda mina istehsalını davam etdirirdi və onları Laçın sərhəd-gömrük buraxılış məntəqəsi yaradılana qədər Azərbaycanın Qarabağ bölgəsinə daşıyırdı.”
Ermənistan müharibənin gedişində istər cəbhə xəttində, istərsə də müharibə bölgəsindən uzaq ərazilərdə yerləşən yaşayış məntəqələrimizə qarşı da ardıcıl təxribatlar törədir, dinc sakinləri atəş altında saxlayır və beləliklə, müharibə cinayətlərini davam etdirirdi.
Bu gün müzəffər ordumuzun 44 gündə erməni işğalından azad etdiyi ərazilərimizdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən intensiv minatəmizləmə işləri aparılır. Ermənistan ordusunun işğal etdiyi bölgələrdə məhsuldar əkin sahələri, ümumiyyətlə, hərbi zonaya daxil olmayan bölgələr də minalanıb. Qarabağda və Şərqi Zəngəzurda bu illər ərzində xalqımıza məxsus tarixin silinməsi üçün Ermənistan dünyada analoqu olmayan amansız müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir. İşğal dövründə təbiətimizə, milli-mənəvi dəyərlərimizə qəsd olunmuş, Azərbaycanın yeraltı və yerüstü sərvətləri talanmışdır. Bu əməllər xarici şirkətlərin də iştirakı ilə faktlarla sübuta yetirilmişdir. Azad olunmuş şəhər və kəndlərimizin hər qarışı özündə erməni vandallığını və vəhşiliyini əks etdirir. Ermənistan dövlətinin təcavüzkar siyasəti məhz mülki əhaliyə qarşı yönəlib və hərbi cinayətlər çoxlu sayda insanın öldürülməsi məqsədilə sistematik olaraq törədilib. Eyni kriminal əməllər müharibə dönəmində Gəncə, Tərtər, Mingəçevir və Azərbaycanın digər şəhər və kəndlərində həyata keçirilib. Ermənilər tərəfindən törədilən cinayətlər hərbi əməliyyatlar gedən zonadan kənarda baş verdiyi, habelə hədəf olaraq mülki şəxslər və obyektlər seçildiyi üçün bütün bunlar birbaşa 1949-cu il Cenevrə Konvensiyalarının ən ağır pozuntularıdır və müharibə cinayəti hesab edilir. Ümid edirik ki, bu cinayətlərə beynəlxalq ictimaiyyət tərəfindən dəqiq qiymət veriləcək və cinayətkarlar öz layiqli cəzalarına çatacaqlar.
Nurəli Mənsimov – Zərdab rayonu Qaravəlli kənd tam orta məktəbinin müəllimi
Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir.
5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görüşdə iştirak edib. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü bir daha onu göstərdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin liderliyi ilə Qoşulmama Hərəkatı dünyanın ən nüfuzlu beynəlxalq təsisatına çevrilmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev görüşdə çıxışı zamanı bir sıra vacib məqamlara toxundu. Dövlət başçısı Fransanı qanlı müstəmləkə cinayətlərinə, soyqırım aktlarına görə üzr istəməyə çağırdı. Fransa XX əsrin ikinci yarısı boyunca Əlcəzairdə və özünün dənizaşırı ərazilərində – Sakit okeanda, Fransa Polineziyasında bir neçə nüvə silahı sınağı keçirmiş və bununla da qlobal səviyyədə ətraf mühitin deqradasiyasına, yerli icmalarda ciddi sağlamlıq problemlərinə səbəb olmuşdur. Fransa 44 günlük Vətən müharibəsi boyunca, istərsə də ondan sonrakı dövrdə Azərbaycana qarşı çox qərəzli münasibət nümayiş etdirərək, Ermənistana açıq dəstəyini nümayiş etdirib. Hələ 44 günlük Vətən müharibəsindən öncə də Fransa ATƏT-in Minsk qrupu çərçivəsində tarixə qovuşmuş münaqişəni dondurmağa çalışıb. Rəsmi Paris bu addımı ilə çalışırdı ki, Azərbaycanı Ermənistanın işğalçılıq siyasəti ilə barışdırsın. Amma Azərbaycanın qətiyyətli mövqeyi və Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindəki qələbəmiz və Vətən müharibəsi ərzində Fransa hakimiyyəti tərəfindən Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilməsi də heç bir səmərə vermədi. Hətta Fransa Senatı tərəfindən Azərbaycana qarşı heç bir əsası olmayan qətnamələrin qəbulu da Azərbaycan dövlətinin qətiyyətli mövqeyinə, apardığı siyasi yola kölgə sala bilmədi.
Fransa bu gün də Azərbaycana qarşı çox qərəzli münasibət nümayiş etdirib, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına qarşı çıxaraq, Ermənistana açıq dəstəyini nümayiş etdirirlər. Amma unudurlar ki, tarixin yaddaşı çox itidir. Qanlı soyqırımlar, müstəmləkə siyasəti, bir çox xalqların müstəqilliyinə qarşı çıxaraq, onlara qarşı kolonial siyasət yürütmək Fransanın tarixinə düşmüş silinməz qara ləkədir. Azərbaycan da haqlı, ədalətli mövqeyini bir daha ortalığa qoyaraq qətiyyətli mövqe nümayiş etdirir. Ölkəmiz bu istiqamətdə də uğurla daim addımlayacaqdır.
İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi.
2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoydu.
Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib.
Ermənistanın ardıcıl təxribatları və yeni müharibə planlarına son qoyulması üçün dünya birliyi tərəfindən heç bir praktiki addım atılmadı. Bundan daha da ürəklənən Ermənistan 2020-ci il sentyabrın 27-də bir neçə istiqamətdən Azərbaycan Ordusunun mövqelərinə doğru hücuma keçdi, ağır artileriyadan istifadə edərək yaşayış məntəqələrinə şiddətli atəş zərbələri endirdi. Ermənistanın növbəti hərbi təcavüz cəhdinə cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən icra edilmiş “Dəmir Yumruq” əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı, işğalçılığı, nasizmin şöhrətləndirilməsini dövlət siyasətinə çevirən Ermənistanın təslim olması ilə nəticələndi.
Cənab Prezident İlham Əliyevin cari ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışı ölkəmizin qüdrətini, mübarizəmizin haqq və ədalət naminə olmağını, xalqımızın qürurunu bir daha ifadə etdi. Cənab Prezident çıxışında qeyd etdi ki, “İşğalçı ölkə kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycanın bu Qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəridir”.
Nahidə Əzizli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi
Yüksək beynəlxalq etimadın rəmzi.
Son illər Azərbaycanın nüfuzu dünyada birə-beş artıb. Belə ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla strateji əməkdaşlıq edirlər. Dünyanın 120 dövləti arasında səmərəli əməkdaşlıq əlaqələri Qoşulmama Hərəkatına Azərbaycan sədrlik edən dövrdə daha uğurlu olmuşdur. Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü və yenidən yekdil qərarla sədrliyimiz daha bir il uzadıldı. Qoşulmama Hərəkatına Azərbaycanın ev sahibliyi etməsi zamanı ölkəmizin Prezidenti Azərbaycanın sədrliyi dövründə həmişə beynəlxalq hüququ və ədaləti dəstəkləyəcəyini xüsusilə vurğuladı. O gündən keçən müddət ərzində ölkəmizə olan etimadın yerində olması özünü sübut etdi. Belə ki, hərəkatın sədri kimi Azərbaycan fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq edərək dünya birliyi tərəfindən alqışlanır.
QH-nın uğurları çoxdur. Onun ən böyük uğurlarından biri də hərəkatın Parlament Şəbəkəsi və Gənclər Təşkilatının təsis olunması oldu. Sonralar sülhə həsr olunan Bakı Konfransı, Şuşada üzv dövlətlərin gənclərini birləşdirən Gənclər Təşkilatının yaranması Azərbaycan sədrliyi dövrünün qələbəsi oldu. 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatının daimi katibliyi Bakıda yerləşdi.
Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü də bütün dünyanın diqqətini cəlb etdi. Dünya mətbuatı hələ də bu barədə geniş məqalələr yazır.
İnanırıq ki, AZƏRBAYCAN həmişə gözəl, heyrətamiz addımları ilə dünyada özünə daha çox tərəfdaşlar toplayacaq!!!
Səliqə İsmayılova – Zərdab şəhər 1 nömrəli məktəb liseyin direktor müavini
Prinsipial mövqe
Prezident İlham Əliyev iyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxış edib. Forumda çıxış edən cənab Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruyub. Prezident eyni zamanda qeyd edib ki, multilateralizm bizim güclü vasitəmizdir. Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır”. Cənab Prezident İlham Əliyev deyib ki, Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.
Xəyalə Abdulxalıqova – Zərdab rayonu Qaravəlli kənd tam orta məktəbinin müəllimi
Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışında qeyd etmişdir ki, “Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir”.
Bəli Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Fransa erməni separatizmini dəstəkləyir. Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da mənfur təcrübəni tətbiq etməyə çalışır. Cənab Prezident çıxışında əlavə olaraq qeyd etmişdir ki, “Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir. Fransa XX əsrin ikinci yarısı boyunca Əlcəzairdə və özünün dənizaşırı ərazilərində – Sakit okeanda, Fransa Polineziyasında bir neçə nüvə silahı sınağı keçirmiş və bununla da qlobal səviyyədə ətraf mühitin deqradasiyasına, yerli icmalarda ciddi sağlamlıq problemlərinə səbəb olmuşdur”.
Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi