Özəlləşdirmə çeklərinin nominal dəyəri nə qədərdir? – Açıqlama
Milli Məclisin 2017-ci ildə keçirilən iclasında özəlləşdirmə çeklərinin yenidən tədavülə cəlb edilməsi təklif olunsa da, gözlənilən qərar hələ də qəbul edilməyib. Ona görə də müəyyən dövrlərdə əlində çeki qalan vətəndaşlar hüquqlarının bərpası üçün ölkə başçısına və müvafiq qurumlara müraciət ediblər. Ölkə başçısı İlham Əliyevə ünvanlanan Açıq Məktubda qeyd edilib ki, bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Bu çeklərin hər birinin dəyəri eynidir və özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub.
Təsadüfi deyil ki, bir sıra millət vəkilləri də çıxışlarında bu məsələni gündəmə gətirərək, çeklərin yenidən istifadəsinə şərait yaradılmasının zəruriliyini qeyd ediblər. Hazırda özəlləşdirmə çekləri dövriyyədə olmasa da, dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir. Vaxtilə dövlət tərəfindən vətəndaşlara verilən qiymətli kağız olan özəlləşdirmə çekləri məhz sosial rifahın inkişafina hesablanmışdı. Sonradan bu sahədə olan boşluqlar çeklərin ucuzlaşmasına, dəyər-dəyməzə satılmasına, bəzi məmurların vəziyyətdən sui-istifadə edərək varlanmasına gətirib çıxardı.
Mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Qafqazaz.com açıqlamasında bildirib ki, özəlləşdirmə çeklərindən istifadəyə tələb bazarın qanunauyğunluqları, özəlləşdirmənin xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir:
“1995-ci ildə “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nın təsdiq edilməsi ilə ölkəmizdə özəlləşdirmənin dərin əsasları qoyuldu. Özəlləşdirmə proqramı hazırlanarkən bu sahədə bir çox xarici ölkələrin təcrübəsi öyrənilmiş və nəzərə alınmışdı. Nəticədə Azərbaycanda özəlləşdirmənin qarışıq modeli tətbiq edilərək, dövlət əmlakının bir hissəsinin əmək kollektivi üzvlərinə və ölkə vətəndaşlarına əvəzsiz verilməsi qərara alındı. Özəlləşdirmə siyasətinin ən mühüm istiqamətlərindən biri kimi 25 mart 1996-cı il tarixli fərmanla “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında” Əsasnamə təsdiq edildi. Həmçinin, “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” fərman imzalandı. Fərmana əsasən dövriyyəyə dəyəri özəlləşdiriləcək dövlət əmlakının 65 faizinə bərabər olan 32 min ədəd özəlləşdirmə çeki buraxıldı. 1997-ci il yanvarın 1-də Azərbaycan Respublikasının vətəndaşı kimi qeydiyyatda olan hər bir şəxs 4 çekdən ibarət olan 1 özəlləşdirmə payı aldı. Özəlləşdirmə payını almış vətəndaşlar dövlət müəssisələrinin səhmlərinin və ya hissələrinin satın alınmasında həmin çeklərdən istifadə etməklə, güzəştli qaydada iştirak hüququna malik oldular. Bununla yanaşı, özəlləşdirmə çeklərinin qiymətli kağızlar bazarında sərbəst alınması, satışı və digər formada özgəninkiləşdirilməsi üçün geniş şərait təmin edildi. Beləliklə, dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair proqramın (I özəlləşdirmə proqramı) və digər hüquqi sənədlərin icrası sayəsində Azərbaycanda yerli və xarici vətəndaşların iştirakı ilə özəlləşdirmənin həyata keçirilməsi üçün əlverişli şərait təmin olundu.
2000-ci ilin avqust ayında “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın qüvvəyə minməsi ilə özəlləşdirmənin ikinci mərhələsinə start verildi. İkinci proqram çərçivəsində özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin dəstəklənməsi, restrukturizasiyası və sağlamlaşdırılması, vergi və digər güzəştlərin edilməsi, güzəştli şərtlərlə kreditlər verilməsi, enerji və qazla təmin olunması, dövlətə olan borcların silinməsi və digər məsələlər öz həllini tapdı. Bununla bərabər, əmək kollektivlərinin özəlləşdirmə prosesində daha geniş iştirakı və güzəşt hüquqları təmin olundu. Ölkəmizdə baş verən yeni iqtisadi proseslər çərçivəsində özəlləşdirmə siyasətinə yenidən baxılması gözlənilir. Hazırda özəlləşdirmə ilə bağlı detallı iş planı və proqramın hazırlanması işləri davam edir. Yeni özəlləşdirmə proqramları başlayandan sonra yaradılan dövlət əmlaklarının istifadəsinin səmərəliliyinin araşdırılması olacaq. Bu sənəd hazırlanıb digər qurumlarla razılaşdırılandan sonra Hökumət yeni strateji məqsədləri elan edəcək.
Bu gün əllərdə qalan müəyyən qədər özəlləşdirmə çekləri var ki, onlar səhm və digər qiymətli kağızlar kimi saxlanılır. Özəlləşdirmə ilə bağlı qarşıdakı proseslərə və tələblərə əsasən, çeklərdən istifadə və s . məsələlər hökumətin yeni strateji qərarlarına əsasən müəyyən edilə bilər”.
İqtisadçı Eyyub Kərimli isə öz növbəsində qeyd edib ki, özəlləşdirmə çeklərindən istifadə etmək üçün onun nominal dəyəri yenidən hesablanmalıdır:
“Özəlləşdirmə çeklərinin istifadəsi ilə bağlı iqtisadi amillər böyük rol oynayır. Belə ki, əvvəlki illə müqayisədə çeklərin hazırkı gedişata uyğun qiymətləndirilməsi aparılmalıdır. O vaxt bazarda həyata keçirilən daşınmaz əmlak və dövlət mülklərinin qiymətləri ilə indiki qiymətlər fərqlidir. Hesab edirəm ki, gələcəkdə bununla bağlı ölkə başçısı tərəfindən müvafiq proqramlar qəbul olunacaq. Özəlləşdirmə çeklərinin nominal dəyəri hər kəsə məlumdur. Belə ki, hər bir dövlət özəlləşdirmə payına düşən əmlak dəyəri inflaysiyanın da təsirindən qorunan maddi ekvivalentə malikdir. Dövlət Əmlak Komitəsinin 12.12.1997-ci il tarixli 222 saylı Əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 19.12.1997-ci ildə 75 saylı qeydiyyat nömrəsi ilə qeydiyyata aldığı “Dövlət özəlləşdirmə opsionunun qiymətinin müəyyən edilməsi” haqqında Qaydalarına əsasən, “Dövlət özəlləşdirmə opsionunun qiyməti dövlət özəlləşdirmə çeklərinin (paylarının) çek auksionlarında təşəkkül tapmış orta satış qiymətinin 0,1 faizi miqdarında, lakin 2000 manatdan az olmamaq şərti ilə müəyyən edilir”.
1997-ci ildə dövlət özəlləşdirmə payları (çekləri) veriləndən sonra xarici investorların iştirak etməsi üçün opsionların qiymətini təyin edən DƏK-in 1997-ci il tarixli 222 saylı əmrindən belə məlum olur ki, Ulu Öndərin hər vətəndaşa verdiyi hər bir dövlət özəlləşdirmə çekinin nominal dəyəri 500 Amerika Birləşmiş Ştatları dolları, hər bir payda 4 çekin olduğunu nəzərə alsaq, bir payın dəyəri isə 2000 Amerika Birləşmiş Ştatları dolları olub. Dövlətin iqtisadi siyasəti onun qəbul etdiyi qanunlarla tənzimlənir.
Real dəyər olaraq isə dövlətin ümumi özəlləşdirilə biləcək əmlaklarının dəyəri 200 milyard manatdırsa, bunun 65 faizini götürsək, 130 milyard manat vəsait edir. Bu gün təxminən 1 milyon 600 min özəlləşdirmə payı əllərdədir (Hər payda 4 ədəd özəlləşdirmə çeki var) və istifadə olunmayıb. Bu isə 81 min manat real əmək ekvivalenti edir. Yəni hazırda hər dövlət özəlləşdirmə payına düşən əmlak ekvivalentinin real dəyəri 81 000 manatdır. 1997-ci ildə Əmlak Komitəsinin 222 nömrəli əmri ilə bir özəlləşdirmə payının qiyməti 2000 ABŞ dollarında hesablanıb. Əmlak Komitəsinin 222 nömrəli əmri ilə götürdükdə son 25 il ərzində baş verən inflyasiyanı nəzərə alsaq, bu gün hər bir özəlləşdirmə payının əmlak ekvivalentinin dəyəri 10 dəfə artaraq 20 000 ABŞ dolları hesablana bilər”.
Qeyd edək ki, Özəlləşdirmə Çekləri dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirildiyindən sonra bütün özəlləşdiriləcək dövlət əmlaklarının 65 faizlik (50+15) mülkiyyət hüququ vətəndaşlara məxsusdur. Qanunla dövlət bir emitent kimi buraxdığı və birincili olaraq yerləşdirdiyi qiymətli kağızların təsdiqlədiyi mülkiyyət hüquqlarının sahibi deyil. Konstitusiya və qanunlarla dövlət artıq qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrdən vətəndaşlara məxsus olan 65 faiz əmlak payını – mülkiyyət hüququnu kompensasiya etmədən və vətəndaşlarla razılaşdırmadan heç kimə satıla bilməz.
Özəlləşdirmə çekləri ilə bağlı geniş məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://m.facebook.com/groups/668471343515846/posts/1577668382596133/
Həmçinin Konstitusiya Məhkəməsinin ekspertlərinin araşdırmasına qulaq asmağınızı tövsiyə edirik: