30.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib

Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib

Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib.

XX əsrin 90-cı illərinin əvvəllərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan rayonlarımızdan biri də Zəngilan rayonudur. Rayon ərazisində onlarla milli və dini-tarixi abidə olmuşdur. Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar – yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay.

İşğal zamanı digər ərazilərimiz kimi Zəngilanın da tarixi və dini memarlıq abidələri erməni vandalizminə məruz qalmış, yandırılmış və dağıdılmışdır.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır. Zəngilanın işğaldan azad edilməsi yeni logistik layihələrin icrası və Zəngilanda olan günəş enerjisi potensialından istifadə edilməsi üçün şərait yaratmış oldu. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş bərpa quruculuq işləri aparılmaqdadır. Əlbəttə bu işlər böyük maliyyə tələb edir. Görülən işlərin miqyası və sürəti ölkəmizin iqtisadi gücünün göstəricisidir.

Səlim Zeynalov- Dəkkəoba kənd tam orta məktəbin direktoru

 

 

Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir

Erməni işğalından azad olunan şəhər və kəndlərimizdə iqtisadi fəaliyyət yenidən bərpa edilir, yeni istehsal müəssisələri qurulur və bununla da ölkənin ərzaq təhlükəsizliyi və iqtisadi inkişafı üçün baza formalaşdırılır. İlk növbədə isə azad olunmuş ərazilərimizdə əhalinin məskunlaşması üçün mühüm proqramlar reallaşdırılır. Artıq demək olar ki, Zəngilanın müxtəlif istiqamətlərində bu barədə fəal işlər gedir. Buna misal olaraq onu göstərmək kifayətdir ki, ilk “ağıllı kənd” Zəngilan rayonunda yerləşir. Bu şəhərin Baş planı artıq təsdiq edilib. Respublika rəhbərliyi səviyyəsində infrastruktura böyük vəsait ayrılıb, bir neçə yaşayış layihəsi isə icra edilməkdədir.
Zəngilanda əhalinin yenidən məskunlaşması üçün hər gün daha yeni layihələr reallaşdırılır. Sözsüz ki, əhalinin qayıdışı, yerləşməsi tam məskunlaşması üçün hər cür infrastrukturun yaradılması əsas şərtdir. Artıq 2025-ci ilə qədər Zəngilan şəhərinin ilk sakinləri doğma yurdlarına qayıdacaqlar.

Bu gün azad olunmuş ərazilərə qayıdan əhalinin məşğulluq məsələsi ən ümdə duran məsələdir. Təsadüfi deyildir ki, artıq bu bölgədə yeni iş yerləri yaradılır, məşğulluq üçün baza formalaşdırılır. Çünki buraya, doğma yurduna qayıdan insanlar işlə təmin edilməlidir. Əslində işğaldan azad olunan ərazilərə Böyük Qayıdış Proqramının əsas tərkib hissəsi də məşğulluqla bağlıdır. Çünki insan resurslarının və məşğulluq siyasətinin formalaşdırılması ən önəmli faktor sayılmalıdır.  Xüsusilə əsas məşğulluq sferası kənd təsərrüfatı olan bu bölgədə təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi də həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. İqtisadi potensialına görə tam əminliklə demək olar ki, Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə olduqca mühüm töhfə verəcək. Təsadüfi deyil ki, Zəngilanda artıq böyük məktəb binası inşa edilir, bundan başqa Zəngilan məscidinin inşası başa çatmaq üzrədir. Bütün bu görülən işlərin əsas hədəfi isə Zəngilanda məskunlaşma və əhalinin məşğullu siyasətinin reallaşdırılmasıdır.

Alim Qasımov-Çallı kənd tam orta məktəbin tarix müəllimi

 

 

Zəngilan mühüm nəqliyyat qovşağıdır

44 günlük Vətən müharibəsində Azərbaycan tarixi ədaləti bərpa edərək, 30 ilə yaxın işğal altında qalan torpaqları düşmən tapdığından azad etdi. Bu möhtəşəm Zəfərlə 30 illik işğala son qoyuldu. Bu gün xalqımız Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun quruculuq salnaməsini yaradır. Düşmənin 30 il ərzində daşı daş üstdə qoymadığı, talan etdiyi yurd yerlərimiz yenidən qurulur. Hazırda əksər ölkələrin iqtisadi böhran yaşadığı bir zamanda Azərbaycan böyük bir ərazidə təxirəsalınmaz tikinti-quruculuq işləri aparır. Dövlətin qəbul etdiyi Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma tələblərinə cavab verən yaşayış məntəqələri, ən yüksək səviyyədə salınan yeni yollar və müxtəlif infrasrtuktur obyektləri inşa olunur. Xüsusilə də Zəngilan rayon ərazisində infrastrukturun bərpası işlər uğurla həyata keçirilir. Təsadüfi deyil ki, artıq Zəngilana həyat qayıdıb. Keçmiş Məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə qayıdışı məhz bu rayondan başlanıb. Belə ki, ötən il rayonda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib.

Bundan əlavə, Prezident cənab İlham Əliyevin bu il sentyabrın 28-də təməlini qoyduğu Zəngilan rayonunun Alıbəyli kəndində 2 568 sakin üçün 498 fərdi evdən və 144 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin layihələndirilməsi nəzərdə tutulur. Kənd Həkəri çayının sahilində, Bərgüşad silsiləsinin ətəyində, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üzərində yerləşir. İşğaldan azad olunmuş ərazilərin ümumi planına əsasən, Alıbəyli kəndi Birinci Alıbəyli, İkinci Alıbəyli, Sarıl və Xumarlı kəndləri ilə birlikdə layihələndirilir. Kənddə inzibati bina, klub icma mərkəzi və qonaq evi, idman sağlamlıq mərkəzi, məktəb binası, bazar kompleksi, mərasim zalı, iaşə obyektləri və digər müəssisələr olacaq. Zəngilan Beynəlxalq Hava Limanını Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunda inşa edilən ilk, işğaldan azad olunan ərazilərdə isə ikinci hava limanıdır. Zəngəzur dəhlizinə inteqrasiya olunacaq, eyni zamanda Şərq-Qərb nəqliyyat dəhlizinə birləşəcək beynəlxalq statuslu Zəngilan hava limanı nəinki rayonun, eyni zamanda bütün regionun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayacaq.

Elvun Xəlilov- Əlvənd kənd tam orta məktəbin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın