16.05.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır

Son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır

Son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır.

Azərbaycan Avropa Birliyinə daxil olan bütün dövlətlərlə inkişaf etmiş ikitərəfli əlaqələrə malikdir. İkitərəfli əlaqələrin yüksək səviyyədə olduğu ölkələr arasında ilk sıralarda Almaniya dayanır. Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycandakı səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. Hal-hazırda Azərbaycanda 100-ə yaxın alman müəssisəsi fəaliyyət göstərir. Bunlardan “Simens”, “Ferrosstal”, “İnterselekt”, “Mersedes Bens” kimi iri şirkətlər Azərbaycanda uğurlu biznes fəaliyyəti göstərirlər. Almaniya ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi təxminən 350–400 milyon avro təşkil edir. Almaniyadan Azərbaycana əsasən avtomobillər, dəmir və polad məmulatları, istehsal avadanlıqları gətirilir. Azərbaycan və Almaniya arasında bağlanan gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında 25 avqust 2004 tarixli, Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında Maliyyə Əməkdaşlığı haqqında, İqtisadi İnkişaf Nazirliyi və Almaniya İnkişaf Bankı arasında “Kreditlərin Zəmanəti Fondu”nun yaradılması üçün maliyyə yardımı ayrılması haqqında Maliyyələşdirmə Müqaviləsi, həmin Müqaviləyə dair Xüsusi Razılaşma, Həvalə Müqaviləsi və Mübahisələrin Münsiflər Məhkəməsində araşdırılması haqqında 14 avqust 2006 tarixli müqavilələr iqtisadi münasibətlərin möhkəmləndirilməsinə xidmət edir. Almaniya Avropa və dünya ölkələri arasında kifayət qədər siyasi nüfuza və güclü iqtisadiyyata sahib olan ölkələrdən biridir. Bu baxımdan Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub. Azərbaycan isə Almaniya üçün neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlardan biridir. XIX əsrdə bir sıra alman tayfaları Azərbaycan ərazisinə köçmüş, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıblar. Hazırda da Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub-saxlanılmasını təmin edir. Rəsmi Berlin Avropa İttifaqında iqtisadi münasibətlərin, xarici siyasətin formalaşmasında əsas rol oynayır. Hazırda Avropa İttifaqında digər bir güc mərkəzi hesab olunan Fransa, onun idarə etdiyi bəzi qüvvələr və BENİLÜKS ölkələri Azərbaycanla əməkdaşlığın əleyhinə çıxış edirlər. Buna baxmayaraq, Almaniya, Avropada həmişə söz sahibi olmuş və hətta siyasi maraqları zaman-zaman Fransa ilə toqquşmuş ölkə kimi Parisin hegemonluğunu rədd edir. Almaniya rəhbərliyi, rəsmi dairələri Fransanın Azərbaycana qarşı qarayaxma kampaniyasından narazıdırlar. Onlar Fransanın destruktiv fəaliyyətini, Cənubi Qafqazda ayrıcı xətlər yaratmaq siyasətini rədd edirlər. Almaniya praqmatik siyasət yürüdən bir ölkə kimi İlham Əliyevlə dialoq təşkil edərək Fransaya göstərdi ki, Azərbaycan kimi önəmli bir ölkə ilə münasibətlərini Yelisey sarayındakı legiona görə qurmayacaq. Fransa və tərəfdarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası COP29 öncəsi daha da güclənib. Almaniya Azərbaycanla iqlim müzakirəsi apararaq öz dəstəyini nümayiş etdirmiş oldu. Eyni zamanda, Almaniya artıq Cənubi Qafqazda formalaşmış geosiyasi reallığı qəbul edir, Aİ-nin enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu və önəmini anlayır. Azərbaycan regional güc kimi artıq özünü bərqərar edib. Avropa da bu reallığı zamanla qəbul etməyə məcbur olacaq. Petersberq İqlim Dialoqu, Almaniya-Azərbaycan arasındakı yüksək səviyyəli görüşlər, rəsmi Berlinin ölkəmizə verdiyi əhəmiyyəti ifadə etməsi, rəsmi Bakıya gərəkli partnyor kimi baxması da bunun bir daha sübutu oldu.

Bahar Qurbanova   Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi

 

 

Azərbaycan xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlayıb.

Bu gün alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl enerjiyə keçidin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr hələ 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamıdır. 2003-cü ildən başlayaraq İlham Əliyevin Prezident kimi məqsədyönlü fəaliyyəti ölkəmizin enerji strategiyasını keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Ümummilli Liderin bütün ideallarını gerçəkləşdirən Azərbaycan Prezidenti İlham Əliyev 20 il ərzində Azərbaycanın nəinki qüdrətli enerji dövləti kimi inkişafına nail oldu, eyni zamanda, qətiyyəti, dəmir iradəsi sayəsində ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tam təmin edərək liderliyi ilə yeni tarixi reallıqlar yaratdı. Azərbaycanın yaşıl enerji kursunda Qarabağ və Şərqi Zəngəzurun öz yerini tutması, azad edilmiş ərazilərimizin enerji şəbəkəsinin vahid enerji sisteminə inteqrasiyası, ölkəmizin enerji potensialının daha da güclənməsi və enerji təchizatçısı missiyamızı uğurla davam etdirmək üçün yeni imkanların qazanılması bu reallığın ayrı-ayrı elementləridir. Bu aspektdə, İlham Əliyev dünyanın müasir tarixinin ən parlaq liderlərindəndir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3000 meqavat, günəş enerjisi üzrə 23000 meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpaolunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaradıb. Ötən il fevralın 3-də Bakıda keçirilən ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası ilə yanaşı, ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası baş tutub. Bu iclas Azərbaycanın bərpaolunan enerji istehsalı məsələsinə nə dərəcədə önəm verdiyini göstərir. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını yaşıl enerji zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının  bu il ölkəmizdə keçirilməsini İlham Əliyevin növbəti təntənəsi kimi qeyd etmək olar. COP29 konfransına ev sahibliyi Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi olmaqla yanaşı, ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının davamı kimi qiymətləndirilir.  COP29-un Bakıda keçirilməsi qərarı, həm də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir. Buna uyğun olaraq, ötən il dekabrın 25-də Prezident İlham Əliyev iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması barədə” Sərəncam imzalayıb. Sənəddə rəqabətqabiliyyətli iqtisadiyyatın dayanıqlı inkişafı, ölkənin təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi kimi əsas prioritetlər nəzərdə tutulur.

Ehtiram Osmanov   Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın