Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır
Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır.
Azərbaycanda qazdan geniş istifadə ötən əsrdən başlanğıc götürmüşdür. 1859-cu ildə Suraxanıda kiçik olmayan zavodda buxar əldə etmək üçün təbii qazdan yanacaq kimi istifadə olunmuşdur. 1902-ci ildə elə bu ərazidə qazılan quyu qaz fontanı yaratmışdır. Sutkalıq debiti 57 min kubmetr olan bu quyu Azərbaycanda ilk qaz nəqletmə sisteminin yaranmasına səbəb olmuşdur. 1907-ci ildə Azərbaycanda 130 milyon kubmetr qaz hasil edilmişdir. Respublikada neft və qaz hasilatı inkişaf etdikcə qaz enerjisindən istifadə edilməsi daha geniş vüsət tapmışdır. Artıq 1950-60-cı illərdə hasilat 6 milyard kubmetrə çatmışdır və bunun nəticəsində respublikanın sənaye, kommunal təsərrüfatı, elektrik stansiyaları əsasən bu enerji növündən istifadə sisteminə keçmişlər.
Qaz sənayesinin inkişafı respublika iqtisadiyyatının bütün digər sahələrinə də öz təsirini göstərmişdir. 1982-ci ildə Azərbaycanda rekord miqdarda – 14,9 milyard kubmetr qaz hasil edilmişdir. 1990-91-ci illərdə isə respublikanın qaz istehlakı zirvə həddinə – 17 milyard kubmetrə çatmışdır ki, bunun da 5,5 milyard kubmetrini respublikanın enerji kompleksi, elektrik stansiyaları məsrəf etmişdir. Hazırda respublikamızın mövcud qaz şəbəkəsi böyük miqyaslı tranzit imkanlarına malikdir. Azərbaycanın qaz-nəqliyyat sistemindən 1990-91-ci illərdə Gürcüstanın və Ermənistanın ehtiyaclarını təmin etmək üçün 12 milyard kubmetr qaz nəql edilmişdir.
Azərbaycan qaz ehtiyatları baxımından münasib regionlardan biri sayılır. Burada zəngin qaz ehtiyatlarının mövcudluğu əsrin ortalarında Azərbaycan qaz sənayesinin və vahid qaz şəbəkəsinin yaranmasına səbəb olmuşdur. Bununla belə iqtisadi dirçəliş burada təbii qaza olan ehtiyacı daha da artırmış və respublikamız müəyyən dövrlərdə Sovetlər İttifaqının vahid qaz sistemindən əlavə yanacaq alaraq bu enerji daşıyıcısına olan ehtiyacını ödəmişdir. İttifaqın dağılması ilə əlaqədar olaraq ölkəmiz mavi yanacağa olan təlabatını daxili mənbələr hesabına təmin etmək zorunda qalmışdır.
90-cı illərdə respublikada hasil olunan (1998-ci ildə 5589,5 min m³) qaz onun ehtiyaclarından aşağı miqdarda idi. Yeni neft-qaz yataqlarında istismarın genişləndirilməsi, mövcud ehtiyatlardan səmərəli istifadə yaxın vaxtlarda bu problemin həllini reallaşdırdı, Azərbaycan qaz ixrac edən bir ölkəyə çevrildi.
1994-cü ildə müstəqilliyimizin bərpasından üç il keçdikdən sonra Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oldu. Tezliklə Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Bununla da Azərbaycan Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail oldu.
Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Möhtərəm Prezident İlham Əliyevin Çernobbio Forumunda çıxışında xatırlatdığı kimi, Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Ümumi ixrac 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Sözügedən Memorandum enerji resurslarımızdan gələcəkdə daha da səmərəli istifadə etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Bu sənəd gələcək fəaliyyətimizin yol xəritəsidir.
Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var.
Həqiqət Həziyeva
Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru