Şuşanın dirçəldilməsi geniş vüsət alıb
Şuşanın dirçəldilməsi geniş vüsət alıb.
Şuşa şəhəri, Azərbaycanın ən dəyərli mədəni irsi, musiqi, ədəbiyyat və incəsənət məkanlarından biri kimi tanınır. Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli və uğurlu addımlar atılıb.
Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirib. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək.
Artıq Şuşanın yeni tarixi başlayır. Beləki, Prezident 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdi ki, biz Şuşanı dirçəldəcəyik və bu baş tutdu. Bu gün biz dirçəldilən Şuşanı görürük. Təkcə bu gözəl binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. Xalqımız əmindir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti sayəsində musiqi beşiyimiz olan Şuşa qısa zaman kəsiyində öz gözəlliyi və füsunkarlığı ilə hamını heyran qoyacaqdır.
“Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur.” Bu sözləri Prezident İlham Əliyev Şuşada birinci yaşayış kompleksinin açılış mərasimində deyib. Şəhərə köçən ilk sakinlərlə görüşən dövlət başçısı illərdir yaşanan həsrətin artıq sona çatdığını bildirib, doğma torpaqlarımıza qovuşmağın sevincini bölüşüb və onları təbrik edib. Ulu öndərin anadan olmasının 101-ci ildönümü günündə reallaşan bu görüş mənəvi və siyasi əhəmiyyətinə görə yaddaqalan olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə, qazilərə mənzillərin açarların təqdim olunması keçmiş məcburi köçkünlər üçün yüksək stimul olub.
Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır.
Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli
Şuşa bizim əyilməz ruhumuzun rəmzidir.
Şuşa, Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən, xalqımızın qədimliyini, onun zəngin mədəniyyətini özündə tərənnüm edən qədim və unikal memarlıq abidələri ilə zəngin yurd yerlərimizdən biridir.
Lakin çox təəssüflər olsun ki, bu 30 ilə yaxın davam edən işğal dövründə xalqımıza məxsus tarixi-mədəni irsin məhv edilməsi siyasətini həyata keçirən erməni vandalları tərəfindən yüzlərlə tarixi memarlıq abidəsi məhv edildi. Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qaldı. Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.
Nəhayət, dünya birliyi tərəfindən sərgilənən ədalətsiz və haqsız mövqelərə rəğmən məğrur və qürurlu Azərbaycan xalqı işğalla heç vaxt barışmayacağını, ədalətsizliyə boyun əyməyəcəyini ortaya qoydu. Xalqımız üçün mədəniyyət qibləgahı olan müqəddəs Şuşanı 44 günlük Vətən müharibəsində Qalib Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu işğaldan azad edərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə müvəffəq oldu. Qalib Azərbaycan əsgəri onun xalqına və dövlətinə qarşı illərdir həyata keçirilən işğalçılıq, talançılıq və soyqırımların qisasını döyüş meydanında və ona yaraşacaq şəkildə – ləyaqətlə aldı. Düşmənin başı xalqımızın birliyinin rəmzinə çevrilmiş Dəmir Yumruqla əzildi, ərazilərimizə soxulmuş qanlı əlləri kəsildi. Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gələrək ərazi bütövlüyünü bərpa etdi. Otuz illik erməni işğalına son qoymaqla rəsmi Bakı regionda yeni geosiyasi mənzərənin bünövrəsini qoydu.
Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tamamilə məhv edilmiş, dağıdılmış Şərqi Zəngəzuru və Qarabağı yenidən qurur, yeni şəhərlər, qəsəbələr, kəndlər tikir. Sakinlərin öz yurdlarında xoşbəxt və firavan yaşaması üçün hər cür müasir şəraiti yaradır. Ən əsası isə bütün bu işlər Azərbaycanın daxili imkanları hesabına həyata keçirilir. Baxın, budur qüdrətli dövlət, güclü iqtisadiyyat. Artıq keçmiş məcburi köçkünlərin də bir qismi öz yurdlarına dönüb. Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub.
İndi Şuşada genişmiqyaslı quruculuq işləri gedir. Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda – Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. İşğaldan azad olunmuş ərazilərdə ölkə və beynəlxalq əhəmiyyətli layihələr, bərpa və quruculuq işləri davam etdirilir. Həmin ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi ilə erməni vəhşiliyi dünyaya real vəziyyətdə, maddi sübut şəklində təqdim olunur. Bütün xalqımız üçün əziz və son dərəcə əlamətdar olan bir gündə, may ayının 10-da Ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərək, şəhərə köçmüş ilk sakinlərə onlar üçün inşa edilmiş mənzillərin açarlarını təqdim etdilər. Bu tarixi hadisənin məhz Ulu Öndərimizin doğum gününə təsadüf etməsi əlbəttə ki, böyük rəmzi məna daşıyır. Ümummilli Lider Heydər Əliyev hər zaman deyirdi və buna bütün varlığı ilə inanırdı ki, biz Şuşaya da, bütün digər şəhər və kəndlərimizə də mütləq qayıdacağıq. Bu gün bütün dünya Ulu Öndərimizin bu sözlərinin gerçəkləşdiyinə şahiddir.
Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva
Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub.
2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu.
Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev cari ilin 10 may tarixində Şuşaya qayıdan şuşalılarla bu şəhərdə görüşüb, söhbətləşərkən, qürur mənbəyimiz olan Şuşanı və işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri şücaəti haqqında danışıb. Möhtərəm Prezidentimiz vurğuladı ki, “Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi”.
Noyabrın 8-i Şuşa azad olundu, mayın 8-i isə şuşalılar bayraqlarımızla bəzənmiş Şuşaya qayıtdılar. Şuşada əzəmətli binalar tikiləcək. Şuşa mədəniyyət və turizm mərkəzinə, istirahət məkanına çevriləcək. Prezident İlham Əliyev şuşalılarla görüşdə deyib ki, artıq şəhərdə üçüncü yaşayış kompleksinin təməli qoyulub. “Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdu. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda – Şuşanın ənənəvi üslubunda inşa edilmişdir”, – dövlət başçısı deyib. Həm Azərbaycanımızın, həm də Şuşamızın başı üzərindəki qara buludlar əbədi dağılıb. Əyilməz ruhumuzun rəmzi Şuşa ağ dumanlı şəhərdir, ilin çox hissəsi bu şəhərdə duman olur, təki qara bulud, dolu olmasın. Əbədi yaşamağa gəldiyimiz doğma Şuşamızda Azərbaycan Bayrağı əbədi dalğalanacaq.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova
44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək.
27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqelərini, mülki obyektləri ağır artilleriya silahlarından atəşə tutması, düşmənin cəbhə boyu hücuma keçməsi xəbəri Azərbaycan xalqının səbr kasasını daşırdı. İldırım sürətli əks-hücum əməliyyatı ilə düşmən geri oturduldu və 44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsilə başa çatmasını Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyev 10 noyabr tarixində gecə xalqa müraciətində xəbər verdi. Son 30 ildə ölkəmizin ən ciddi problemi sayılan Qarabağ münaqişəsi Azərbaycan xalqının istədiyi kimi həll olundu. Bəli, bu gün bütün dünyanın gözü Azərbaycandadır. Çünki 44 günlük Vətən savaşında Müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıqla Ali Baş Komandan cənab İlham Əliyevin hərbi sərkərdəliyi və siyasi liderliyi sayəsində Azərbaycan torpaqlarını işğaldan azad edərək düşmənin belini qırdı. Azərbaycan xalqı müharibənin qalibidir və heç kim, heç nə xalqın bu qələbəsinə kölgə sala bilməz.
44 günlük Vətən savaşının bir günü bəlkə də hər birimiz üçün 1 il qədər gərgin və həyəcanlı keçdi. Çünki Azərbaycan xalqının adına yazılmış ləkəni Azərbaycan oğulları döyüş meydanında qanı, canı bahasına təmizləyirdi. Bu ləkə adımızdan da, alnımızdan da, şərəfimizdən də yuyulub getdi. Bunu bizə bəxş edən Rəşadətli Ordumuza və Müzəffər Ali Baş Komandana eşq olsun!
Müharibə zamanı Azərbaycan xalqı heyrət ediləcək birlik və bərabərlik nümayiş etdirərək Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Vətən oğulları gözlərini qırpmadan torpaqlarımız uğrunda canlarından keçdilər. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını geri qaytararaq düşmən üzərində parlaq zəfər qazandı.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”
Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan bu gün qalib ölkə kimi tanınır. Nəhəng infrastruktur layihələr icra edilir, Ermənistanın törətdiyi işğalın ağır nəticələri aradan qaldırılır, azad edilən torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı başlayıb. Son üç ildə 30 illik erməni işğalına şərəflə, qəhrəmanlıqla son qoyulub. Hərb tariximizin səhifələrinə qızıl hərflərlə həkk olunan 44 günlük müharibə Ermənistan ordusunu və daşnak “ideya”larını darmadağın etdi.
Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva
Antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik.
Ordumuzun yüksək peşəkarlıqla həyata keçirdiyi lokal antiterror tədbirləri otuz ildir Ermənistanın himayə etdiyi qondarma rejimin, hərbi xuntanın, terrorçuların girovuna çevrilmiş Qarabağın etnik erməni əsilli azlıqlarının da xilasına, onların ölkəmizin digər etnik azlıqları kimi tam hüquqlu vətəndaşlar olaraq dinc, sülh və təhlükəsiz şəkildə azad həyata qovuşmasına, reinteqrasiyasına da xidmət edir, onların yolunu aydınladır.
Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” kəlamı bu gün artıq tam reallaşıb. Bəli, bu müqəddəs kəlamın məntiqi davamı olaraq bu gün ölkəmiz Ulu Öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin liderliyi sayəsində öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa edən və inkişaf edən bir dövlət kimi öz şəfəqləri ilə onu sevməyən qüvvələrin gözünü qamaşdırır. Onun bütün sahələr üzrə davamlı inkişafı dostda güvən, düşməndə qorxu yaradır.
Misilsiz dövlətçilik təfəkkürünə malik İlham Əliyevin rəhbərliyi ilə qarşıda bizi daha böyük nailiyyətlər və qələbələr gözləyir. Biz buna inanırıq və bunun şahidi olacağıq.
Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Bu davranış ordumuzun arsenalında müasir tipli silahlara və yüksək texniki imkanlara malik olmasına rəğmən, ümumilikdə ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu əyani şəkildə nümayiş etdirdi. Belə ki, ordumuz mülki şəxslərə dəyə biləcək zərərlərdən maksimum yayınmaq üçün mülki əhali və infrastruktur obyektlərinin yaxınlığında məqsədli şəkildə yerləşdirilmiş legitim hərbi obyektlərə belə, zərbələr endirməkdən çəkindi.
Beləliklə, sentyabrın iyirmisində 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr vurdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə