Cəmiyyətdə demokratik münasibətlərin inkişafı ölkədə azad mətbuatın inkişafı ilə əlaqəlidir
Cəmiyyətdə demokratik münasibətlərin inkişafı ölkədə azad mətbuatın inkişafı ilə əlaqəlidir
Əsası 1875-ci il 22 iyulda “Əkinçi” qəzetinin nəşri ilə qoyulan Azərbaycan milli mətbuatı zəngin inkişaf yolu keçib. Maarifçi və jurnalist Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan “Əkinçi” xalqın maarifçilik və mətbuat tarixində yeni bir səhifə idi. Sonrakı illərdə görkəmli ziyalılarımız tərəfindən nəşr edilən “Ziya”, “Şərqi-Rus”, “İrşad”, “Molla Nəsrəddin” və sair kimi nəşrlər məhz “Əkinçi” ənənələrini davam etdirmişdir.
Mətbuat bütün dövrlərdə həqiqətlərin çarçısı kimi çıxış edib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqillik və azadlıq ideyalarının, Sovet hakimiyyəti illərində kommunist ideyalarının, xalqın zəngin milli adət-ənənələrinin təbliğində böyük rol oynamışdır. Baxmayaraq ki, o dövr çox sərt ideoloji buxovlar və ciddi senzura qaydaları ilə əhatə olunmuşdur, amma mətbuat milli dəyərlərin qorunmasında üzərinə düşən missiyanı layiqincə yerinə yetirmişdir.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdi. Lakin ilk illərdə ölkəmizə idarəçilikdən xəbərsiz insanların rəhbərliyi digər sahələrdə olduğu kimi, mətbuatda da uğursuzluqlara yol açdı. Belə çətin, siyadi durumun gərgin, xaosun, özbaşınalıqların, anarxiyanın hökm sürdüyü bir zamanda mətbuatın inkişafından, azad sözə, fikrə dəyərdən danışmaq mümkün deyildi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizdə bütün sahələrdə inkişafın, yeni mərhələnin əsasını qoydu. 1993-cü ildən başlayaraq Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində davamlı xarakter aldı. Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi.
Cəmiyyətdə demokratik münasibətlərin inkişafı ölkədə azad mətbuatın inkişafı ilə əlaqəlidir. Azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafına qayğısını əsirgəmir. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən medianın mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev “Bu gün Azərbaycan mətbuat müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndilirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır” fikirləri ilə mətbuatın cəmiyyətdə rolunu önə çəkməklə yanaşı, qarşısında dayanan vəzifələri açıqlayır.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Həm Ulu Öndər Heydər Əliyev və həm də Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar
1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb.
Vətənpərvər ziyalı Həsən bəy Zərdabi böyük əzab-əziyyətdən sonra ana dilində ilk qəzetin çapına müvəffəq olmuşdur. 1875-ci ilin 22 iyul tarixindən 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. Mətbuatımız “Əkinçi” ilə başlanan maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb. Zərdabi və onunla birlikdə bu qəzetdə əməyi olan maarifpərvər yazarlar xalqı cəhalət və qəflət yuxusundan oyatmağa çalışırdılar. Təbii ki, bütün bunlar dövrün hakim dairələrini rahatsız etməyə bilməzdi. Üstəlik, çarizmin diktəsi ilə özlərini “ziyalı” sayan bəzi üzdəniraqlar da “Əkinçi”nin üzərinə hücuma keçirdilər. Beləliklə, 1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu.
Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Söz və mətbuat cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur.
Müasir qloballaşma dövründə azad və müstəqil kütləvi informasiya vasitələrinin mövcudluğu cəmiyyət həyatında əhəmiyyətli təsirə malikdir.
Bu gün böyük mücadilə və mübarizələrdən keçən milli mətbuatımız 149 il ərzində öz yüksəliş və inkişaf mərhələsinə gəlib çıxıb. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərib. Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı qəzet və jurnal fəaliyyət göstərir. Milli mətbuatımız illər keçdikcə daha da büllurlaşacaq, saflaşacaqdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başlandığı gün 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranmışdır. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanmış və qəbul olunmuşdur.
Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.
Həm Ulu Öndər Heydər Əliyev və həm də Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar və mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər mətbuatın davamlı inkişafına səbəb olmuşdur.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc
Bu gün ölkəmiz dünyada söz azadlığının qorunduğu, mətbuatın yüksək səviyyədə inkişaf etdiyi dövlətlər sırasındadır
Azərbaycanda ilk mətbu orqan olan “Əkinçi” qəzetinin əsası Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə qoyulmuşdur. Məhz həmin gün – 22 iyul günü 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. Görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. 1875-ci ildə “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə əsası qoyulan Azərbaycan mətbuatı olduqca böyük inkişaf yolu keçib. Keçən iki əsrə yaxın dövrdə bir sıra problemlərlə üzləşən, həmçinin, ağır sınaqlardan çıxan Azərbaycan mətbuatı bu gün müasir dünyada özünə layiqli yer tapa bilib. Ümumiyyətlə, demokratiyanın əsas göstəricilərindən sayılan söz azadlığı prinsipi dövlətlərin, xalqların inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Eyni zamanda, Azərbaycanda inkişafın kompleks təmini həm də bu prinsipə sadiqlikdən irəli gəlir.
Bu gün ölkəmiz dünyada söz azadlığının qorunduğu, mətbuatın yüksək səviyyədə inkişaf etdiyi dövlətlər sırasındadır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkəmizdə azad sözün inkişafı və mətbuatın yüksək müasir standartlara yiyələnməsi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. İstər 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə, istərsə də xalqımızın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə mətbuatın inkişafı, söz azadlığının bərqərar olması istiqamətində mühüm addımlar atdı.
Tarixdən bəlli olduğu kimi, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması və 1920-ci ildə Sovet rejiminin qurulması həmin dönəmlərin Azərbaycanı üçün bir sıra sahələrdə böhran yaratdığı kimi, hələ təzə-təzə çiçəklənən milli düşüncənin, milli mətbuatın da qarşısında böyük bir sədd çəkdi. Sonrakı dövrlərdə isə artıq Sovet təbliğatı tam şəkildə bütün sahələrdə tətbiq edilməyə başlandı. Düzdür, ali məktəb səviyyəsində jurnalistika tədris edilsə də, Azərbaycan dilinin artıq sıradan çıxmaq üzrə olması, get-gedə milli vətənpərvərlik hisslərinin sıradan çıxarılmasına cəhd göstərilməsi Azərbaycanda mətbuatın inkişafında böyük maneələr yaradırdı.
Bununla belə, totalitar Sovet rejiminin senzura maşını milli mətbuat ənənəsinin inkişafını dayandırsa da, peşəkarlıq baxımından bu sahədə müəyyən yol qət edildi. Eyni zamanda, bütün çətinliklərin bir dönüş nöqtəsi olduğu kimi, Azərbaycanın milli mətbuatının da xilas günü yetişdi. 1969-cu ilin 14 iyulunda Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi digər sahələr kimi, mətbuatın da inkişafında əsaslı dönüş yaratdı. Belə ki, Ümummilli liderimiz Heydər Əliyev hər zaman Azərbaycan dilinə böyük qiymət verdiyini nümayiş etdirirdi. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında məhz Ulu öndərin təşəbbüsü ilə dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması isə demək olar ki, bütün qaranlıqlara işıq saçdı. Bu isə özü-özlüyündə ana dilimizdə çap olunan qəzetlərin daha da populyarlaşmasına, milli mətbuatın daha da təkmilləşməsinə yol açdı.
Beləliklə, məhz həmin dövrdə istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəliləyişlər nəzərə çarpmağa başladı. Həmin vaxtlarda Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atdı.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda müstəsna xidmətlər göstərmişdir
1991-ci ildə əldə olunan müstəqilliklə bərabər ölkənin başının üstünü qara buludlar aldı. Təsadüfi şəxslərin ölkə rəhbərliyinə gəlməsi, silahlı qruplaşmaların mübarizə aparması və ölkədə qeyri-sabit vəziyyətin yaranması təbii olaraq mətbuatın da inkişafına maneələr törədirdi. AXC-Müsavat hakimiyyətinin jurnalistikaya, bu hakimiyyət təmsilçilərinin jurnalistlərə münasibəti onların hakimiyyətdə təmsil olunma səviyyələri ilə adekvat idi. Məhz həmin hakimiyyətin dövründə jurnalistlərə qarşı sui-qəsdlərin planlaşdırılması, özbaşınalıq, mətbuat işçilərini təqib etmə sanki dəbə mindi. Hətta bəzi hüquq-mühafizə orqanlarına rəhbərlik edən şəxslər açıq-aşkar televiziyalara silahlı basqın etməkdən, canlı efirdən jurnalisti təhqir, təhdid etməkdən belə çəkinmirdilər. Mətbuatın inkişafına mane olmaq, azad sözü boğmaq üçün 1992-ci ildə yaradılan hərbi senzura yazılı mətbuatın vəziyyətini daha da ağırlaşdırırdı.
Amma yenə də Ulu öndər Heydər Əliyev xalqımızın köməyinə çatdı, milli dəyərlərimizi məhv olmaqdan növbəti dəfə xilas etdi. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi mətbuatın inkişafında da mühüm dəyişikliklərə səbəb oldu. Ulu öndərimiz deyirdi: “Respublikamız dövlət müstəqilliyi qazandıqdan sonra milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda müstəsna xidmətlər göstərmişdir”.
Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə təkan verdi.
1998-ci ildə “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Bu Fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı. Məhz Ulu öndər Heydər Əliyevin imzaladığı bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc
Azərbaycan mətbuatı böyük yol keçib.
Mətbuatın qarşısında dayanan prinsiplər dəyişməz olsa da dövrün, zamanın tələblərinə uyğun olaraq yeniləşmə, təkmilləşmə mütləqdir. İllər keçdikcə cəmiyyətin mətbuatdan gözləntiləri də dəyişir, yeni texnologiyaların inkişafı fonunda internet resurslarının inkişafı daha çox informasiyaların əldə edilməsi imkanlarını genişləndirir. Ölkə əhalisinin 85 faizi internet istifadəçisidir.
Mətbuatımızın bugünkü inkişafı keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. 1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.
Mətbuatımızın müstəqillik dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə bütün sahələrdə, o cümlədən mətbuatda uğurlara yol açıldı. Atılan addımların, imzalanan Fərman və sərəncamların, həmçinin qanunvericilik bazasının təkmilləşdirilməsinin nəticəsidir ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.
Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə milli mətbuatımızın 125, 130, 135, 140 və 145 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunmuşdur. Bu yubileylər milli jurnalistikamızın tarixinə ədalətli qiymət verilməsini və nəsillərin varisliyini qəbul etməklə, mediamızın sabahkı hüdudlarına aydın baxışı təmin etdi.
Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövləti başçısının diqqət mərkəzində olduğuna görə, KİV-lərə birdəfəlik yardımların göstərilmiş, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilmişdir. Həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilməlidir. 2022-ci ildə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişiklikliyə əsasən Media Reyestrinə daxil edilmiş ən azı 5 il jurnalist işləyən və gənc ailənin üzvü olan şəxs, həmçinin ən azı 15 il jurnalist işləyən şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir.
Azərbaycan Prezidentlərinə təqdim olunan “Jurnalistlərin dostu” mükafatları ölkə iqtidarının mətbuata açıq olmasının, eləcə də bu sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümü deməkdir.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub
Bu il Milli mətbuatımızın 149 yaşı tamam olur. 1875-ci il iyulun 22-də öz dövrünün ən görkəmli və qabaqcıl ziyalılarından biri, maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi olmuş və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Təəssüflər olsun ki, “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Lakin ilk milli qəzetimizin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayının işıq üzü görməsinə baxmayaraq, “Əkinçi”nin Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. O dövrün görkəmli maarifçiləri bu qəzetin səhifələrində öz yenilikçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərə bilmişdilər.
Əlbəttə ki, Milli mətbuatımızın tarixindən, bugünkü durumundan və inkişaf perspektivlərindən danışarkən biz ilk növbədə birmənalı olaraq qeyd etməliyik ki, Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. O cümlədən, Ümummilli Liderimizin respublikaya birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illəri biz milli özünüdərkin dirçəliş dövrü kimi xarakterizə edə bilərik. Məhz həmin dövrdə mətbuatın cəmiyyətə təsir imkanlarının gücü düzgün dəyərləndirilərək, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Ulu Öndər mətbuatın, informasiya vasitələrinin insanların vahid məqsədə yönəldilməsindəki səfərbəredici rolunu hamıdan yaxşı görürdü. Buna görə də mətbuata və jurnalistlərə xüsusi həssaslıqla yanaşırdı.
Bununla belə, milli jurnalistikamızın inkişafında əsas mərhələ ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasından sonrakı dövrə təsadüf edir. Qeyd olunmalıdır ki, 1991-1992-ci illərdə məlum səbəblər üzündən ölkənin yeni formalaşan mətbuat orqanları ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşmişdilər. Həmin dövrdə ölkədə hökm sürən gərgin ictimai-siyasi vəziyyət, Ermənistanın hərbi təcavüzünün doğurduğu ağır sosial-iqtisadi və psixoloji durum, iqtisadi tənəzzül fikir, söz, mətbuat azadlıqlarının təmin edilməsinə ciddi maneələr yaradırdı. Mövcudluğunu qoruyub saxlamağa çalışan o zamankı iqtidar çıxış yolunu yeni təşəkkül tapmaqda olan müstəqil mətbuata təzyiqləri gücləndirməkdə görürdü. 1992-ci ildə hərbi senzuranın tətbiqi adı altında mətbuat üzərində nəzarət daha da gücləndirilmişdi.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal
Jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması Ölkə Prezidentinin xüsusi olaraq diqqət mərkəzində saxlanılır
Ümummilli Lider Heydər Əliyev demokratik dəyərləri, insan hüquq və azadlıqlarını, sosial ədalət prinsipini uca tutaraq kütləvi informasiya vasitələrinin cəmiyyətdəki rolunu belə qiymətləndirmişdi: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” Azərbaycan 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edildi. Bu müddəanın Konstitusiyaya daxil edilməsi Azərbaycanın demokratik inkişaf kursu ilə yanaşı, respublikamızın qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlirdi. Ulu Öndər Heydər Əliyevin Milli mətbutın inkişafına verdiyi ən dəyərli töhfələrdən biri də 1998-ci ildə KİV üzərində senzuranın tamamilə ləğvi oldu.
Bu gün Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. Azərbaycan mətbuatı artıq qlobal informasiya şəbəkəsinin bir parçasına çevrilmişdir. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Ölkə Prezidenti İlham Əliyev kütləvi informasiya vasitələri ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsinin zamanın tələbi olmasını nəzərə alaraq bu istiqamətdə görülən işləri birbaşa öz nəzarətində saxlayır. Dövlət başçımızın 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. 30 dekabr 2021-ci ildə qəbul olunmuş Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Həmçinin vurğulamaq lazımdır ki, bu gün Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması Ölkə Prezidentinin xüsusi olaraq diqqət mərkəzində saxlanılır. Həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilməlidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.
Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan cənab Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti olduğunu vurğulayaraq demişdir. Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Bu gün Azərbaycan mətbuatı tamamilə yeni mərhələdə inkişaf edir
149 il öncə maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün Azərbaycanda yüzlərlə mətbu orqan – qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.
“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. Azərbaycanda maarifçilik hərəkatının formalaşmasında əsas rol oynamış “Əkinçi”nin əsas məqsədi fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, maarifə, tərəqqiyə çağırmaq, onun elmi-mədəni səviyyəsini yüksəltmək olmuşdur. “Əkinçi”nin qəzeti Azərbaycan Milli Mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. “Əkinçi” zəmanəsinin mühüm elmi, texniki, kənd təsərrüfatı, mədəni yenilikləri, nailiyyətləri haqqında müntəzəm məlumat verə bilmiş, öz səhifələrində Azərbaycan ictimai fikrinin inkişafı baxımından faydalı polemika açmış, yeni elmi dünyagörüşünün parlaq nümunələrini vermişdi.
Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran media inkişaf etməkdədir. Şəffaflıq və vətəndaş həmrəyliyi, ictimai maraqların üstün tutulması, qabaqcıl texnologiyaların mənimsənilməsi və s. müasir medianı xarakterizə edən əsas meyarlardır. 149 il öncəki və bugünkü mətbuatımızı müqayisə etsək, nə qədər böyük fərq olduğunu görərik. Lakin nəzərə almaq lazımdır ki, hazırkı səviyyəyə çatana kimi Azərbaycan jurnalistikası çox çətin və mürəkkəb yol keçib. Son illər dünyada, eləcə də Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafı, söz və fikir azadlığının ön plana keçməsi, dünyaya inteqrasiya və qloballaşma prosesinin sürətlənməsi cəmiyyətin bütün sahələrində olduğu kimi, mediada da yeni yanaşmalar ortaya qoyur.
Azərbaycan dövləti hər zaman mətbuatın azad inkişafına diqqət yetirib, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə önəm verib, KİV-lərin cəmiyyətdə rolunu yüksək dəyərləndirib. Ulu öndər Heydər Əliyevin müstəqillik illərində ölkədə jurnalistika və jurnalistlərlə bağlı problemlərin həlli istiqamətində atdığı mühüm addımlar bu sahənin sürətlə inkişaf etməsinə, KİV-lərin fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub. Prezident İlham Əliyev tərəfindən də hər zaman Azərbaycanda mətbuatın tərəqqisi, jurnalistlərin stimullaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Dövlətimizin başçısının Azərbaycan milli mətbuatının 130, 135, 140 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamları, yubiley münasibətilə mətbuat işçilərini təltif etməsi, onlara fəxri adlar verməsi ölkəmizdə jurnalist əməyinin qiymətləndirilməsinin bariz nümunəsidir.
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamı jurnalistika tariximizə, milli-mənəvi dəyərlərimizə, o cümlədən kütləvi informasiya vasitələrimizə verilən yüksək dəyəri bir daha təsdiqləyir. Bu addım bir daha sübut edir ki, “Əkinçi” qəzeti müasir dövrümüzdə də jurnalistlərin, mətbuat nümayəndələrinin istinad yeri, qiymətli xəzinəsidir.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini
Azərbaycan mətbuatı 149 yaşını qeyd edir
1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə yazıldı. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.
Azərbaycan mətbuatı 149 yaşını qeyd edir. Bu rəqəm özündə mətbuat tariximizin ayrı-ayrı mərhələlərinin reallıqlarını əks etdirir. 149 ilin işığında qarşıdakı dövrün hədəflərini müəyyənləşdirmək qürurvericidir. Tarixi paralellər əsasında müqayisəli təhlil apardıqda hər bir dövrün mövcud ictimai-siyasi hadisələrinin mətbuatın qarşısında mühüm vəzifələr qoyduğunu görürük. Bu baxımdan müstəqillik tariximiz xüsusi qeyd edilməlidir. Belə ki, 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini bərpa edən Azərbaycan olduqca ağır bir mərhələ yaşadı. Həmin dövrdə hakimiyyətsizliyin hökm sürməsi, anarxiya ölkəni faciələrlə üz-üzə qoydu. Digər sahələr kimi, mətbuatımız da ağır dövrünü yaşadı. Mətbuat azadlığından danişmaq belə mümkün deyildi. Azərbaycan həmin ağır dövrü yalnız 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra arxada qoydu. Ulu Öndərin bu qayıdışı mətbuatımızın da qarşısında geniş imkanlar açdı. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görüldü. Azərbaycan mətbuatı özünəməxsus inkişaf yolu keçərək ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərir.
Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin azad mətbuatın inkişafı istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Cənab İlham Əliyev daim bu çağırışı edir ki, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıb. Həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndiririk.
Qeyd etdiyimiz kimi, tarixi Zəfərimizdən sonra başlanan yeni dövr islahatları, təkmilləşməni bir zərurət kimi qarşıya qoydu. Bu baxımdan mətbuat ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Dövlətimizin başçısı İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzaladı. Medianın inkişafının dəstəklənməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan sənədə əsasən Medianın İnkişafı Agentliyi yaradıldı. Qurum yarandığı gündən müstəqil medianın inkişafına xidmət edən layihələri, jurnalist peşəkarlığının artırılmasına yönələn addımları ilə diqqətdədir. Həmçinin mətbuatın müasir dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirilməsinə yönələn addımlar sırasında yeni “Media haqqında” Qanunun qəbul edilməsini qeyd edə bilərik. Atılan hər bir addım dövlətimizin azad mətbuatın inkişafına diqqət və qayğısının aydın mənzərəsini yaradır. Əminliklə söyləyə bilərik ki, bu gün qalib, bütövləşən Azərbaycanın mətbuatı özünün sürətli inkişaf dövrünü yaşayır.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
“Əkinçi” – milli oyanışa, tərəqqiyə yol açan qəzet
“Əkinçi”nin beşiyi başında durmuş, vətən və millət təəssübkeşi, dövrünün ən görkəmli ziyalılarından olan Həsən bəy Zərdabi xalqımızın milli dirçəlişi üçün o vaxta qədər heç kəsin etmədiyi və edə bilmədiyi bir iş gördü. O, xalqı ilə danışmaq, sözünü demək, ideyalarının həyata keçirilməsində əsas vasitə olaraq ana dilində qəzetin nəşrini görürüdü. Öz mütərəqqi ideyaların həyata kecirilməsi üçün qəzet dilindən istifadə etməyi qarşısına məqsəd qoyan, “Hər vilayətin qəzetəsi gərək ol vilayətin ayinəsi olsun” deyən Həsən bəy ana dilində “Əkinçi” başlığı altında qəzetin nəşr olunması məqsədilə Qafqaz Senzura Komitəsinə, Bakı qubernatoruna gondərdiyi məktublardan, 7 illik ağır əzab-əziyyətdən sonra qəzetin nəşrinə hökumətdən icazə alır. O dövrdə “doğru söz”ə düşmən olan ictimai quruluşda belə bir proqramla meydana çıxıb qəzet çap etdirmək asan iş deyildi və nəhayət, Həsən bəy Zərdabi 1875-ci ilin 22 iyulunda “Əkinçi” adlı qəzetin Azərbaycan dilində nəşrinə nail olur. Bununla da o, həmin tarixdən etibarən Azərbaycan milli mətbuatının əsasını qoymuş olur.
Nəhayət, Həsən bəyin bu sahədə çox gərgin fəaliyyətindən, mübarizəsindən sonra, doğma kəndi Zərdabda məktəb açılmasına icazə verilir. Bu sevinci və zəhmətinin bəhrəsi ilə əlaqədar “Kaspi” qəzetinin 1885-ci il tarixli, 91-ci nömrəsində yazırdı: “Nəhayət ki, bizim küçədə də bayramdır. Bu gün, ya sabah Zərdabda məktəb olacaqdır. Deməli, mənim səsim səhrada olduğu kimi, batmayıbdır. Mən mötəbər mənbələrdən bilirəm ki, Zərdabda və İsmayıllıda iki sinifli məktəb açılacaqdır”. Zərdabi Zərdabda yaşadığı dövrdə də mətbuatdan kənarda qalmamış, müntəzəm olaraq tənqidi və digər müxtəlif məzmunlu məqalələr yazaraq onları Tiflisdə nəşr olunan “Kavkaz”, “Tifliski listok”, “Novoe obözrenie”, “Ziya”, Bakıda çıxan “Kaspi” və s. qəzetlərdə dərc etdirmişdir.
Aqrar elmlərin bünövrəsini qoyan, aqrar ölkə olan Azərbaycanda əhalinin başlıca məşğuliyyətinin əkinçiliklə bağlı olduğunu görən və onun inkişaf etdirməsini qarşısına məqsəd oyan Həsən bəy Zərdabi birmənalı olaraq əkinçilik mədəniyyətinin yaradıcısı hesab edilir. Həsən bəy Zərdabinin elmi irsi ilə yaxından tanış olduqda XIX əsr alimləri, mütəfəkkirləri, ədibləri arasında Zərdabi qədər əkinçilik mədəniyyətini tərənnüm edən, eyni zamanda kənd təsərrüfatının ən mühüm sahələrindən biri hesab edilən heyvandarlığın, quşçuluğun inkişaf etdirilməsinə diqqət yetirən ikinci bir mütəxəssisin, alimin olmadığını görürük. Bütün bunları onun yerlərdə qoyduğu təcrübələr, yazdığı elmi-təcrübi əsərləri, məqalələri, ideyaları, tövsiyələri əks etdirir.
Azərbaycan müstəqillik qazandıqdan, suverenliyini əldə etdikdən sonra xalq Həsən bəy Zərdabinin dahiliyini, böyüklüyünü və xidmətlərini daha dərin anlamağa və qiymətləndirməyə başladı. Hər il 22 iyul tarixində “Əkinçi”nin Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunması qəzetin naşiri, redaktoru, milli mətbuatımızın banisi, Azərbaycanın ilk ali təhsilli müəllimi, müsəlman Şərqində xeyriyyəçilik hərəkatının yaradıcısı, müsəlman dünyasının ilk təbiətşünas alimi, ensiklopedik bilik sahibi, ölkəsinin inkişafı, tərəqqisi yolunda müstəsna xidmətlər göstərmiş ictimai-siyasi xadim Həsən bəy Zərdabinin əziz xatirəsinin yad edilməsi onun ruhunun şad olması deməkdir.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd sakini fəal gənc