19.09.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Dövlətlərarası münasibətlərimiz üçün müstəsna əhəmiyyətə malik olan nəqliyyat dəhlizləri

Dövlətlərarası münasibətlərimiz üçün müstəsna əhəmiyyətə malik olan nəqliyyat dəhlizləri

İldə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması tamamilə realdır

 

Azərbaycanla Rusiya arasında əlaqələr çoxşaxəlidir, genişdir və bu baxımdan təbii olaraq iqtisadi əməkdaşlığın çəkisi ilbəil daha da böyüyür. Ticarət-nəqliyyat əlaqələrindən söhbət açan zaman təməl daşına Ümummilli Liderimiz Heydər Əliyevin imzası möhürlənən və bu il ölkə başçısı cənab İlham Əliyevin də iştirakı ilə 50 illik yubileyi təntənə ilə qeyd olunan Baykal-Amur Magistralının əhəmiyyətini xüsusi qeyd etməsək olmaz. Məhz 1982-1987-ci illərdə, özünün sonralar “Kreml beşilliyi” adlandırdığı mərhələdə reallaşdırdığı bu “Əsrin layihəsi”, eləcə də digər misilsiz işlər sayəsində Ulu Öndər MDB ölkələrinin, xüsusilə Rusiya kimi böyük dövlətin bugünkü inkişafına mühüm töhfə verməklə həm də hər bir rus vətəndaşının sevgisini qazanaraq xalqlarımız arasında sarsılmaz mənəvi körpü yaratdı. Və həmin körpü sayəsində daha da yaxınlaşan Azərbaycan,  Rusiya liderləri –cənab İlham Əliyev və Vladimir Putin bu gün vahid qərarlar qəbul edərək hər iki ölkəni yeni inkişaf mərhələsinə çıxarmaqda, regiona kənar müdaxilələrin qarşısını almaqda israrlıdırlar və buna nail olurlar.
Azərbaycan-Rusiya əməkdaşlığı hər iki ölkənin iqtisadiyyatının inkişafı  baxımdan müsbət nəticələrini verməkdədir. Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində artıq ölkələrarası ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. Müqayisə üçün bir neçə fakta diqqəti çəkmək olar: 2017-ci illə müqayisədə ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq rekord həddə – 4,4 milyard dollara çatıb. Cari ilin yanvar-iyul aylarında isə bu göstərici 2 milyard 572,8 milyon dollar təşkil edib. Nəqliyyat-ticarət əlaqələrinin gücləndirilməsinə mühüm töhfələr verən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin də önəmi ilbəil daha da bariz şəkildə özünü göstərməkdədir. Belə ki, bu dəhliz vasitəsilə 2022-ci ilədək yükdaşımaların həcmi səkkiz dəfə, 2023-cü ilin altı ayı ərzində isə 60 faiz artıb. Ümumilikdə isə 2023-cü ildə dəhliz üzrə 9,3 milyon ton yük daşınıb. Avqustun 19-da mətbuata bəyanat zamanı dövlətlərarası münasibətlərimiz üçün də müstəsna əhəmiyyətə malik olan, həmçinin regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları ilə bağlı məsələləri ətraflı müzakirə etdiklərini diqqətə çatdıran dövlətimizin başçısı dəhlizin imkanlarının daha böyük olduğunu vurğulayıb: “Deməliyəm ki, Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır”.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Əvəz Soltanov

 

 

Yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır

Son illərdə Rusiya ilə Azərbaycan arasında birgə sənaye kooperasiyası layihələrinin reallaşdırılması da ölkələrarası iqtisadi əlaqələrin gücləndirilməsində mühüm rol oynayır. Belə ki, Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradaraq sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verir. Hazırda Azərbaycanda Rusiya kapitallı 1300 müəssisə fəaliyyət göstərir. Rusiya investorları tərəfindən Azərbaycan iqtisadiyyatına 4 milyarddan çox birbaşa investisiyalar yatırılıb. Ümumilikdə isə onu demək olar ki, iki ölkə arasında ticarət, sənaye, energetika, investisiya qoyuluşu, nəqliyyat, logistika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir və strateji tərəfdaşlığımız indiyədək imzalanmış 300-ə yaxın sənədə əsaslanır. Bu xüsusda cari ilin yanvarında imzalanan “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi”nin əhəmiyyətini də önə çəkmək lazımdır. Həmin xəritə müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımları atılmasını nəzərdə tutur.  Avqustun 19-da keçirilən görüşlərin ardından AZPROMO ilə Rusiya Birbaşa İnvestisiyalar Fondunun idarəedici şirkəti arasında Anlaşma Memorandumu, ekologiya, əmək qanunvericiliyi, qida təhlükəsizliyi, bitkiçilik, səhiyyə, tibbi təhsil və tibb elmi sahələrində sənədlərin imzalanması da bu yol xəritəsinin tərkib hissəsi kimi, əməkdaşlığın yeni müstəviyə keçməsinə təkan verəcəkdir. Mühüm dövlət sənədləri əsasında iqtisadi sahədə əməkdaşlıq əlaqələrini quraraq, ticarət dövriyyəsini ilbəil daha da çoxaldan Azərbaycan və Rusiya dəfələrlə bəyan edildiyi kimi, regionda təhlükəsizliyə, sabitliyə, əmin-amanlığa töhfə vermək əzmiylə çalışırlar. Vladimir Putinin ikigünlük səfərindən gəlinən nəticə də odur ki, bu iki mehriban qonşu, dost ölkə bundan sonra da ümumi inkişafda əsas faktorlardan sayılan sözügedən amilləri müttəfiqlik əlaqələrində vahid prinsiplər kimi rəhbər tutacaqlar. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “Yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır”.
Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Ehtiram Osmanov

 

 

Dövlətlərarası münasibətlərimiz üçün müstəsna əhəmiyyətə malik olan nəqliyyat dəhlizləri

Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Bunu həm siyasi münasibətlər, həm də iqtisadi əlaqələrin göstəriciləri də birmənalı olaraq təsdiqləyir. Xüsusi vurğulanmalıdır ki, keçmiş SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb.
Şimal qonşumuz Azərbaycanın şanlı Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsini sonuclandıran 2020-ci il 10 noyabr Bəyanatının imzalanmasında xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə dövlətlərarası münasibətləri yeni mərhələyə – müttəfiqlik səviyyəsinə qaldırıb. Həmçinin bu bir faktdır ki, Prezident İlham Əliyevin yürütdüyü müdrik, uzaqgörən və düşünülmüş siyasət, xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın bütün dünyada nüfuzunu artırıb. Hazırda ölkəmiz regional və beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınır.Avqustun 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfərinə gəlib. Ertəsi gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib. Həmçinin hər iki dövlət başçılarının iştirakı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib. Mərasindən sonra Prezidentlər mətbuata bəyanatla çıxış ediblər.Görüş zamanı dövlətlərarası münasibətlər üçün mütəsna əhəmiyyətə malik olan regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri ətraflı müzakirə edilib. Ölkə başçısı bildirib ki, “Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər”. Rusiya Prezidenti Bakının son illərdə daha da inkişaf etdiyini söyləyərək bildirdi ki, Bakı  yüksəlişi ilə bir növ regionun oazisinə çevrilir. Göründüyü kimi, iki ölkə arasındakı çoxtərəfli əməkdaşlıq inkişaf edərək daha da dərinləşir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevlə Vladimir Putinin siyasi iradəsi, liderlər arasında etimada əsaslanan dostluq münasibətləri sayəsində əlaqələr durmadan inkişaf edəcək.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın