Yeni qanuna əsasən siyasi partiyaların təsis edilməsi prosesi 2 hissəyə bölünüb
Yeni qanuna əsasən siyasi partiyaların təsis edilməsi prosesi 2 hissəyə bölünüb
Azərbaycan müstəqilliyin ilk illərində olan keşməkeşli dövrü keçərək böyük uğurlar əldə etmişdir. Vətən müharibəsində əldə edilmiş Zəfər ölkəmiz üçün yeni bir mərhələnin əsasını qoymuş və ölkəmiz dünyada öz layiqli yerini tutmaqdadır.
Son illərdə respublikamızda aparılan genişmiqyaslı islahatlar artıq bütün sahələrdə müsbət nəticələr verməkdədir. Azərbaycan 30 il bundan əvvəlki Azərbaycanla müqayisədə tamamilə fərqlidir. Hazırda ölkəmiz dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən dövlətdir. Ona görə də əvvəlki illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması zərurəti yaranıb. İslahatlar kursu uğurla davam edən respublikamızda bütün sahələrlə yanaşı ictimai-siyasi sahədə də müasir dövrün tələblərinə uyğun addımlar atılmaqdadır. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni Qanunun yaradılması dövrün tələblərindən irəli gəlir.
Yeni qanunun qəbul olunması prosesi böyük əhəmiyyət kəsb edirdi. Milli Məclisdə təmsil olunan və olunmayan siyasi partiyalar, həm media, həm də ictimaiyyət üzvləri yeni qanunla bağlı keçirilən müzakirələrdə fəal iştirak etmiş, öz təkliflərini irəli sürmüşlər.
Artıq yeni qanun ölkə başçısının təsdiqindən sonra qüvvəyə minmişdir. Müasir tələblər səviyyəsində hazırlanmış yeni qanunda diqqət çəkən məqamlara nəzər yetirsək görərik ki, Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) təsis yığıncağını keçirərək partiyanın nizamnaməsini və proqramını qəbul edirlər, təmsilçilik məqsədilə təsisçilər sırasından səlahiyyətli şəxsi müəyyən edirlər. 30 gün müddətində səlahiyyətli şəxs Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edərək təsis yığıncağının protokolunu, partiyanın nizamnaməsini və proqramını təqdim edir. Ədliyyə Nazirliyi 30 gün müddətində sənədləri yoxlayır. Sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə siyasi partiya 180 gün müddətində 5000 üzv sayının təmin edilməsi üçün tədbirlər görür və üzvlərin reyestrini tərtib edir. Siyasi partiyanın səlahiyyətli şəxsi 180 günlük müddət bitəndən sonra 10 gündən gec olmayaraq siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edir.
Yeni qanunda xüsusi məqamlardan biri isə dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımının göstərilməsidir ki, məhz bunun nəticəsində maliyyə dayanıqlığını təmin ediləcəkdir.
Rasif Qaçayzadə – Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru