Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib
Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib
Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqı bir çox çətinliklərlə, bəlalarla üzləşmişdir. Bu ağır bəlalardan biri də qan yaddaşımıza həkk olmuş 20 Yanvar faciəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb.
Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.
XX əsrin sonlarında Azərbaycan xalqının yaşadığı 20 Yanvar faciəsi keçmiş Sovet İttifaqının siyasi iflası dövründə Moskva rəhbərliyinin sadəcə bir cinayət əməli olmayıb. Bu əməl həmçinin erməni şovinizminin xalqımıza qarşı növbəti etnik vəhşiliyi idi. Bu şovinizm 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya bir gecəlik çıxarılan xüsusi təyinatlı, xüsusi amansızlıqları ilə seçilən hərbi birləşmələrin milli tərkibinin erməni mənşəli olmasında və onların istifadə etdikləri silah-sursatın öldürücü xüsusiyyətlərinə görə beynəlxalq hüquq normaları ilə istifadəsi qadağan edilmiş hərbi təchizat olmasında özünü göstərirdi.
Dilarə Məmmədova- Zərdab rayon 2 saylı körpələr evi-uşaq bağçasının müdiri
“Bakı əməliyyatı.”
Azərbaycan xalqı zaman-zaman azadlıq, müstəqillik uğrunda mübarizə aparıb. XX əsrin əvvəllərində ermənilər tərəfindən, həmçinin onları dəstəkləyən regional güclərin dəstəyi ilə Azərbaycan xalqına qarşı irqi, dini ayrı-seçkilik siyasəti həyata keçirilib. Belə qanlı faciələrdən biri də Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış 20 Yanvar faciəsidir.
1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Sovetinin hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən, yanvarın 19-dan 20-nə keçən gecədən etibarən “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərmanı imzalamaqla keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçov İttifaq Konstitusiyasını kobud şəkildə pozmuşdu. Yanvarın 19-da SSRİ DTK-nın “Alfa” qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat verilməsin.
Həmin gecə Bakıda 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən Salyan kazarmasının giriş-çıxış yolu kəsilmişdi. Fövqəladə vəziyyətin yanvarın 19-dan 20-nə keçən gecə tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçiriblər. Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçib, ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtmışdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların – qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək sovet ordusu öz dövlətinin vətəndaşlarına qarşı qəddar cinayət törətmiş, “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə Bakı şəhərinin əhalisinə rəsmi xəbərdarlıq edilməmişdi.
20 Yanvar günü Azərbaycanın tarixinə qanlı hərflərlə yazıldı. Bu, xalqın tarixi boyu üzləşdiyi ən amansız, ən ağrılı faciələrdən biri kimi yaddaşlara həkk oldu. Lakin bu günü yalnız faciə, yas, və ya kədər kimi günü kimi səciyyələndirmək Azərbaycan xalqına qarşı böyük bir ədalətsizlik olardı. Çünki bu “Qara Yanvar” günü eyni zamanda, xalqın əsrlərlə davam edən azadlıq mübarizəsinin ən uca zivələrindən birinə də çevrildi, milli mənliyin millətin həyatına möhür vurduğu gün oldu. O gecə tankların, avtomatlardan açılan güllələrin səsini batıran bir hayqırtı eşidildi. Azərbaycanın dörd bir guşəsindən. Azərbaycan xalqı: “Mən varam, yaşayıram, azadam, vətənimin heç bir parçasını da heç kimə vermərəm” deyə bağırdı bütün dünyaya.
Aytac Həşimzadə- Zərdab rayon İsaqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri
Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun hərbi hissələri yeridildi.
Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasosnu” aerodromlarında, Respublika stadionunda, “Salyan kazarması”nda yerləşdirilmişdi. Xalq bunlardan xəbərsiz idi.
Kütləvi insan qırğını törədildikdən sonra – 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirildi. Ümumilikdə Respublikada 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vuruldu.
Bütün bunlaraq baxmayaraq 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə deyil, həm də şan və şərəf günü kimi xatırlanır. Xalq həmin gün üstünə şığıyan qorxunc sovet ordusuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətnliyini nümayiş etdirməyi bacarmışdır. Məhz həmin hadisələr sübut etdi ki, xalqımız pozulan hüquqlarının, suverenliyinin, ölkənin ərazi bütövlüyünün bərpa olunması uğrunda savaşmaq əzminə malikdir.
Mətanət Ağayeva- Zərdab rayon əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri
İlk siyasi-hüquqi qiymət
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri həm də millətin azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi.
20 Yanvar faciəsi Azərbaycan xalqının unudulmaz qan yaddaşıdır. 34 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir və qan yaddaşımız olan 20 Yanvar faciəsi müstəqil Azərbaycan Respublikasının qurulmasında bir dönüş nöqtəsi olmuşdur.
1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin Sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirilməsi yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət əməli idi.
1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Bu, böyük tarixi şəxsiyyətin Azərbaycana sevgisinin, Azərbaycan dövlətçiliyinə ehtiramının təzahürü idi. Azərbaycanda milli-azadlıq hərəkatının coşqusunu belə qəddarlıqla söndürmək imperiya xisləti idi və tarix bu xislətinə görə onun varlığına son qoydu. Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu.
Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinmədi, SSRİ hökumətinin “20 Yanvar” əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi və öz fikrini bu şəkildə ifadə etdi: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.
20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində sadəcə kədərli bir hüzn günü kimi deyil, həm də millətimizin qəhrəmanlığını, mübarizliyini, yenilməzliyini əks etdirən bir oyanış günü kimi yaddaşımızda əbədi yaşayacaqdır.
Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri
Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi
Xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyev, hər şeydən əvvəl, 20 Yanvar faciəsini Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırmışdır. Bu tarix xalqımızın həyatında dərin və sonsuz hüzn törətməsinə baxmayaraq, Ulu öndər onu tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmiş, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltmişdir. Qeyd edək ki, müstəqilliyimizin banisi faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə bütün zəruri tədbirləri həyata keçirmişdir
Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 Yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur. Bir çox ölkələrin radiostansiyaları da Yanvar faciəsi haqqında hərtərəfli informasiya verir və imperiya qüvvələrini lənətləyirdi. Azərbaycanın siyasi rəhbərliyi nəinki istefaya getməmiş, hətta belə bir məqamda susmağı daha üstün tutmuşdur. Xalqının şəhidlər verdiyi faciəli günlərdə o bu faciəyə rəsmi bəyanatla münasibətini bildirməmiş, xalqın qəzəbindən qorxaraq şəhidlərin dəfn mərasimində iştirak etməmiş, yas içində olan xalqına başsağlığı belə verməmişdir.
Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib.
Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli Lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində — heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır.
Beləliklə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul edildi. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.
Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri
Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik
34 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Tariximizə həm də milli qürur günü kimi düşən 1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı.
Ulu Öndər Heydər Əliyev yolunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına hər zaman xüsusi diqqət ayırır. Cənab Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Həmçinin 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsidə dövlət tərəfindən uğurla həyata keçirilmişdir.
1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün Cənab Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılmışdır. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.
Bu gün fəxarətlə deyə bilərik ki, Azərbaycan xalqı müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən bütün qəhrəman övladlarının qanını yerdə qoymadı. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruq kimi ətrafında birləşdirdiyi Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərimizi təmin edərək müstəqilliyimizin əbədi olduğunu bütün dünyaya bir daha bəyan etdi. Azərbaycan xalqı və dövləti var olduqca bu torpaq uğrunda qanını axıdan, düşünmədən canını fəda edən övladlarımızın xatirəsini əziz saxlayacaq.
Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri
Milli kimliyin formalaşması
1990-cı ilin 20 Yanvar faicəsindən 34 il ötür. 20 Yanvar hadisələri Azərbaycan xalqı üçün yalnız böyük faciə deyil. Bu hadisə ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
20 Yanvar hadisələri nəticəsində Azərbaycanda keçmiş Sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərdi. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü.
Azərbaycan 1991-ci il 18 oktyabr tarixində öz dövlət müstəqilliyini bərpa etsə də xalqımız bunun sevincini 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaşamağa başladı. Müstəqilliyinin bərpasının ilk illərində böyük faciələrlə üz-üzə qalan Azərbaycan 1993-cü ildən sonra yeni inkişaf yoluna qədəm qoydu. Yeni Azərbaycan quruldu. Müasir müstəqil Azərbaycanın gələcəyi üçün möhkəm təməl formalaşdı. Məhz bu təməl üzərində inamla addımlayan Azərbaycan Ulu öndər Heydər Əliyevin siyasi kursunun laqiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara imza atdı. Bu gün biz tarixi Zəfərimizin sevincini və yaratdığı yeni reallıqları yaşayırıq. Bu gün Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün təmin olunması yolunda canlarından keçən şəhidlərimizin ruhu şaddır. Qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımız azad Qarabağda, Şərqi Zəngəzurda dalğalanır. Müstəqilliyimiz əbədidir, sarsılmazdır.
Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri