Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi
Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi.
Ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir.Tarix göstərir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun müddət sürə bilməmişdir. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin xilaskarı kimi tariximizə öz əbədi imzasını atdı. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində Sovet dönəmində Azərbaycan dilli təhsilin və maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gənclərin ana dilində təhsilinə üstünlük verilib. Azərbaycan dilində mətbuatın, elm və mədəniyyətin tərəqqisi üçün mühüm tədbirlər həyata keçirilib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb. Ümummilli Liderimiz rəsmi və qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində danışmaqdan çəkinməyərək, ana dilimizə verdiyi yüksək dəyəri vurğulayıb, dilimizin ictimai-siyasi mövqeyinin yüksəlməsinə zəmin yaradıb. O, öz çıxışlarının birində demişdir: “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var.”
Ulu Öndər Heydər Əliyev: “Dövlət dilimiz, ana dilimiz – Azərbaycan dili ölkəmizdə hakim dildir. Nəinki azərbaycanlılar, respublikamıza xaricdən gələn qonaqlarımız, dostlarımız, həmkarlarımız da bu dilə hörmət edirlər, bu dili öyrənmək, bu dildə danışmaq istəyirlər. Bu, çox sevindirici haldır. Bu, eyni zamanda müstəqil respublikamızın əsas atributlarından biri olan Azərbaycan dilinin inkişaf etməsini göstərir. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır.
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə nail olub. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Bahar Qurbanova-Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı
“Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.”
Tarixi şəxsiyyətlərin xalqın, millətin, xüsusilə də dövlətin formalaşmasındakı rolu barədə çox yazılıb, çox deyilib. Hansı dövrdə və hansı məkanda olmağından asılı olmayaraq fenomen insanların yaradıcı, inkişafetdirici mövqeyi qeydsiz – şərtsiz qəbul olunub. Taleyinə belə dahilərin imzası düşən xalqlar onlarla fəxr edib. Azərbaycan xalqının Heydər Əliyev şəxsiyyəti ilə fəxr etdiyi kimi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyindəki mövqeyi tarixin yaddaşına elə ştirixlərlə həkk olunmuşdur ki, zaman keçdikcə dəyəri daha aydın dərk olunacaqdır. Hakimiyyətdə olduğu hər iki mərhələdə təkcə siyasi arenada yox, elm, təhsil, səhiyyə, mədəniyyət, ordu quruculuğu və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti sanki birbaşa “Gələcək Azərbaycan” proqramı əsasında qurulmuşdu. Ulu öndərin fəaliyyəti, xalqımızın və dövlətçiliyimizin tarixindəki rolu barədə saysız – hesabsız yazılar, araşdırmalar mövcuddur. Mənim isə, yəqin ki, peşəm və ixtisasımla əlaqədar olaraq daha çox Ulu Öndərin ana dilimizə münasibəti diqqətimi çəkib. Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunan mənbələri araşdırarkən, demək olar ki, hər dəfə yeni bir fakt nəzərə çarpır. Hələ 27 aprel 1978 – ci il tarixində Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması ilə bağlı aparılan ciddi işlərin birbaşa Heydər Əliyevin şəxsi təşəbbüsü olması onun doğma dilimizə sonsuz sevgisinin və qayğısının nümunəsi kimi qiymətləndirilməlidir. Sovet rejiminin milli dilləri sıxışdırdığı bir vaxtda ana dili məsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət tələb edirdi. SSRİ – nin tərkibində olan digər milli respublikaların rəhbələri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Lakin Ulu Öndər bu məsələdə öz mövqeyini cəsarətlə ortaya qoydu. 1978 – ci il aprelin 2 – də IX çağırış Azərbaycan SSRİ Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında çıxış edərkən Ulu Öndər tərəfindən 73 – cü maddəni yeni redaksiyada təqdim etmək təklif olunur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir “ -bu cümlə gələcək müstəqil dövlətçiliyin ən önəmli milli rəmzlərindən birinin əsasını məharətlə qoymuş oldu. Milli lider dövlət dili uğrunda apardığı ardıcıl mübarizəyə ziyalıları, bütün vətənpərvər qüvvələri də cəlb edirdi. Bu fəaliyyətin məntiqi davamı 1995 – ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlananda da özünü göstərdi. Geniş müzakirələrdən sonra 1995 – ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21 – ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Heydər Əliyevin dövlət dilimizin yeni inkişaf dönəmində atdığı daha bir vacib addım 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman olmuşdur. Dil siyasətinin formalaşması, möhkəmləndirilməsi baxımından bu tarixi fərman müstəsna əhəmiyyətə malikdir. Həmin fərmana əsasən Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması daha bir önəmli addım idi. Bütün bunlarla paralel olaraq dil sahəsində yaşanan problemlərin həllinə xidmət edən tədbirlər də həyata keçirilirdi. “Azərbaycan əlifbası və Azərbaycan dili Gününün təsis edilməsi haqqında” 2001- ci il 9 avqust tarixli Fərmanın bu sahədə qəbul edilən daha bir önəmli rəsmi sənəd oldu. Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayan “Azərbaycan Respublikasında dövlət dili haqqında” 2002-ci il 30 sentyabr tarixində qəbul edilən Qanun isə təkcə respublikamızda deyil, həm də bütün dünyada azərbaycanlıların özünümüdafiə ehtiyaclarının ödənilməsinə zəmin yaratmış oldu. Bundan başqa Ulu Öndər Heydər Əliyev iştirak etdiyi müxtəlif tədbirlərdə, görüşlərdə dilimizin zənginliyi və qiymətli olması ilə nitqlər söyləmişdir. O azərbaycanlı olmağı ilə fəxr etdiyi kimi öz ana dilimizlə də fəxr edirdi.
Əvəz Soltanov-Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı
azəbaycan dili gününün təsis edilməsi.
Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən xalqımız müxtəlif yazı növlərindən və əlifbalardan istifadə etmişdir. Qədim Manna dövlətində yerli yazı növü ilə yanaşı, heroqliflərdən də istifadə olunduğu məlumdur. Ulu əcdadlarımız olan albanların 52 hərfdən ibarət əlifbası vardı. Ölkəmizdə İslam dininin yayılması ilə əlaqədar ərəb əlifbasından geniş istifadə olunmuş, yüz illər boyu ərəb dili din, elm və təhsil dili rolunu oynamışdır. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafikası dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı. Bu çatışmazlıqlar Mirzə Fətəli Axundov başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarında əlifba islahatı keçirmək ideyaları yaratmışdı. Lakin o vaxt bu ideyanı həyata keçirmək mümkün olmamışdı. 1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradıldı. Bu Komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verildi. Bu yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən etibarən latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Bu hadisə Azərbaycanda savadsızlığın ləğv olunmasında mühüm rol oynadı. Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ- də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planlarını yaratdı.1940-cı il yanvarın 1-dən kiril qrafikalı Azərbaycan əlifbasına keçmək haqqında qərar qəbul olundu. Sonralar kiril qrafikasının Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril qrafikasında müəyyən dəyişikliklər aparıldı. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. 1990-ci ildən Azərbaycanda yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı təşəbbüslər irəli sürülməyə başlanılmışdır. Yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim Afad Qurbanov olmuşdur. 1 avqust 1990-cı il tarixində onun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi kimi bilik və bacarığı nəzərə alınaraq o, komissiyanın sədri təyin edilmişdir. Məhz Azərbaycan Əlifba Komissiyasının tərtib etdiyi yeni əlifba 1992-ci ildə təsdiq edilmiş və tətbiq edilməyə başlanılmışdır.. Heydər Əliyevin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman Azərbaycan dilinin qorunması və inkişafı baxımından göstərdiyi mühüm addım oldu. 2003-cü il yanvarın 2-də isə Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzalamışdır. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.
Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev