13.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

10 noyabr bəyanatında hər şey dəqiq göstərilib

10 noyabr bəyanatında hər şey dəqiq göstərilib

10 noyabr bəyanatında hər şey dəqiq göstərilib.

Konkret olaraq, sənəddəki “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili” fikrinə nəzər salaq. Deməli, ölkəmizin Naxçıvana yolun “Azərbaycandan Azərbaycana yol” kimi olmasına dair təsəvvürü tam doğrudur. Rəsmi İrəvan isə bununla razılaşmır.

Digər tərəfdən, bəyanatdakı “Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir” fikri də konkretdir. Yəni, Paşinyanın bu məsələdə da nəyi dandığı məlum deyil. Onun inkarçılığı Aİİ müstəvisinə gətirməsi isə əlavə mülahizələrə yol açır. Çox güman ki, bir azdan Paşinyan və komandasındakılar KTMT kimi, bu qurumu da Ermənistanın mənafelərini dəyərləndirməməkdə günahlandıracaqlar. Düşünülməsi mümkündür ki, üçtərəfli bəyanata üstüörtülü istinad, daha dəqiq desək, sənədi danma ritorikası bunun üçün yaxşı fürsət verib.

Bəli, Ermənistan rəhbərliyi özü təhrifçiliklə məşğuldur. Tam dəqiq yazılmış bir müddəanın inkarı misli-bərabəri olmayan həyasızlıqdır. Ancaq Paşinyanın və komandasının üzvlərinin ifasında belə qeyri-ciddilik dolu həyasızlıq, ilk dəfə deyil ki, yaşanır. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova əbəs yerə danışmır. O, son vaxtlar inadlı şəkildə Ermənistanın üçtərəfli bəyanatdakı imzasını geri götürmədiyini xatırladır. Xanım Zaxarova belə deyir: Paşinyan bəyanatdakı imzasını geri götürsün ki, Ermənistanın ondan üz döndərdiyi rəsmiləşsin. Bunu etmirsə, deməli, sənəddə yazılanlar icra olunmalıdır.

Ancaq Paşinyan həm üçtərəfli bəyanatın icrasından boyun qaçırır, həm də imzasını geri götürmək istəmir. Məsələn, bir müddət əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, üçtərəfli bəyanatdan imtina sənədin icrasını təmin etmək potensialından uzaqlığın təsdiqi olar və bu səbəbdən belə bir addım atılmayacaq. Deməli, Simonyanın da həyasızlığı sərhəd tanımır.

Əlavə edək ki, Paşinyan, təxminən, bir ay öncə üçtərəfli bəyanata Ermənistanın məğlub, Azərbaycanın qalib ölkə statusunu təsdiqləyən sənəd kimi yanaşılmasının yolverilməzliyini də dilə gətirmişdi. Görəsən, başqa necə yanaşılmalıdır? Belə çıxır ki, Azərbaycan Ordusu erməni silahlı birləşmələrini İrəvana qədər qovmalı və Paşinyan daha rüsvayçı akta imza atmalı idi. Bir daha belə qənaətə gəlirik ki, Ermənistan rəhbərliyi üçün reallığın dərkinin gücdən başqa vasitəsi yoxdur.

Onu da deyək ki, Azərbaycan, heç bir halda, Ermənistanın Naxçıvana yol məsələsində regional kommunikasiyalarla bağlı təhlükəsizlik təminatına etibar etmir. Bu mövqenin əsaslandırılması üçün arqumentlər çoxdur. Həm 30 ilə yaxın davam etmiş işğal, həm də ondan əvvəl erməni millətçilərin Naxçıvana gedən qatarları daşa basması unudula bilməz. Habelə, Ermənistan 44 günlük müharibədən sonra özünün reabilitasiyası, inam və etibar qazanması naminə heç bir iş görməyib, səmimiyyət mühiti yaratmayıb, hər vəchlə Qarabağdakı artıq canını tapşırmış olan separatçı rejimi saxlamağa çalışıb. Azərbaycan hər bir nəticəyə öz gücü hesabına nail olub və nail olmaqdadır.

Üstəlik, hazırda Qərbin erməni avantürizmini Cənubi Qafqaz reallığının tərkib hissəsinə çevirmək istəklərini görürük. Bu meyilin nəticəsidir ki, rəsmi İrəvan “Dünyanın kəsişməsi” kimi cəfəng ideya səsləndirir. Belə bir ideya sözügedən avantürizmi diri saxlamaq məqsədinə hesablanmış həm siyasi, həm iqtisadi, həm də mənəvi dividend qazandıran təbiətə malikdir. Deməli, N.Paşinyanın Aİİ-nin Hökumətlərarası Şurasının İrəvanda keçirilmiş geniş tərkibdəki iclası zamanı bildirdikləri də Ermənistanın avantürizmdən əl çəkməyəcəyinin növbəti dəfə bəyan edilməsidir.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın