13.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Artıq Şuşaya keçmiş məcburi köçkünlərin bir qrupu qayıdıb və bu proses davam edir

Artıq Şuşaya keçmiş məcburi köçkünlərin bir qrupu qayıdıb və bu proses davam edir

Artıq Şuşaya keçmiş məcburi köçkünlərin bir qrupu qayıdıb və bu proses davam edir

Doğma torpağın hər qarışı, hər bir şəhər və kəndimiz bizim üçün əzizdir. Amma alınmaz qala, Qarabağın tacı sayılan Şuşanın tariximizdə öz yeri var. Şuşa həm də mədəniyyətimizin beşiyidir. Prezident İlham Əliyevin Şuşanı rəsmən Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsi bu qədim şəhərin özəlliklərindən qaynaqlanır. Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən olan Şuşanı 28 ildən çox əsarətdə saxlayan erməni işğalçıları onun simasını dəyişməyə cəhd göstərib, xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirib. Buna baxmayaraq, Şuşa sınmayıb, əyilməyib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib.

Müzəffər Ali Baş Komandan Şuşada Cıdır düzündə çıxışında deyib ki, Azərbaycanı Şuşasız, Şuşanı isə Cıdır düzü olmadan təsəvvür etmək mümkün deyil. Bir vaxtlar bizim üçün müqəddəs olan bu yerdə heysiyyətimizə toxunaraq “Yallı” gedən düşmənin indi burada izi-tozu da qalmayıb: “Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi”.

Azərbaycan Prezidentinin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Eyni zamanda, Cıdır düzündə “Xarıbülbül” beynəlxalq musiqi festivalları keçirilir.

Son dörd ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərinə səfər edib, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar.

Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin binasının, yaşayış komplekslərinin inşası, Mamayı, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərinin, Üzeyir Hacıbəylinin ev-muzeyinin, Şirin su hamamının bərpası görülən işlərin sadəcə bir neçəsidir.

Artıq Şuşaya keçmiş məcburi köçkünlərin bir qrupu qayıdıb və bu proses davam edir.

Şuşa həm də bu il “İslam dünyasının mədəniyyət paytaxtı” adına yiyələnib. “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində Prezident İlham Əliyev çıxış edərək deyib: “Şuşa Azərbaycanın bir çox dahi mədəniyyət xadimlərinin vətənidir. Şuşada doğulmuş, burada boya-başa çatmış görkəmli və dahi mədəniyyət xadimləri bizim qürur mənbəyimizdir. Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində və daha böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi tanınırdı. Şuşanın mədəniyyət xadimlərinin fəaliyyəti hər zaman böyük diqqət cəlb edirdi”.

Xatırladaq ki, Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğaldan sonra şəhərin 22 min əhalisi məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində yerləşib. Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb. Bundan başqa, 55 nəfər əsir düşüb və girov götürülüb.

Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Biz xəyalların gerçəkləşdiyi Azərbaycanın, qalib ölkənin qalib vətəndaşları olmağın tükənməz sevincini yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq.

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın