2 – FEVRAL SUVEREN AZƏRBAYCAN GƏNCLƏR GÜNÜ!
2 fevral tarixinin Gənclər Günü kimi elan olunması daim gənclərə diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həllinə xüsusi diqqət göstərən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycanın gənclər siyasəti dünya miqyasında bir nümunəyə çevrilib. Bu gün Azərbaycanda gənclərə hər sahədə xüsusi diqqət yetirilir. Gənclərin şəxsi inkişafı, dünya görüşünün artırılması, təhsili, karyera sahəsində inkişafı, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda böyüdülməsi dövlətimizin prioritet məsələlərindən biridir. Ölkəmizdə gənclərə diqqətin ayrılması, onların vətənpərvər, sağlam ruhda inkişafı, yetişməsi və bu sahədə bir çox tədbirlərin görülməsi, dövlətin xüsusi fəaliyyəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də gənclərlə bağlı xüsusi Fərman imzaladı. Həmin Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Bununla da, hər il Gənclər Günü qeyd edilir. Qeyd edim ki, həmin tarixdən etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə gənclər gününün qeyd edilməsinə başlanılıb. Ulu Öndərin rəhbərliyi ilə 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumu baş tutur. Bu Forumda Heydər Əliyev çıxış edir, gənclərin inkişafı, gələcəyi haqqında tövsiyələrini verir və onların qarşısında xüsusi bir vəzifəni yerinə yetirmələrini bəyan edir. Təbii ki, bu Azərbaycanın müstəqil, suveren gələcəyidir. Ulu Öndər Heydər Əliyev 1999-cu il iyulun 29-da “Dövlət gənclər siyasəti haqqında” fərman imzalayır. Digər sərəncam, fərmanlar kimi bu da gənclərin inkişafına istiqamətlənmiş sənəddir. Ümummilli liderin miras qoyduğu gənclərin inkişafı, ictimai-siyasi həyatda aktiv iştirakı bu gün də cənab Prezident İlham Əliyev tərəfindən yüksək şəkildə davam etdirilir. Bu dönəm artıq gənclər siyasətinin təşkilinin yeni mərhələsidir deyə bilərik. Ölkə gənclərinin mənəvi inkişafı, vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər birliklərinin, təşkilatların formalaşması və inkişafı üçün yaradılan şərait və imkan dövlət başçısının bu sahəyə böyük diqqətinin göstəricisidir. Məhz buna görə də, 2007-ci il “Gənclər ili” elan olunmuşdur.Belə bir təşəbbüsün reallaşdırılması gənclərin müxtəlif sahələridə inkişafını sürətləndirmiş və dövlətimiz üçün gənclərin önəmi daha da artmışdır. Cənab Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin təhsil sahəsində də siyasətini davam etdirərək gənclərin xarici ölkələrdə dövlət dəstəyi ilə təhsil almalarına şərait yaratmışdır. Belə ki, Azərbaycan Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” və ən son imzalanmış “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” bütün gənclərin xaricdə təhsilinə hərtərəfli imkanlar yaradıb. Məhz bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alır və bu gün də bu proqramın təmin edilməsi davam etdirilir. Gənclər siyasəti bu gün də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən çox yüksək səviyyədə və uğurla davam etdirilir, ən əsası hər zaman vətənpərvər ruhda gənc nəsil yetişdirmək prioritet məsələ olaraq dövlətin qarşısında durur.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının mühasibi
Qalib Nağıyev