15.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

10 NOYABR BƏYANATI MÜZƏFFƏR ALİ BAŞ KOMANDANIN DİPLOMATİK UĞURUDUR!

10 NOYABR BƏYANATI MÜZƏFFƏR ALİ BAŞ KOMANDANIN DİPLOMATİK UĞURUDUR!

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz, Ermənistanın öz Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırmağa çalışdığı mifi 44 günə dağıtdı. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan əldə etmək istədiyi heç bir şeyə nail ola bilmədi və «Böyük Ermənistan» planı fiaskoya uğradı. “Dağlıq Qarabağ”ın status məsələsi tarixin arxivinə getdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu..”. Şanlı Qələbəmiz Azərbaycan xalqının milli potensialının miqyasını üzə çıxardı: “Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil iki əsrdə yoluna qoyulması mümkün olmayan münaqişəni “Dəmir yumruğ”un zərbəsi ilə cəmi 44 günün içində həll etdi. BMT tarixində bu, bəlkə də, ilk hal idi ki, belə bir mötəbər beynəlxalq qurumun qətnamələrini işğala məruz qalan tərəf özü hərbi yolla icra etməli oldu. Düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini danılmaz fakt qarşısında qoydular.

44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası sıradan çıxarıldı, canlı qüvvəsi zərərsizləşdirildi və Azərbaycan öz gücünü, öz qüdrətini dünyaya göstərdi. 2020 ci ilin sentyabrın 27-də  Azərbaycan xalqının 30 illik həsrətlə gözlədiyi gün gəldi. Bu 30 ildə Azərbaycan xalqı əzmlə, səbrlə, durmadan çalışaraq, öz dövlətini gücləndirərək tarixi anın yetişməsini,  həmçinin,  bu möhtəşəm xəbəri gözləyirdi. Heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın qələbəyə olan inamını sarsıtmadı, Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycanın liderinin iradəsinə təsir göstərmədi. Şanlı Ordumuzun əks-hücum əməliyyatları – Azərbaycan xalqı və dövləti üçün Vətən müharibəsi olan haqq savaşında bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr və nəhayət qədim Şuşa şəhəri Ordumuzun döyüş meydanındakı qəhrəmanlıqları nəticəsində işğaldan azad edildi. Azərbaycan Ordusunun şücaəti, yüksək döyüş qabiliyyəti və apardığı əməliyyatlar dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Ötən illər ərzində məqsədyönlü şəkildə inkişaf etdirilən, maddi-texniki bazası gücləndirilən, dünyanın ən güclü orduları sırasında olan Şanlı Azərbaycan Ordusunun sarsıdıcı zərbələri nəticəsində ağır itkilər verən Ermənistanın silahlı qüvvələrinin müqaviməti sındırıldı. İşğalçı ölkə artıq Azərbaycanın Şanlı Ordusu qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olduğunu dərk etdi və diz çökdü! Bununla da 10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə – Qələbə Günü kimi qızıl hərflərlə yazıldı. 44 günlük müharibədən sonra da Ermənistan silahlı qüvvələrinin hər bir təxribatının qarşısını qətiyyətlə alması bir daha ordumuzun gücünün göstəricisidir:

Antiterror tədbirləri zamanı da Azərbaycan hərbçiləri həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq Silahlı Qüvvələrimiz heç bir mülki şəxsə ziyan vurmadı, dinc sakinləri hədəf almadı, mülki obyektlərə atəş açmadı. Tapşırığı yüksək səviyyədə yerinə yetirərək yalnız hərbi infrastruktur sıradan çıxarıldı. 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenlik tam bərpa edildi. Xatırladaq ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.

 

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatının sədr müavini

Sevinc Gülüşova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın