Naxçıvan Azərbaycanın qədim diyarıdır
Naxçıvan Azərbaycanın qədim diyarıdır.
Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Naxçıvan eyni zamanda dünyanın ən qədim mədəniyyət mərkəzlərindəndir. Bu torpaqda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır.
XX əsrin 90-cı illərinin əvvəlində SSRİ-nin süqutu ərəfəsində yaranmış şəraitdən istifadə edən Ermənistan hakimiyyət dairələri Azərbaycana, o cümlədən Naxçıvana qarşı ərazi iddialarını açıq silahlı təcavüz yolu ilə gerçəkləşdirmək qərarına gəldilər. Naxçıvan diyarı çətin sınaqlar qarşısında qaldı. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet qoşunlarının Bakıya yeridilməsindən 8 saat əvvəl sovet-erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikası ərazisinə hücuma keçdi və erməni quldur dəstələri Naxçıvanın Sədərək rayonunun Kərki kəndini işğal etdilər. Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə ümumittifaq şəbəkəsinə daxil olan, Azərbaycanı Naxçıvanla bağlayan dəmir yol xətləri və avtomobil yolları kəsildi, Naxçıvan Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamağa başladı. O dövrdə Azərbaycan rəhbərliyinin Naxçıvan Muxtar Respublikasının taleyüklü problemlərinə laqeyd münasibəti, biganə yanaşması vəziyyəti daha da çətinləşdirdi.
Naxçıvan bütün tarixi dövrlərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi onun tarixi taleyini birgə yaşamışdır və yaşamaqda davam edir. Erməni işğalları nəticəsində Naxçıvanın Azərbaycanın digər torpaqlarından ayrı salınması, muxtar respublikanın ermənilər tərəfindən blokadaya alınması onu böyük çətinliklərlə üz-üzə qoymuşdur. Lakin uzun sürən ağır blokada şəraiti Naxçıvanın və naxçıvanlıların iradəsini qıra bilməmiş, əksinə daha da mətinləşdirmişdir. Məhz Naxçıvanda həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində, ermənilər Qarabağdakı işğalçılıq siyasətini burada reallaşdıra bilməmişlər.
Naxçıvan bu gün dinamik inkişaf edən qədim Azərbaycan torpağı, türk yurdudur.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva
Qələbə tariximizin parlaq səhifəsi.
2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, Zəfər ili kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazandı, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi Zəfərdən sonra qərinələr keçəcək, illər ötəcək, tarix isə bu şanlı Qələbəni xalqımızın taleyinin ən parlaq səhifəsi kimi heç vaxt unutmayacaq. Vətən müharibəsi Azərbaycan xalqının kimliyini, onun dövlətinin gücünü, nüfuzunu dünyaya bəyan etdi. Bu Qələbə xalqımızın gələcəyinə elə bir təməl yaratdı ki, onun üzərində Azərbaycan dövləti daim inkişaf edəcək, zənginləşəcək, dünya dövlətləri sırasında ən öndə gedəcək . Bu günü bizə Müzəffər Ali Baş Komandanımızın misilsiz cəsarəti və rəşadətli ordumuz nəsib etdi. Şəhidlərimiz bu möhtəşəm Qələbə tarixini öz qanları ilə yazdılar. Azərbaycan Qarabağa qovuşdu. Ata-babalarımızın qoruyub bizə saxladığı əvəzsiz miras, başımızın tacı, ruhumuzun yelkəni Şuşa əsirlikdən azad olundu.
Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı üçün yeni həyat, yeni tarix başlayır. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları, terror zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. 30 ildən sonra sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.
Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!
Tarix həmişə dəyişir və yeni-yeni səhifələri yazılır. Lakin tarixin parlaq səhifələri heç zaman unudulmur. Əslində tarix bəşəriyyətin, xalqların həyatının ən möhtəşəm, ən yaddaqalan və ictimai inkişafın gedişinə dərindən təsir göstərən hadisələrin xronikasıdır. Vətən müharibəsindəki Zəfər də məhz belə hadisələrdəndir. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm şanlı qələbə və onun müəllifi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin adı xalqımızın yeni tarixinin ən şərəfli səhifəsinə əbədi həkk olunubdur.
Cari ilin sentyabr ayında ermənilərin növbəti terror hadisələrinin qarşısı alınaraq 24 saat ərzində həyata keçirilmiş antiterror tədbirləri ilə Azərbaycanın rəşadətli ordusu yeni bir nümunə yaratdı. Yüksək peşəkarlıq nümayiş etdirən ordumuz qarşısında duran bütün strateji hədəflərə nail oldu və Azərbaycanın suveren əraziləri üzərində nəzarəti tam bərpa etdi.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə
“Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk.”
Sentyabrın 25-də dünyanın diqqəti Naxçıvan Muxtar Respublikasına yönəldi. Azərbaycana növbəti rəsmi səfərini edən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı Türkiyəni türk dünyası ilə birləşdirən Naxçıvanda dövlət başçısı cənab İlham Əliyev qarşıladı. Türkiyə Prezidentinin Naxçıvan səfəri zamanı iki dost, qardaş, müttəfiq ölkənin sarsılmaz birliyi, həmrəyliyi bir daha bütün dünyaya nümayiş etdirildi. Azərbaycan və Türkiyə prezidentləri Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra Azərbaycan-Türkiyə sənədləri imzalandı. Bu sənədlər iki dost, qardaş ölkə arasında əlaqələrin inkişafında möhkəm hüquqi baza olaraq əhəmiyyətli rol oynayacaq.
Sentyabrın 25-də imzalanan sənədlər bizi 2020-ci ilin 10 dekabr tarixində ölkəmizdə keçirilən Zəfər paradında iştirak etmək üçün Azərbaycana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfər çərçivəsində sənədlərin imzalanması mərasimindən sonra azərbaycanlı həmkarı İlham Əliyevlə mətbuata birgə bəyanatlarında səsləndirdiyi fikirləri yada salmağa çağırış edir. Qardaş ölkənin Prezidenti həmin gün qeyd etmişdi ki, bu gün atılan imzalar, əslində, simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcək.
Türkiyə şirkətləri bu gün azad Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində fəal iştirak edirlər. Türkiyə Prezidenti azad Qarabağa və Şərqi Zəngəzura ilk səfər edən dövlət başçısıdır. Azərbaycan və Türkiyə prezidentləri hər zaman bir-birlərinin yanında olmaqdan qürur duyurlar. Qarabağın və Şərqi Zəngəzurun hava qapıları olan Füzuli və Zəngilan Beynəlxalq aeroportları məhz Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakları ilə dünyaya açılıb. İki qardaş ölkə hər zaman birlik, həmrəylik çağırışları ilə dünyanın diqqətindədir. Dünya bu iki dost ölkənin timsalında qardaşlığın, müttəfiqliyin nümunəsini görür. Böyük öndərlər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikirləri bütün dövrlər üçün aktuallığını qoruyur, münasibətlərin yüksələn xətlə inkişafına bələdçilik edir. Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata birgə bəyanatları iki qardaş ölkənin münasibətlərinin dünəninə, bu gününə və gələcəyinə bir daha işıq saldı.
Zəngin tarixə, sıx dostluq, qardaşlıq münasibətlərinə əsaslanan Azərbaycan-Türkiyə müttəfiqliyinin daha da dərinləşməsi üçün geniş imkanlar mövcuddur. Bu münasibətlər liderlərin şəxsi münasibətlərinin, səmimiyyətin əsasında daha da möhkəmlənir. Dünyaya nümunə olan bu dostluğa edilən əlavələr, Azərbaycan-Türkiyə birliyi ümumilikdə türk dünyasının həmrəyliyinə böyük töhfədir. Zəngəzur dəhlizinin açılması türk birliyini daha da möhkəmləndirəcək.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova
Qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisə.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü, səsləndirilən fikirlər, imzalanan sənədlər dövlətlər və xalqlar arasında qardaşlıq və birliyin əbədi, sarsılmaz olduğunun ifadəsidir. Səfər zamanı İğdır – Naxçıvan qaz kəmərinin təməlinin qoyulması, Kars -Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolunun, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikintisi haqqında Əməkdaşlıq Sazişinin imzalanması, Naxçıvan Bərpa – istehsalat hərbi kompleksinin açılışı dünyaya bir daha göstərdi ki, Azərbaycan – Türkiyə strateji tərəfdaşdırlar və dövlətlərin, ölkə başçılarının dostluğu, həmrəyliyi hər iki ölkənin gələcək inkişafına böyük imkanlar yaradır, qüvvələri birləşdirir, birgə mübarizəyə yollar açır.
Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi dövlətlərin münasibətlərində tarixi rol oynamaqla, əməkdaşlığı yeni müstəviyə qaldırır və milli təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb etməklə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan bu gün nəinki Türkiyə ilə münasibətlərin möhkəmlənməsinə, eləcə də dünya dövlətləri, Avropa ölkələri ilə əməkdaşlığa böyük önəm verir. Türkiyə və Azərbaycan bu gün dünyada sülhün, əminamanlığın, əməkdaşlığın bərqərar edilməsi üçün bütün imkanlardan istifadə etməkdədir. Bu amal və əməl hər iki dövləti və rəhbərləri birləşdirir və xalqlarımızı xoşbəxt gələcəyə aparır.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova