Qənirə Paşayeva Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Kəmalə Abiyeva ilə görüşüb
Qafqazaz.com xəbər verir ki,Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Kəmalə Abiyeva ilə görüşüb. Kəmalə xanım “41” adlı yeni kitabını Komitə sədrinə bağışlayıb. Kitab 44 günlük Vətən Müharibəsində öz canını ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda mərdliklə vuruşaraq, qurban vermiş Astaralı şəhidlər haqqındadır. Q.Paşayeva K.Abıyevaya belə bir anlamlı kitab üçün təşəkkür edərək, onun yaradıcılığına yaxından bələd olduğunu, bu – 7-ci kitabının da oxucular tərəfindən maraqla qarşılandığına inam ifadə edib: “Sizin sözlərinizə tanınmış bəstəkarlar tərəfindən onlarla mahnı bəstələnib, sevilən müğənnilər tərəfindən ifa olunub. “Azərbaycan”, “Bakı haqqında nağıl”, “Müəllim”, “Məktəb illəri” və b. buna misaldır. Şəhidlərimiz haqqında sevərək, öyrənərək və öyrədərək yazdığınız bu esselər toplusu da oxucuların zaman-zaman müraciət edəcəyi bir qaynaq olacaq. Şəhidlərimizə rəhmət, yaralı qazilərimizə sağlamlıq arzulayır, sizin kimi vətəncanlı aydınlarımıza yeni yaradıcılıq uğurları diləyirəm. Qarşıdan gələn Novruz bayramınız mübarək olsun”! Komitə sədri K.Abıyevaya Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.