18.10.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Özəlləşdirmə çeklərinin yaratdığı çaşqınlıq: “Çek var, nə ata, nə də sata bilirlər”

Özəlləşdirmə çeklərinin yaratdığı çaşqınlıq: “Çek var, nə ata, nə də sata bilirlər”

Son zamanlar özəlləşdirmə çekləri ilə bağlı məsələ yenidən aktuallaşıb. Əksər deputatlar və ictimai nüfuzlu şəxslər hesab edirlər ki, bu çeklər yenidən tədavülə buraxılmalı və vətəndaşların tapdanan hüquqları bərpa olunmalıdır. Özəlləşdirmə ilə bağlı prosesdə dövlət öz funksiyallığından istifadə edərək, ədalət prinsipinin bərpasına nail olmalıdır.

Xatırladaq ki, 1996-cı ildə ulu öndər Heydər Əliyevin fərmanına əsasən, vətəndaşlara verilən özəlləşdirmə çeklərinin hər birinin dəyəri eynidir. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda infilyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır. Lakin hazırda çeklərin tədavülünün dayandırılması vətəndaşların haqlı narazılığına səbəb olub.

 

Ətraflı məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133/

Mövzu ilə bağlı “İnsan Hüquqları və Maarifçilik” ictimai birliyinin sədri Rəfail Becanov Qafqazaz.com-a açıqlamasında bildirib ki, o vaxtı paylanan özəlləşdirmə çekləri vətəndaşların haqqıdır və geri qaytarılması vacibdir:

 

“Özəlləşdirmə çeklərinin istifadə müddəti 2011-ci ildə bitib. Əslində bu özü absurddur. Ona görə ki, qanunda bu çeklərin müddətsiz olduğu bildirilirdi. Bu çeklər qiymətli kağızlar olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Lakin necə və hansı formada istifadə olunması ilə bağlı kütləvi məlumatsızlıq oldu. Ona görə də bir çoxu o çekləri “qara bazarda” satdı. İşbazlar, möhtəkirlər isə bu məlumatsızlıqdan öz xeyirlərinə istifadə edərək, həmin çekləri alıb, sonradan dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı böyük paylara sahibləndilər. Hazırda bu çeklərin əksəriyyəti yenə də həmin “işbazlar”ıın əlindədir. Lakin dövriyyədən çıxarıldığına görə istifadə edə bilmirlər. Ümumiyyətlə, özəlləşdirmə çekləri paylananda vətəndaşlara onun əhəmiyyəti, insanların bu çeklərdən necə istifadə etməsi ilə bağlı dolğun bilgi verilməliydi. Bu olmadığından vətəndaşlar düzgün istifadə qaydasını bilmədilər. Lakin hələ də bəzi vətəndaşlar o çekləri saxlayır. Çek var, nə ata, nə də sata bilirlər. Ona görə də bu prosesə yenidən şərait yaradılmasını vətəndaşların özəlləşmə prosesində iştirak hüququnun qaytarılması və müsbət hal kimi dəyərləndirmək olar. Əsas məsələ maarrifləndirmə, məsləhət mərkəzlərinin yaradılması və vətəndaşlara bu çeklərdən istifadə hüququnun öyrədilməsi, onlara istifadə hüququnu reallaşdırmağa şərait yaradılmasıdır. Təbii ki, adi vətəndaşın hansısa formada özəlləşdirilməyə çıxarılan əmlaklarda pay sahibi olması çox yaxşıdır. Amma bunu sözdə, yaxud vətəndaşa sadəcə çek verilməsi ilə yox, praktik olaraq icra etmək lazımdır”.

 

“İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsinə də toxunan Rəfail Becanova görə, xarici və ya yerli invenstor olmasından asılı olmayaraq, insanların hüquqları bərpa olunmalıdır:

 

“İlk növbədə hesab edirəm ki, həmin xarici və yerli investorların həmin çeklərə necə sahib olması araşdırılmalıdır. Çünki həmin çeklər “qara bazarda” satılan zaman mediada, ictimaiyyət arasında belə bir məlumat yayılmışdı ki, o çekləri maraqlı tərəflər qiyməti süni yolla qaldıraraq, əldə ediblər. Hansı investor ki, o çekləri doğru yolla əldə edibsə, onların hüquqları tanınmalıdır. İstər xarici, istərsə yerli investor olmasından asılı olmayaraq, qanunvericiliklə bu tənzimlənməli, hər kəsin haqqı özünə qaytarılmalıdır”.

 

“Müvəkkil” Hüquq Mərkəzinin sədri Səməd Vəkilov isə öz növbəsində qeyd edib ki, özəlləşdirmə çekləri paylanan zaman vətəndaşların məlumatsızlığından istifadə edən bəzi şəxslər insanların hüquqlarını kobud şəkildə pozublar. Bu, qanun pozuntusunun izləri isə hələ də qalmaqdadır:

 

“Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı vətəndaşlar arasında müxtəlif fikirlər var. Xüsusən də özəlləşdirmə çeklərinin istifadə olunması fonunda əldə olunan nəticələrlə razılaşmayanlar çoxluq təşkil edir. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanuna əsaslansaq, bu məsələ kompleks yanaşma tələb edir. Çünki vaxtilə torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı Aqrar İslahat Komissiyası da qanunsuzluqlara yol verib. Özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması vətəndaşların mülkiyyət hüququna sahib olmasına imkan yaradırdı. Mülki hüquq münasibətlərində iddia müddəti deyilən bir anlayış var. Bu anlayışa uyğun olaraq özəlləşmə prosesindən narazı qalan və əlində çeki qalan vətəndaşlar mülki qanunla müəyyən olunmuş müddətdə özəlləşdirməni həyata keçirən yuxarı orqana və ya məhkəməyə öz narazılıqlarını deyə bilərdilər. Zamanında bu hüquqlardan istifadə olunmadı. Təəssüf ki, özəlləşdirmə çeklərinin yenidən tədavülü vaxtında sözügedən prosesdə yol verilən qayda pozuntuları və sui-istifadə hallarının qarşısını almış olmayacaq”.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın