Müharibənin 44 gününün hər günü dərindən təhlil edildi və aparılmış təhlil imkan verdi ki, gələcək ordu quruculuğu effektiv təşkil olunsun
Müharibənin 44 gününün hər günü dərindən təhlil edildi və aparılmış təhlil imkan verdi ki, gələcək ordu quruculuğu effektiv təşkil olunsun.
Böyük Zəfərdən zaman ötdükcə qələbə ilə nəticələnən döyüşlərin bütün istiqamətlər üzrə gedişi, nəticələri, yaratdığı dəyişikliklər daha dərindən araşdırılır və öyrənilir. Vətən müharibəsi bundan sonra da əsrlər boyu xalqımızın ən böyük vətənpərvərlik tarixi, şanlı qəhrəmanlıq salnaməsi olacaqdır. Ali Baş Komandanımızın müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında olan şərəfli vəzifəsini layiqincə yerinə yetirdi. Azərbaycan Ordusunun şəxsi heyətinin Vətən müharibəsində nümayiş etdirdiyi döyüş ruhu, qələbə əzmi, igidlik və qorxmazlıq, müasir ümumqoşun döyüşünün aparılması taktikası, o cümlədən tətbiq etdiyi yeni nəsil silah, hərbi texnika və digər döyüş vasitələri şanlı Zəfərimizə verilən qiyməti daha da yüksək edir.
Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə zamanı,ölkə başçımız cənab İlham Əliyev ordu quruculuğu ilə əlaqədar bildirmişdir ki, “Biz heç nəyi unutmamışıq və unutmayacağıq. Ona görə müharibədən dərhal sonra bütün başqa bərpa işləri ilə bərabər, biz həmişə olduğu kimi hərbi sahəyə də fikir vermişik.Müharibədən sonra Türkiyə və İsrail şirkətləri ilə yeni, böyük kontraktlar imzalandı. Bəzi kontraktların icrası başlanmışdır, bəzi kontraktların icrası başa çatmışdır, bəzilərinin isə icrası davam edir”.
Ali Baş Komandan, Prezident cənab İlham Əliyev müşavirədə hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa, o qədər də vəsait ayrılacağını bildirdi. Bu o deməkdir ki, Azərbaycan Ordusunun daha da gücləndirilməsi əsas hədəflər sırasındadır.Hazırda düşməndən azad edilən torpaqlarımızı əzmlə, böyük ruh yüksəkliyi ilə qoruyan Azərbaycan Ordusunun daha da güclənməsi məqsədilə bütün işlər görülməkdədir. Bu sırada, həmçinin peşəkar hərbi kadrların hazırlanması, ordunun beynəlxalq standartlara uyğunlaşdırılması, sosial təminatının daha da gücləndirilməsi işlərini da qeyd etmək mümkündür. Müharibənin Azərbaycanın xeyrinə bitməsində öz sözünü deyən Ordumuzun postmüharibə dövründə gerçəkləşdirilən işlər nəticəsində güclənməsi üçün ortada siyasi iradə və yetərli iqtisadi gücü var.
Zərdab şəhər ümumi orta məktəbin direktoru – Rəqibə Məmmədova