Şuşa Bəyannaməsi qardaşlıq əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə çatdırdı
Şuşa Bəyannaməsi qardaşlıq əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə çatdırdı.
Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Təbii ki, öncə söhbət bölgədə əsrlərdir erməni məsələsi adı altında öz dövlət maraqlarını reallaşdıran aktorlardan və dövlətlərdən gedir. Bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar.
İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəlinib. Hər iki ölkənin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin həyata keçirilməsinə dair razılıq əldə olunması Azərbaycan və Türkiyə arasında münasibətlərin necə sıx və prinsipial olduğunun göstəricisidir.
Vüsalə Kərimova –Zərdab şəhər 1 saylı məktəb liseyn direktoru