Məqsəd azad olunmuş ərazilərdə inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır – Sevinc Hüseynova
Bu il Azərbaycanın BMT təsisatına üzvlüyünün 30 ili tamam olur və bununla bağlı ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçirilib və keçirilməkdədir. Mart ayında isə mədəniyyət paytaxtımız olan Şuşada BMT qrumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr olunmuş mühüm tədbir həyata keçirilmişdir.
Bunu “Yeni Gündəm”-ə açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O bildirib ki, 27 iyun tarixində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyada Prezident İlham Əliyev çıxış edərək bir daha qeyd etdi ki, “məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılır”
Deputat qeyd edib ki, bu işlər təbii ki, Azərbaycan dövləti üçün prioritet olan işğaldan azad olunan ərazilərdə həyata keçirilir çünki müharibədən sonra Azərbaycan dövlətinin məqsədi məhz 30 il ərzində öz dədə-baba yurdlarından didərgin düşmüş insanların öz ocaqlarına qaytarılmasıdır və bu işlər çox sürətlə və çox keyfiyyətli həyata keçirilir:
“Ölkə Prezidenti bu tədbirdə çıxış edərkən təbii ki, Azərbaycanın bu sahədə böyük təcrübəyə malik olduğunu da vurğulamışdır və buna çox gözəl bir misal kimi Bakı şəhərinin nümunəsini qeyd etmişdir , “ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirən şəhərdir”. Azad olunmuş ərazilərdə şəhərlərin baş planları hazırlanır və minalardan təmizləmə işləri həyata keçirilir. Bu ərazilərdə çox müasir infrastruktur layihələri həyata keçirilib və davam olunmaqdadır. Müasir texnologiyaları, müasirliyi özündə ehtiva edən “ağıllı kənd” “ağıllı şəhər”, “yaşıl enerji”, “sıfır tullantı” konsepsiyaları məhz azad edilmiş ərazilərdə tətbiq edilir.
Azad edilmiş ərazilər çox böyük ərazidir və burada 30 il ərzində Ermənistan bütün növ vandallığı törədib, şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Qələbədən sonra bu ərazilərə səfər edən diplomatlar, xarici jurnalistlər, beynəlxalq QHT nümayəndləri bunun şahidi olub və dağıntıların miqyasını öz gözləri ilə görüblər. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra isə Azərbaycan Ordusu orada bayrağımızı dalgalandırmaq üçün tikili tapa bilməyib”.
S.Hüseynova vurğulayıb ki, hazırda işğaldan azad edilmiş ərazilərdə sürətli və müasir tələblərə uyğun bərpa və yenidənqurma işləri həyata keçirilir: “Fərəhləndirici haldır ki, işğaldan azad edildikdən sonra Qarabağda və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri bir dəqiqə belə səngimir. Ermənistanın uzun illər davam edən işğalı zamanı ərazilərimiz tamamilə dağıdılıb, infrastruktur obyektləri yerlə yeksan edilib, tarixi-dini abidələr məhv edilib. Bütün bunlar bərpa olunur, məcburi köçkünlərimizin qayıdışı üçün pilot layihələr həyata keçirilir.Bu ilin may ayında ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir.
Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir.
Ümumiyyətlə Azərbaycan müasir beynəlxalq təcrübəni mənimsəməklə, müasir texnologiyanın yeniliklərini tətbiq etməklə yanaşı bu gün azad olunmuş ərazilərin, dağıntılara, vandalizmə məruz qalmış şəhərlərin və qəsəbələrin bərpa olunmasında dünyaya bir nümunə göstərir”.