21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANA DİLİMİZİN QORUNMASI ÜZRƏ SİYASİ XƏTTİNƏ SADİQLİK

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANA DİLİMİZİN QORUNMASI ÜZRƏ SİYASİ XƏTTİNƏ SADİQLİK

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANA DİLİMİZİN QORUNMASI ÜZRƏ SİYASİ XƏTTİNƏ SADİQLİK

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev bildirirdi ki, xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyil. Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə tariximizin, milli-mənəvi dəyərlərimizin, dilimizin və ədəbiyyatımızın qorunması prioritet məsələ olub. Dahi şəxsiyyət daim bu çağırışı edirdi ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bir ideya – azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməlidir. Bu çağırış özündə milli-mənəvi dəyərlərimizin, dilimizin, adət-ənənələrimizin inkişaf etdirilməsini, onların yad təsirlərdən qorunmasını özündə ehtiva edir. İnkaredilməz faktdır ki, hər bir xalqın, millətin təqdimatında onun dili əhəmiyyətli rol oynayır. Əbəs yerə deyilmir ki, bir milləti, xalqı məhv etmək istəyirsənsə, onun dilini əlindən al.

Azərbaycançılığın ən parlaq səhifələri ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründən etibarən yazılmışdır. Ümummilli Lider o dövrdə mövcud olan ideologiyanın qəlibləri çərçivəsində Azərbaycanda milli ruhun sıxışdırılmasına nəinki yol vermədi, əksinə, onu daha da yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacardı. Belə ki, respublika rəhbərliyinə gəldiyi ilk günlərdən ulu öndər Heydər Əliyevin gələcəyə hesablanan və milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili xüsusi diqqət mərkəzində idi. Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından sözün əsl mənasında böyük cəsarət tələb edən belə bir addım məhz gələcəyin müstəqil Azərbaycanı naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin ittifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasında ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri – bütün bunlar ulu öndər Heydər Əliyevin gələcək müstəqil milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələri idi.

Azərbaycan xalqı tarixinə sahib çıxan, milli-mənəvi dəyərlərini, dilini qoruyan və inkişaf etdirən xalq kimi tanınır. Dövlətimizin qeyd olunan istiqamətlərdə atdığı addımların və əldə edilən uğurlarının nəticəsidir ki, ölkəmiz 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etdi. Hər bir beynəlxalq tədbir iştirakçı ölkələrin malik olduğu imkanların, əhatə etdiyi mövzu baxımından əldə etdiyi uğurların və təcrübənin təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan qeyd olunan tədbir ölkəmizin tarixinə, mədəniyyətinə bağlılığını nümayiş etdirdi. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tədbirdəki çıxışında bir daha bu məqamı diqqətə çatdırmışdır ki, Azərbaycanın UNESCO-nun dəyərlərinə və ideallarına bağlılığı onun milli hüdudlarından kənarda da öz təzahürünü tapır. Son illərdə dünya mədəni irsin qorunması sahəsində apardığımız fəaliyyətin coğrafiyası genişdir. Mədəni irs bizi bəşəriyyətin şanlı tarixinə aid olduğumuzu birlikdə düşünməyə vadar edir.

Azərbaycançılığın  əsas tərkib hissəsi olan Azərbaycan dilinin qorunması və saflaşdırılması istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlər davamlılığı ilə diqqət çəkir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini  tapdı. Ulu öndər Heydər Əliyevin çıxışlarında bu çağırış xüsusi yer tuturdu ki, digər dilləri də öyrənmək lazımdır, amma əvvəl öz ana dilimizi öyrənək, onu qoruyaq, yad təsirlərə salmayaq. “Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir”, – söyləyən Ümummilli Lider onu da bildirirdi ki, ana dilini bilməmək, ana dilini qiymətləndirməmək şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir.

Ulu öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə sadiqlik son 18 ildən artıq dövrün reallıqlarında öz əksini tapır.  Prezidentimiz cənab  İlham Əliyev tərəfindən  Azərbaycan dilinin qorunmasına xidmət edən Dövlət Proqramı təsdiqləndi və uğurlu nəticələr göz önündədir. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Prezidentimiz cənab  İlham Əliyev 2013-cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq etdi. Bu, milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisə kimi dəyərləndirildi. Dövlət Proqramının icrasında məqsəd Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılması idi. Atılan bütün bu addımların əsasında Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi dayanır. Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, Azərbaycan dilinin saflığının qorunmasında mətbuatımız öz sözünü davamlı şəkildə deməlidir.

Ulu  Öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” tezisi hər birimizin həyat amalına çevrilməli, dilimizin yad təsirlərdən qorunmasına öz töhfələrimizi verməliyik.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru- Könül Rəhimova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın