Dövlət başçısı İlham Əliyevin çıxışı tarixi Zəfərimizin reallıqlarının bir daha Şuşadan dünyaya təqdimatı oldu
Dövlət başçısı İlham Əliyevin çıxışı tarixi Zəfərimizin reallıqlarının bir daha Şuşadan dünyaya təqdimatı oldu
Noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizə gedən yoldan bəhs edərək bildirdi ki, 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilib. Vətən müharibəsinə qədər atılan hər bir addım bir amala xidmət edirdi ki, torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq: “Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq. Düşmənə elə sarsıdıcı zərbə endirdik ki, bu günə qədər özünə gələ bilmir.
Torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə edilən 2003-2020-ci illərdə Azərbaycan iqtisadi qüdrətini artırdı, dünya birliyində yeri və mövqeyini möhkəmləndirdi, ordu quruculuğu istiqamətində mühüm addımlar atdı, eyni zamanda, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi prioritet məsələ oldu. Ölkəmizdə milli birlik, həmrəylik daha da gücləndirildi. Tarixi Zəfərimiz bir daha bu uğurlarımıza işıq saldı. Bu illər ərzində Qarabağ münaqişəsinin həlli ilə bağlı möhkəm hüquqi bazanın yaradılması istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində üstünlük qazanmağımızda əhəmiyyətli rol oynadı. Azərbaycan xalqı yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi.”
Dövlət başçısı İlham Əliyevin çıxışı tarixi Zəfərimizin reallıqlarının bir daha Şuşadan dünyaya təqdimatı oldu. Azərbaycan Ordusunun gücündən, qüdrətindən, döyüş ruhundan bəhs edən Müzəffər Ali Baş Komandan iki ilə yaxın müddətdə tikilib istifadəyə verilən Zəfər yolu ilə Şuşaya yaxınlaşanda hərbçilərimizin qəhərəmanlığının, şücaətinin şahidi olduğumuzu bildirdi. Çünki bu yol Azərbaycan əsgərini Qarabağın tacı Şuşaya aparırdı. O zaman hərbçilərimiz dağlardan, cığırlardan bu məsafəni qət edərək Şuşaya yaxınlaşmışdılar. Dastana çevrilən Şuşa əməliyyatı bu gün dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində müzakirə edilir, təhlillər aparılır. Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq mədəniyyət paytaxtımız olan Şuşanı işğalçılardan azad etdilər. Artıq bu gün Zəfər yolu hər kəsi Şuşaya qovuşduraraq daim Vətən oğullarının qəhrəmanlığını xatırlamağa çağırışlar edir. Füzuli-Şuşa yolunun Zəfər yolu kimi dəyərləndirilməsinin rəmzi mənası vardır. Qələbəmizin carçısı olan bu yolun təməli dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən 6 gün sonra, 16 noyabr 2020-ci ildə Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulmuşdur. Ötən ilin noyabrında isə Zəfər yolu istifadəyə verildi.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri