22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Almaniya ilə Azərbaycan sağlam və rasional münasibət sərgiləyən iki tərəfdaş ölkədir

Almaniya ilə Azərbaycan sağlam və rasional münasibət sərgiləyən iki tərəfdaş ölkədir

Almaniya ilə Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan bir- birini başa düşən, sağlam və rasional münasibət sərgiləyən iki tərəfdaş ölkədir

Bu münasibətlərin qurulmasında, indiki arzuolunan səviyyəyə qalxmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. Belə ki, Ulu Öndərin 1996-cı ildə Almaniyaya rəsmi səfəri zamanı ölkələr arasındakı əməkdaşlıq geniş şəkildə müzakirə mövzusu olmuş, bundan sonra müdafiə, siyasi, terrorizmə qarşı mübarizə və digər sahələrdə uğurlu əməkdaşlığın əsası qoyulmuşdur.

Prezident İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Olaf Şoltsla görüşləri olduqca səmərəli keçdi. Diqqətçəkən məqamlardan biri də Almaniya Kansleri Olaf Şoltsun mətbuata bəyanatındakı fikirləri idi. Cənab Şoltsun qeyd etdiyi kimi, Azərbaycan Almaniya, eləcə də Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Bununla yanaşı, kansler həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün Azərbaycanın böyük potensialı olduğunu, eyni zamanda bərpa olunan enerji üzrə əməkdaşlığın aktuallığını vurğuladı.

Prezident İlham Əliyev çıxışında Avropa İttifaqı-Azərbaycan əlaqələrindən danışaraq bildirdi ki, bu qurumla imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun sürətlə icra olunması ölkəmizin niyyətinin göstəricisidir. Prezident bir daha bəyan etdi ki, Azərbaycan Avropa məkanına qaz ixracatını artırmaq haqqında düşünür. 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac etdiyimiz halda, bu rəqəm təqribən 12 milyard kubmetrə çatacaq. Azərbaycan lideri gələcək illərdə də ixrac coğrafiyamızı Avropada genişləndirmək niyyətində olduğunu bildirdi. Dövlətimizin başçısı regional təhlükəsizlik məsələlərinə də toxunaraq qeyd etdi ki, Ermənistana 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Cənab Prezident ümidvar olduğunu söyləyərək qeyd etdi ki, Ermənistan bu şansı qaçırmayacaq və bununla da, Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaq.

Səfər çərçivəsində ölkəmizin başçısının Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü də olduqca maraqla izlənildi. 30-a yaxın almaniyalı iş adamı ilə davam edən görüşdə respublikamızda iqtisadiyyatın, onun imkanlarının, habelə ölkəmizdə yaradılmış əlverişli biznes mühitinin təşviqi baxımdan uğurlu alındı.

Prezidentin söylədiyi kimi, ölkəmizdə bərpa olunan enerji növlərinin birgə işlənməsi və istismarı istiqamətində gözəl imkanlar var və bunun fonunda gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, həmçinin, “yaşıl enerji” ixrac edən ölkəyə də çevriləcək.

Azərbaycanda geniş biznes imkanlarının olduğunu diqqətə çatdıran dövlət başçısı alman iş adamlarını ölkəmizə dəvət etdi və Almaniya ilə Azərbaycan arasında müzakirə olunan sahələrdə güclü tərəfdaşlığın olacağına əminliyini ifadə etdi.

Rəşad Mahmudov sonda bildirib ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri və lider kimi qarşılanması, keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq miqyasda siyasi və iqtisadi qüdrətinin nümayişi idi: “Bir sözlə, ölkə başçısının son səfəri regional güc olan Azərbaycanın dünyanın aparıcı ölkəsi kimi siyasi proseslərə fəal şəkildə qoşulmasının təsdiqi kimi qəbul olunmalıdır”.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın